Ankara-Kiyev yaxınlaşması Rusiyanı qıcıqlandıracaqmı? - ŞƏRH

Ankara-Kiyev yaxınlaşması Rusiyanı qıcıqlandıracaqmı? - ŞƏRH
"Moskva anlayır ki, Ukraynaya görə ABŞ-la olan münasibətlə, Türkiyəyə olan münasibəti eyniləşdirsə, bu onun ziyanına işləyəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında imzalanan 20 maddəlik müqavilənin bəzi müddəalarının Ankara ilə Moskva arasında mövcud olan sıx əməkdaşlığa necə təsir edəcəyinə aydınlıq gətirərkən politoloq Nəsimi Məmmədli deyib:

"Ukrayna məqsədyönlü şəkildə Moskva ilə gərginliyi artırır. Sanki Rusiyanı öz maddi resurslarını daha çox işğalçılıq siyasəti üzərində xərcləməyə təşviq edir”.
 
Politoloq hesab edir ki, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq sahəsi çox genişdir və hər iki tərəf üçün xeyli dərəcədə uğurludur: "Son dövrlər açıq şəkildə görünür ki, Ankara Moskva münasibətlərində geosiyasi rəqabət də formalaşmaqdadır. Həmçinin hərbi-iqtisadi rəqabət elementləri də burada özünü göstərir. Türkiyə iqtisadiyyatında Rusiyanın çəkisi çox böyükdür. Hərbi, enerji, ticarət, turizm sahələrində yaranan ciddi əlaqələr nəticəsində hər iki tərəf bu münasibətlərdən böyük qazanc əldə edir. 2019-cu ildə Türkiyəyə Rusiyadan 7 milyona yaxın turist gəlib. Hətta 2020-ci ildə pandemiya dövründə şimal ölkəsindən Türkiyəyə 3 milyondan çox turist səfər edib”.
 
Bununla belə, ekspert vurğuladı ki, Türkiyənin Ukrayna ilə yaratdığı əlaqələrdə Ankara ilə Moskva arasında gərginlik yaradacaq müəyyən amillər də var: "Ankaranın Kiyevlə istiləşən münasibəti Kremli ciddi narahat edir. Xüsusən də Rusiya ictimai rəyində bununla bağlı ciddi etirazlar səslənməkdədir. Rusiya mətbuatı Türkiyədə pandemiyanın artması səbəbilə ora səfərlərin dayandırılması kampaniyasını aparır. Bu da Ukrayna-Türkiyə münasibətlərilə bağlı ortaya atılan siyasi təzyiq kampaniyasıdır”.
 
Buna baxmayaraq,  politoloq vəziyyətin Moskva ilə Ankara arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracağını düşünmür. Həmsöhbətimizə görə, Kiyevlə olan bu münasibətlər Rusiyaya qarşı yönəlməyib: "Türkiyə geosiyasi maraqları səbəbindən Ukrayna ilə də münasibətləri üstün səviyyədə  saxlamağa çalışır. İki ölkə arasında strateji dostluq münasibətləri mövcuddur. Son günlər hərbi-ticari müqavilələrin yenilənməsi də göstərir ki, bu münasibətlər uzunmüddətli və davamlıdır. Belədə, Türkiyə Rusiyaya onu izah etmək imkanındadır ki, Kiyevlə münasibətləri Moskvaya qarşı yönəlməyib”.

N. Məmmədli bildirdi ki, Rusiya Ankaranın həmin addımını anlayışla qarşılamağa məhkumdur: "Kremldə də anlayır ki, Ankaranın bu addımı ictimai rəydə bəzi gərginlik yaratsa da, ABŞ-la olan münasibətlə Türkiyə ilə olan münasibəti eyniləşdirmək olmaz. Ona görə də Ankara-Kiyev anlaşmasının Türkiyə Rusiya münasibətlərinə ciddi zərər verəcəyi qənaətində deyiləm”.
 
Elçin
 
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR