\"Artıq tükənmişəm, işləyə bilmirəm\", - deyənlər MÜTLƏQ OXUSUN

\
Hazırda yaşadığımız dövrdə insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir. Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı psixoloji narahatlıqlara da yol açır.

Hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri "Artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm...", - kimi şikayətlər edirlər. Xüsusən də yay mövsümündə. Həmçinin onlarda səbəbsiz yerə əsəbilik, duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.

Hətta mediada da məşhur aktrisaların, modellərin öz işlərindən, belə deyək, təngə gələrək ayrılmaları barədə xəbərlər vaxtaşırı olaraq yer alır. Mütəxəssislər isə bütün bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.

Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.

Ümumdünya Sağlamlıq Təşkilatı isə hazırladığı hesabatda tükənmişlik sindromunu çox işləməklə bağlı ortaya çıxan həddindən artıq duyğusal yorğunluq və bunun nəticəsində iş və öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirib.

Tükənmişlik sindromunu depressiya ilə qarışdırmayın

Bəs depressiya ilə tükənmişlik sindromunun fərqi varmı? Bu, bir xəstəlikdirmi? Ümumiyyətlə tükənmişlik adlandırılan bu sindromdan yaxa qurtarmaq mümkündürmü? Milli.Az lent.az-a istinadən mövzu ilə bağlı psixoloq Orxan Orucun fikirlərini təqdim edir. Psixoloq deyib ki, tükənmişlik sindromu, başqa sözlə "burn out" və ya yanma sindromu 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır: "Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür".

İşdə ədalətsizlik "burn out"-u qaçılmaz edir

Psixoloq bildirdi ki, tükənmişlik sindromunun əsas yaranma səbəbi dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir: "Yəni vəzifə artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək, komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi, ədalətsizlik, aşırı məsuliyyət və bənzər səbəblər "burn out"-u qaçılmaz edir".

İş yerinin dəyişdirilməsi də sindromu aradan qaldırmır...

Sindromun insan psixologiyasına, orqanizminə fəsadları ilə bağlı məlumat verən O.Oruc söylədi ki, əksər vaxt tükənmişlik sindromunun olması hər hansı fizioloji problemlərlə bağlı həkimə müraciət zamanı aşkarlanır: "Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Davamlı olaraq bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq ala bildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur. Bəzən iş yerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir. Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu vəziyyətin davam etdiyi hallarda baş verir".

İşdən sonra telefonu bir kənara qoyun

Orxan Oruc deyir ki, "Burn out" xəstəliklərin beynəlxalq təsnifatında xəstəlik kimi qeydə alınmayıb. Yəni rəsmi olaraq bu, xəstəlik deyil. Ancaq yenə də tükənmişlik sindromuna ciddi yanaşılmalı, mümkün olan bütün profilaktik tədbirlər həyata keçirilməlidir: "Bəzən "burn out"un depressiyaya bənzər əlamətlərini gizlətmək üçün daha çox iş görməklə, daha çox məsuliyyətin altına girməklə başlarını qatmağa çalışırlar. Lakin bu, təbii olaraq tükənmişlik sindromuna məruz qalma prosesini və onun ağır nəticələrinin yaşanılmasını daha da sürətləndirir".

Mütəxəssis məsləhət verdi ki, tükənmişlik sindromunun daha öncə sadaladığımız əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, e-mail və telefonlar bir kənara qoyulmalıdır: "Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli, adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha da uğurlu olmasına stimul verir".

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...