Müsahİbə

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və  dayanıqlı iqtisadiyyat formalaşdırır”
 
Dünyanı bürümüş COVID-19 koronavirus infeksiyası, demək olar ki,
bütün ölkələrdə iqtisadi fəallığı aşağı salıb. Bəs iqtisadiyyatın
mərkəzində qərar tutan bank sektoru bu vəziyyətdən necə çıxacaq?
Suallarımızı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Abbas İbrahimov cavablandırır:
-Abbas müəllim, yaranmış son vəziyyət bankların fəaliyyətinə öz
təsirlərini necə hiss etdirir?
- Bir tərəfdən, COVID-19 pandemiyası, digər tərəfdən də neftin qiymətinin
ucuzlaşması nəticəsində ümumən dünya iqtisadiyyatında yeni bir dövr başlanıb.
Azərbaycan iqtisadiyyatı da beynəlxalq iqtisadiyyatın bir hissəsidir, üstəlik, neft
ixrac edən ölkə kimi bizim üçün neftin qiyməti əhəmiyyətli rol oynayır. Ona görə
iqtisadiyyatın müxtəlif seqmentləri, o cümlədən bank sektoru üçün müəyyən
risklər ortaya çıxır.
Bununla belə, vəziyyət adekvat şəkildə idarə olunmaqdadır. Azərbaycan
hökuməti son prosesləri kifayət qədər hazırlıqlı qarşıladı və mümkün risklərin
minimallaşdırılması üçün müvafiq tədbirlər görülür.
Bildiyiniz kimi, hələ martın 19-da Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev qlobal məkanda baş verən son proseslərin ölkə iqtisadiyyatına,
makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq
subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair
sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin
maliyyələşdirilməsinə dövlət büdcəsindən lazımi vəsait ayrılıb.
Artıq iqtisadiyyatın müxtəlif seqmentlərinə dövlət dəstəyi üçün hazırlanan
proqramlar barədə mətbuata və cəmiyyətə açıqlamalar verilib. Proqramların
maliyyə həcmi – 2,5 milyard manatdır, bu da iqtisadiyyatın həcmi ilə müqayisədə
MDB məkanında və regionda dövlətin yaranmış yeni şəraitlə bağlı ölkə
iqtisadiyyatına ən böyük dəstək paketidir.
Proqramlar hazırlanarkən fəaliyyət sahələrinin təsnifləşdirilməsi, yəni ən çox
zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr,
minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrin müəyyən
edilməsi də məsələyə yüksək peşəkarlıqla yanaşmanın, hər bir detalın nəzərə
alınmasının göstəricisidir.
-Bildiyimiz qədər bu proqramların bir qismi sırf bank sektoru ilə
əlaqədardır...
-Bəli, proqramlardan bəziləri məhz bank sektoru ilə əlaqədardır. Bunlardan
biri pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin mövcud kredit portfeli üzrə dəstəkdir. İndiki şəraitdə bu
sahibkarların ödəniş yükünün yüngülləşdirilməsi və kredit portfellərinin
keyfiyyətinin qorunub saxlanması çox mühümdür. Təbii ki, bu məsələdə xüsusi
meyarlar tətbiq ediləcək. İndiyədək intizamlı ödəyici olan sahibkarların mövcud
faiz yükünün böyük bir hissəsinin, 10% bəndinin subsidiyalaşdırılması və

Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsi onlar üçün
böyük bir dəstək olacaq.
Bank sektoru ilə bağlı digər önəmli proqram isə yenə bu sahələrdə fəaliyyət
göstərən sahibkarlara yeni verilmiş kreditləri əhatə edir. Burada dövlətin ikili
dəstəyi var. Yəni dövlət həm yeni ayrılmış kreditlərin 60%-ə zəmanət verir, həm
də yenə bu kreditlərin faizlərinin yarısını, maksimal 7.5% bəndinədək hissəsini
subsidiyalaşdırır. Bu isə o deməkdir ki, dövlət həm real sektorun, zərər görmüş
sahibkarların böhrandan sürətlə çıxmasına şərait yaradır, həm də bankların
fəaliyyətində risklərin minimallaşmasına, sektorda canlanmaya dəstək verir.
Bir sözlə, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz
vətəndaşlarının, iş adamlarının yanındadır. Onlara dəstək olmaq üçün zəruri
iqtisadi və maliyyə resurslarına malikdir. Ümid edirik ki, həm dünya, həm
Azərbaycan iqtisadiyyatı görülən tədbirlər sayəsində tezliklə bu sınaqdan da
çıxacaq.
-Dövlət ipoteka kreditləri ilə bağlı da müəyyən tədbirlər planlaşdırır.
Bu tədbirlər ipoteka bazarında nələri dəyişəcək, Azərbaycan Beynəlxalq
Bankının bu istiqamətdə planları nədir?
- İpoteka kreditləşməsi, tikinti sektorunun maliyyələşdirilməsi Azərbaycan
Beynəlxalq Bankı üçün çox mühüm biznes istiqamətidir, bu istiqamətdə böyük bir
kredit portfelinə sahibik. Bank bu sahədə zəngin təcrübəyə malikdir.
Biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan proqramlardan biri də
məhz ipoteka kreditlərinə dəstək proqramıdır. Bu proqram çərçivəsində görülən
işlər ölkəmizdə tikinti sektorunu və bu sektorla əlaqəli digər biznes sahələrini
canlandıracaq. Çünki bu gün tikintilərdə istifadə edilən materialların əksər hissəsi
yerli istehsaldır. Proqramın eyni zamanda sosial tərəfi də çox əhəmiyyətli çəkiyə
malikdir. Bununla, vətəndaşların mənzil təminatı yaxşılaşacaq, sektora cəlb olunan
yeni əmək qüvvəsi məşğulluq məsələlərinə köməklik göstərəcək.
İpoteka kreditləşməsi ilə bağlı hədəflər bizim 2022-ci ilə qədər nəzərdə
tutulmuş strateji inkişaf planımızda da özünə yer alır. Biz yeni dönəmdə ipoteka
kreditlərinə dəstək proqramının biznes üçün yaratdığı imkanlardan istifadə edib bu
istiqaməti inkişaf etdirəcəyik.
-Azərbaycan Beynəlxalq Bankı özü yaranmış son vəziyyətlə bağlı hər
hansı daxili tədbirlər həyata keçirirmi?
-Pandemiya təhlükəsi ilə əlaqədar hazırda ölkədə karantin rejimi tətbiq
olunur və bu dönəmdə bizim atdığımız əsas addımlar müştərilərimizin,
əməkdaşlarımızın sağlamlığının qorunması ilə bağlıdır. Hazırda Azərbaycan
Beynəlxalq Bankında Böhranın İdarə edilməsi Mərkəzi yaradılıb. Çalışırıq ki, bank
xidmət və məhsullarının müştərilərə çatdırılmasının həm fasiləsizliyini təmin edək,
həm sağlamlıq məsələləri ilə bağlı lazımi tədbirləri görək, həm də müştərilərimizə
bir çox xidmətlərimizdən evdə qalaraq məsafədən onlayn qaydada istifadə imkanı
yaradaq. Bu imkanı daha da genişləndirmək üçün fiziki şəxs müştərilərimiz üçün
yaxın günlərdə yeni və daha təkmil Mobil Bank tətbiqimizi istifadəyə verəcəyik.
Bundan başqa, sahibkar müştərilərimizə məsafədən hesab açmaq imkanı
yaradacağıq, xidmətlərimizin rəqəmsallaşdırılması yönündə layihələrimizi bundan
sonra daha sürətli şəkildə reallaşdıracağıq.

-Son durum bank sektoru üçün, ümumən nələri dəyişə bilər?
-Düşünürəm ki, son qlobal proseslərdən sonra nəinki bankların, ümumən
əksər biznes subyektlərinin fəaliyyət modellərində müəyyən dəyişikliklər baş
verəcək. Bütün sınaqlarına, çətinliklərinə rəğmən, yeni dövr biznes üçün həm də
yeni fürsətlərlə dolu bir mərhələ olacaq. Sadəcə, prioritetlərə yenidən baxmaq
lazım gəlir. Daha çox rəqəmsal yönümlü xidmətlərə fokuslanmaq indi bir
zərurətdir. Bundan başqa, banklar nağdsız dövriyyənin dəstəklənməsindən ötrü,
daha genişmiqyaslı tədbirlər görməli olacaqlar. Ümumilikdə, bankların öz
strategiyalarına yenidən baxması vacibdir. Çünki trendlər dəyişir, gözlənilməz
durumlar yaranır, risklərin özləri belə yenilənir, yeni risklər ortaya çıxır.
-Yaranmış vəziyyət Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf
strategiyasının icrasına təsir edəcək?
-Bizim strategiyamızda sahibkarlığın dəstəklənməsi, rəqəmsallaşma,
innovasiyaların tətbiqi onsuz da geniş yer alır. Bankın bütün fəaliyyət istiqamətləri
üzrə müasirləşdirilməsinə doğru təşəbbüslər nəzərdə tutulur və bu istiqamətdə
ardıcıl layihələr icra olunur. Azərbaycan Beynəlxalq Bankının həm maliyyə
dayanıqlığı, həm hazırlıq səviyyəsi bu gün yaranmış vəziyyətdən minimal itkilərlə
çıxmağa imkan yaradır. Bankın stabil mövqeyi, mümkün neqativ təsirlərə qarşı
dayanıqlılığı ilə bağlı məqam Moody#39;s Beynəlxalq Reytinq Agentliyinin ölkəmizin
bank sektoru ilə bağlı bu günlərdə yaydığı son təhlildə də öz əksini tapıb. Təbii ki,
müəyyən layihələrimizə yenidən baxmalıyıq, xüsusilə bir çox innovativ
təşəbbüsləri, rəqəmsal kanallara miqrasiya proseslərini daha tez bir zamanda
reallaşdırmalıyıq. Bundan başqa, yeni bazar reallıqlarına uyğun yeni məhsullar
düşünməliyik. Bütün bunlar baş verənlərə adekvat reaksiya üçün inkişaf
strategiyasına yenidən baxılmasını tələb edir.
Ümumən, hazırlanmış dövlət proqramlarının məzmununa da diqqət yetirsək,
görərik ki, nəzərdə tutulan tədbirlər, dəstək proqramları indiki mərhələdən sonrakı
Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsini təsvir edir. Məqsəd təkcə
yaranmış müvəqqəti problemin təsirlərini minimallaşdırmaq deyil. Hökumət dəstək
proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır.
Bu proses ölkəmizdə ötən illərdən aparılan köklü islahatlarla başlanıb və
indi daha da sürətlənib. Ölkəmizin sağlam və dayanıqlı maliyyə-bank sisteminə
malik olması da bu prosesin əsas hədəflərindəndir. Sektorun aparıcı banklarından
olan Azərbaycan Beynəlxalq Bankı da bu sistemdə öz layiqli yerini tutmaq,
inkişafın bir parçası olmaqdan ötrü üzərinə düşənləri yerinə yetirəcək.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031