Azərbaycan hansı məhsulların ixracından rüsum alır? - SİYAHI

Azərbaycan hansı məhsulların ixracından rüsum alır? - SİYAHI
Dünyada bir çox ölkə idxal əməliyyatları ilə yanaşı bəzi ixrac əməliyyatlarını da gömrük rüsumuna cəlb edir. Məsələn, Rusiya 2021-ci ildən əsas taxıl məhsullarının və emal edilməyən ağacın ixracından gömrük rüsumu alır. 

Sfera.az bildirir ki, ixrac əməliyyatlarına gömrük rüsumunun tətbiq edilməsində bir neçə məqsəd olur. Daxili ehtiyatların qorunması, yerli istehsalın ucuz xammala təmin edilməsi, emal sənayesinin inkişaf etdirilməsi, hətta ekoloji amillər də ixraca rüsum tətbiq edilməsinə zəruri hala çevirə bilər. 

Bəs, Azərbaycan, ixrac zamanı hansı malları gömrük rüsumuna cəlb edir? 

Rəsmi məlumatlara əsasən, Azərbaycan bəzi məhsulların ixracından gömrük rüsumu alır. Amma bu malların siyahısı geniş deyil. Çünki ölkəmizin ixracı azçeşidlidir, eyni zamanda neft, qaz və neft məhsullarını nəzərə almadıqda ixracımızın dəyəri də azdır. Mövcud vəziyyət nəzərə alınaraq ixracın artırılması üçün əməliyyatlara əlavə məsrəflər yaradılmır. Bununla belə bəzi malların ixracı dövlət qurumlarının tövsiyəsinə əsasən gömrük rüsumuna cəlb edilir. Həmin mallara ixrac rüsumunun tətbiq edilməsində əsas məqsəd onların ixracının qarşısını almaqdır. 

Azərbaycandan bir çox ağac (xammal şəklində) məhsullarının ixracından yüksək gömrük rüsumu alınır. Ağac məhsullarında rüsumun məbləği bir kub metr üzrə 1000 dollardır. 

Məlumdur ki, ölkəmizin ərazisinin 11 faizi meşələrdən ibarətdir. Meşə örtüyünün sahəsinin az olması meşələrin qorunmasını zəruri etdiyindən ağac kəsimi çətinləşdirilib. Bu kompleks tədbirin tərkib hissəsi kimi ağac ixracına da məhdudiyyyət tətbiq olunub. 

İxracına rüsum tətbiq edilən digər məhsul iribuynuzlu və xırdabuynuzlu mal-qaranın təzə dərisidir. Növündən və ölçüsündən asılı olaraq təzə dərinin bir tonunun ixracına 150, 350 və 500 dollar məbləğində rüsum tətbiq edilir. Bu qərarın qəbul edilməsində məqsəd ölkəmizdə gön-dəri emalı sahələrinin inkişafıdır. Nazirlər Kabineti təzə dəri ixracına rüsum tətbiq etdikdən sonra ölkəmizdə gön-dəri emalı və ixracı artıb. Bu ilin 8 ayında Azərbaycan təxminən 7 milyon dollar dəyərində gön-dəri ixrac edib. Lakin bu qərar heyvan kəsimi və ətin satışı ilə məşğul olan şəxslərin gəlirini azaldıb. Nazirlər Kabinetinin qərarına qədər ölkə daxilində inək naxırına aid olan iribuynuzlu heyvanların dərisinin 1 kiloqramının qiyməti 1-1,2 manat idi. Hazırda dərinin bir kiloqramının alış qiyməti 30-40 qəpikdir. Buradan aydın olur ki, ixrac rüsumunun tətbiqi iri istehsalçıların marağına uyğun olsa da, kiçik istehsalçı və ət kəsimi ilə məşğul olanların gəlirinə mənfi təsir göstərib. 

Adıçəkilən məhsullardan başqa saflaşdırılmamış mis, elektrolitik saflaşdırma üçün mis və digər mis məhsullarının hər tonu üçün gömrük rüsumu 15 dollar təşkil edir. Qərara əsasən, mis məhsulların ixracına 10 faiz, lakin bir tona 300 dollarından az olmamaqla tətbiq edilə bilər. Mislə bağlı verilən qərar bu ilin sentyabrında qüvvədən düşəcək. 

Qeyd edək ki, daxili bazarı qorumaq üçün bəzi kənd təsərrüfatı məhsullarına mövsümi xarakterli gömrük rüsumları da tətbiq edilir. İndiyə qədər soğan, kartof və kələmə ixrac gömrük rüsumunun tətbiq edilməsi təcrübəsi olub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR