Azərbaycan niyə üzən məzənnə rejiminə keçə bilmir? – SƏBƏBLƏR

Azərbaycan niyə üzən məzənnə rejiminə keçə bilmir?  – SƏBƏBLƏR
Üzən məzənnə rejiminə keçidin vacib olması ilə bağlı təkliflər yenidən səsləndirilir. Millət vəkili Vahid Əhmədov bildirib ki, manat gec-tez sərbəst buraxılacaq və tam üzən məzənnəyə keçiləcək.
 
Bəs, tezliklə üzən məzənnəyə keçid mümkündürmü?

Sfera.az xatırladır ki, Azərbaycanda 2015-ci ilin dekabrın 21-dən 2017-ci ilin əvvəlinə qədər üzən məzənnə rejimi tətbiq olunub. Amma son 5 ildə məzənnə sabitdir və üzən məzənnə rejimi tətbiq edilmir.

Ölkəmizdə üzən məzənnə rejiminin tətbiq edilməməsinin obyektiv səbəbləri var. Üzən məzənnə sabit olmayan məzənnədir. Bu rejimdə məzənnə valyuta bazarında tələb və təklifin dəyişməsinə uyğun olaraq müəyyənləşir.

Üzən məzənnə rejiminə keçmək üçün ölkənin iqtisadiyyatı şaxələnməli, ixrac müəyyən məhsul qruplarından asılı olmamalı, çeşidli olmalıdır. Bunlarla bərabər ölkə daxilində valyuta bazarı şaxələnməlidir, çoxlu subyekt dollar satmalıdır. Eyni zamanda ölkə daxilində dollarla bərabər digər aparıcı valyutaların alış və satış intensivliyi yüksək olmalıdır.

Azərbaycan hazırda belə imkana sahib olmadığından üzən məzənnəyə keçə bilmir.

Mövcud vəziyyətin təhlili göstərir ki, ölkəmizin ixracdən əldə etdiyi gəlirin böyük hissəsi xammal satışı hesabına formalaşır. Biz xaricə xam neft, təbii qaz, müxtəlif əlvan metallar, qara metallar, kənd təsərrüfatı məhsulları satırıq, əvəzində əsasən istehlak malları və aralıq məhsulları alırıq. İxrac etdiyimiz məhsullar xammal təyinatlı məhsullardır və onların ixracda payı 95 faizdən çoxdur.

Beynəlxalq təcrübəyə əsasən, ixracında xammalın payı 50 faizi ötən ölkələrdə sabit məzənnə rejimindən istifadə edilir.

Üzən məzənnəyə keçiddə digər məqsəd ixracda rəqabət üstünlüyü qazanmaqdır. Xammal satan ölkələrdə milli valyutanın ucuzlaşıb və ya bahalaşması ixracı dəstəkləmir. Xammal təyinatlı məhsulların əksəriyyətinin dəyəri ölkədə milli valyutada yox, beynəlxalq bazarlarda dollarla müəyyənləşir. Buna görə də pul nə qədər ucuzlaşsa və ya bahalaşsa da ixrac artmır.

İxracı dəstəkləməməsi bir yana qalsın, üzən məzənnə rejimində milli valyutanın dəyişkənliyi daxildə proqnozlaşdırılmayan qiymət dəyişikliyinə səbəb olur. Belə ki, pul ucuzlaşanda daxildə bahalaşma güclənir, pul bahalaşdıqda isə idxal daha da artır.

Buna görə də Azərbaycan üzən məzənnə rejiminə keçə bilmir. Bunun üçün ilk növbədə ixrac şaxələndirilməlidir, qeyri neft-qaz sektorunun ixracda payı 50 faizi ötməlidir və daxildə çoxlu subyekt xarici valyuta satmalıdır. Bu şərtlər daxilində Azərbaycan da üzən məzənnə rejiminə keçəcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR