Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız TƏHLÜKƏ ALTINDADIR?

Azərbaycan 55 milyon dollarlıq palma yağı idxal edib: Sağlamlığımız TƏHLÜKƏ ALTINDADIR?
Azərbaycanda 2014-cü ildə 28,561 milyon dollar dəyərində 47 602 ton, 2019-cu ildə 40,85 milyon dollar dəyərində 59 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyərində 64 500 ton palma yağı idxal edilib. Bir ildə palma yağının idxalı 5 150 tondan çox, son 7 ildə isə 16 900 ton artıb.

Yağ gündəlik istifadə etdiyimiz əsas məhsul olduğundan, onun keyfiyyəti hər kəsi narahat edən məsələdir. Digər tərəfdən palma yağları ilə bağlı fikirlər birmənalı deyil. Onun zərərlərinin də olduğunu qeyd edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, palma yağları iki cür olur: 

"Qida üçün onun toxumundan hazırlanan və sənaye məqsədilə gövdəsindən hazırlanan palma yağları. Bu yağlar əsasən müsəlman ölkələri olan İndoneziya və Malayziyada istehsal olunur. Palma yağı bitki yağı olaraq çox ucuz qiymətədir və MDB məkanına daxil olan zaman duru yağ biznesinə ciddi təsir edib. Həmçinin MDB məkanında Rusiyadan qaynaqlanan ictimai basqı var. Belə ki, istehlakçıları bu yağdan uzaq tutmaq üçün bilərəkdən əleyhinə ciddi kampaniyalar aparılır. Palmanın toxumundan hazırlanmış, qida üçün olan yağlar normaldır və  Avropa bazarında da rahat, açıq şəkildə satılır. Üstəlik İsveçrədə istehsal olunan körpə qidalarının tərkibində də palma yağları var”.

Ekspert bildirib ki, sənaye məqsədli yağların qida kimi istifadə edilməsinə nəzarət olunmalıdır: 

"Sənayedə əsasən bu yağlardan parfümeriya, sabunların istehsalında istifadə olunur. Düşünürəm ki, AQTA bu məsələyə ciddi nəzarət edir. İstisna etmirəm ki, onlar səhvə yol verər. Azərbaycanda şübhəsiz ki,  bu yağlara tələbat olduğuna görə idxal edilir. Hansı sahələrdə istifadə olunması isə araşdırılmalıdır”.

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov saytımıza açıqlamasında dedi ki,  palma yağı dünyanın 33 faizini təmin edir:

"Amma faydalı və ya zərərli olması istifadə olunma yerindən asılıdır. Palma yağından kosmetik vasitələrdə istifadə olunan zaman faydalıdır. Bu yağdan  şokoladlarda, biskivitlərdə, tortlarda, hazır şorbalarda, çipsilərdə və müəyyən qida məhsullarının hazırlanmasında geniş istifadə olunur. Bunun da ziyanları qaçılmazdır. Ümumdünya Səhiyyə Təşkilatı etiraf edir ki, palma yağının faydalı olduğunu əks etdirən elmi məqalələrin 50 faizini Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayırlar. Yəni bunu insanların yağdan istifadə zamanı qorxmaması üçün istehsalçılar edir. Rafinə olunmamış palma yağları faydalıdır. Avropa Qida Təhlükəsizliyi Birliyi palma yağının 200 dərəcədən yuxarı temperaturda rafinə edildiyi halda digər bitki yağlarından daha çox xərçəng meydana çıxardığını açıqlayıb. Bu cür yağlar trans yağlardır”.

Qida texnoloqu bildirib ki, palma yağlarının rəngini, qoxusunu dəyişmək üçün rafinə edilir: 

"Yağların tərkibi hidrogen, karbon və oksigendən ibarətdir. Burda əsas molekul hidrogen və karbondur. Sənayedə istifadəsi üçün doymuş yağ əldə edilən zaman 200 dərəcə temperaturda olan palma yağına hidrogeni püskürdəndə bağlar tərs yapışır. Ona görə də buna trans yağ deyilir və bu da insan orqanizmi üçün birmənalı olaraq zərərlidir. Mütəxəssislərin fikrincə, belə olduğu halda, bu yağlar  ürək-qan damar sisteminə, mədəaltı vəziyə müəyyən fəsadlar törədə bilər”.

Müsahibimizin sözlərinə görə, dünyada süni meşə yanğınlarının törədilmə səbəbi də  palma ağaclarının əkilməsidir:

"O cümlədən yaşı 500-dən çox olan ağacları kəsib atırlar və  onun yerinə palma ağacları əkirlər. Onun da ömrü 50-60 ildir. Həkimlər təsdiq edir ki, rafinə olunmuş palma yağı ateroskleroz əmələ gətirən qandakı pis xolesterinləri artırır.  Bunu ÜST də təsdiqləyir. Normal bitki yağlarına baxanda – qarğıdalı, günəbaxan, zeytun – bunların faydası var. Hansı bitki yağı olur-olsun onu zərərli edən 200 dərəcədən yuxarı temperaturda rafinə olunması və hidrogen püskürdülməsidir. Azərbaycanda bəzi mütəxəssislər palma yağını tərifləyirlər. Sabah onlardan soruşsaq, rafinə olunmamış palma yağından danışdıqlarını bildirəcəklər. Amma bəzilərinin bununla bağlı maraqlı var. Ümumiyyətlə, qidadan anlayışı olmayan adamın qidadan danışması düzgün deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR