Agentlik leş ətlə mübarizədə acizdir-ekspert

Agentlik leş ətlə mübarizədə acizdir-ekspert
"Qida Təhlükəsizliyi Agentliyi nə qədər ki, ictimai dəstək almayıb öz məhdud və zəif resursları ilə leş ətlərin satılşına qarşı mübarizədə dönüş yarada bilməyəcəklər” 
Sfera.az-a açıqlamasında bu sözləri şəhərin müxtəlif məkanlarında çirkli və ucuz ətin satılmasına dair jurnalist araşdırmalarına münasibət bildirərkən "Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov deyib: 

"Azad İstehlakçılar Birliyi” 20 ilə yaxındır ki, bu vəziyyətlə mübarizə aparır. İllər öncə gecə saatlarında gedərək "Təzə Bazar”ın alt qapısında çirkli və leş ətlərin satıldığını müşahidə etmişəm. Bununla bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışam. Hətta belə ətlərin gətirildiyi yeri də müəyyən etmişdim. Lakin bu sahədə hələ də radikal dəyişikliyin olduğunu görmürük. Bu sahədə ən ciddi işi, yəni çirkli və leş ətlərin satışının qarşısının alınmasını Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi görür. Lakin təəssüf ki, onlar da bu işi ardıcıl olaraq aparmır. Bütün hallarda həmin neqativ halın aradan qaldırılması Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. 
 
Qida Təhlükəsizliyi Agentliyi (QTA) isə bu məsələnin öhdəsindən gələ bilmir, yaxud gəlmək istəmir. Ölkədə leş yığanlar mafiyası var.  Kəndlinin murdar olmuş heyvanını ucuz qiymət alıb, aparıb müxtəlif yerlərdə satışını həyata keçirirlər. Təəssüf edirəm ki, iki il öncə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi də çıxış edərək üzərində məlumatın verilməsi şərtilə hər cür əti satmağın mümkün olduğunu bildirib. Bu mövqe ilə razı deyiləm. 
Murdar ət heç kəsə satılmamalıdır. Belə hallar baş verdikdə, onun qarşısı alınmalıdır. Qida Təhlükəsizliyi Agentliyi nə qədər ki, ictimai dəstək almayıb öz məhdud işçilərilə prosesdə dönüş yarada bilməyəcək. Resursları zəif olduğundan yaranan problemin də öhdəsindən gələ bilmirlər. Ona görə də dəfələrlə əməkdaşlıq etməklə bağlı təklif vermişik. Lakin agentlik ictimaiyyətlə əlaqə qurmaqdan yayınır." 

Qeyd edək ki, bu günlərdə jurnalist Eynulla Fətullayev Qida Təhlükəsizliyi Agentliyini  "leş mafiyası”na himayəçilikdə suçlayan yazı yazaraq həmin qurumu Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı kimi təqdim edib. Onun qeyd etdiyinə görə, paytaxtın bir sıra ərazilərində hələ də ucuz qiymətə çirkli və leş ətlər satılmaqdadır. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR