“Adminstrasiya rəhbərinin əvvəlki səlahiyyətləri yoxdur” – Ekspertdən yeni təyinata reaksiya

“Adminstrasiya rəhbərinin əvvəlki səlahiyyətləri yoxdur” – Ekspertdən yeni təyinata reaksiya

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Yeni təyinatın dövlət idarəçiliyinə hansı müsbət təsirlərinin ola biləcəyinə dair Sfera.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Politoloq hesab edir ki, Samir Nuriyevin yüksək vəzifəyə təyinat almasında cavan kadr olması, prezidentin ona güvənməsi böyük rol oynayıb:


"Prezident Adminstrasiyası rəhbərinin funksional vəzifələri indi bir qədər kiçilib. Prezident köməkçiləri institutunun yaradılması ilə həmin vəzifənin əvvəlki miqyası müəyyən qədər azalıb. Bundan sonra adminstrasiya rəhbəri yalnız prezidentin fərmanlarına və yerlərdə həmin fərmanların icrasına nəzarət edəcək. Halbuki vaxtı ilə Prezident Administrasiyasının rəhbərinin kifayət qədər ciddi səlahiyyətləri vardı”.

 

Politoloq həyata keçirilən cavanlaşdırma siyasətini bəyəndiyini söyləsə də prosesin bütün sahələri əhatə etməsini istəyir: "Cavan kadrların irəli çəkilməsini alqışlayıram. Amma bir şərtlə ki, bu siyasət bütün sahələrdə aparılsın. Amma hələ ki, 29 il rektor vəzifəsini tutan 92 yaşlı adamı nədənsə yerindən tərpənmək istəmirlər. Həmçinin yaşlı ombudsmanımız da vəzifəsi ilə vidalaşmağa tələsmir. Təkrar edirəm ki, kadr islahatlarının aparılması son dərəcə zəruri və təqdirəlayiqdir, amma islahatlar bütün sahələrdə - təhsildə, nazirliklərin orta aparat heyətində, icra hakimiyyəti orqanlarında da aparılmalıdır. Çalışmaq lazımdır ki, cavan kadrlarla nisbətən yaşlı və təcrübəli nəsillər arasında bağ yaradılsın, gənc nəsil yaşlı nəslin təcrübəsindən yararlana bilsin”.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR