“50 yaşdan sonra yaşamağa dəymir” - Əməkdar artist - FOTO

“50 yaşdan sonra yaşamağa dəymir” - Əməkdar artist - FOTO

Sfera.az  Əməkdar artist Füzuli Hüseynovun qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Siz özünüz Füzuli Hüseynovu necə təqdim edərdiz?

- Adam, adi bir insan, Əməkdar artist və peşəsini soruşmaq istəyirsinizsə, Akademik Milli Dram Teatrının aktyoru.

- Füzuli Hüseynov deyəndə "Spartak", "Spartak" deyəndə isə Füzuli Hüseynov yada düşür. Bu xatırlatma sizə nə dərəcədə xoşdur?

- Görünür ki, peşəmizlə bağlı hansısa aktyor hansısa roluna görə tanınır. Məni də bu rola görə tanıyıblar, hərçənd ki, televiziya filmlərində, tamaşalarında çoxlu rollarım olub. Amma kino daha tez insanı populyar etdiyi üçün... Yəqin ki, cavan vaxtı kinoda, demək olar, yeganə iş o olduğuna görə o da yadda qalıb. Vəssalam.

- Başqa obrazınızla yadda qalmaq istərdiniz?

- Yəqin ki... Mən hələ hər şeyin bitdiyini hesab etmirəm. Çox güman ki, irəlidə başqa işlər olacaq, insanlar "Spartak"ı bir kənara qoyacaqlar və yəqin ki, normal adla yadda saxlayacaqlar. Bilirsiniz, Həsənağa Turabovun nə qədər rolları olmuşdu, amma ona "Gəray bəy" deyirdilər və yaxud Məlik Dadaşova "Qəmlo" deyirdilər. Hər halda oynadıqlarının içində biri daha çox yaddaşlarda iz buraxdığı üçün bunu deyirlər. Normal baxıram.

Mənim üçün fərq etmir. Peşənlə bağlı təbii ki, hər hansısa bir obrazla yadda qalacaqsan. Amma "Spartak" kiçik bir rol olduğu üçün, elə bir böyük iş olmadığı üçün bir az bu haqda danışmağı çox sevmirəm.

- Niyə "Təhminə" filmi bu qədər müzakirələrə səbəb oldu? Ondan sonra saysız-hesabsız filmlər çəkilsə də, "Təhminə" bu günə qədər gündəmdədir və müzakirə olunur.

- Bilirsiniz, insan taleyi ilə bağlı olan hər hansısa bir problem hər zaman cəmiyyətin diqqətində olur. Orada bizim alışmadığımız, görmədiyimiz və ya görmək istədiyimiz, amma görmədiyimiz mühitdə bir qadının sevgi hekayəsindən, həyatından bəhs edilir. Boşanmış bir qadının gəncə olan sevgisindən və mühitin onu qəbul etməməsindən söhbət gedir. Belə şeylər həyatda, cəmiyyətdə çox olur. Bunun açıq şəkildə ekranlaşdırılması, göstərilməsi və onun dövrünün ən böyük rejissorlarından biri olan Rasim Ocaqovun tərəfindən ekrana gətirilməsi, eləcə də Anar kimi yazıçının "Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilməsi sayəsində hamının yaddaşında iz buraxan bir film kimi qaldı. Ümumiyyətlə, filmlərin ömrü çox uzun olmur. Ömrü uzun olan filmlər çox az-az olur. Nədənsə, bu "Təhminə" filminin ömrü çox uzun oldu. Bilmirəm, nə qədər yaşayacaq-yaşamayacaq. Hər halda insan taleyi, həyatı ilə bağlı problemlərin ortaya çıxması, cəmiyyətdə olan, amma hər adamın deyə bilməyəcəyi problemlərin ortaya çıxması cəmiyyətdə həmişə maraqla qarşılanır.

- Filmin mərkəzində bir qadın obrazı durur. O dövrün qadını ilə indiki dövrün qadınını müqayisə etsək, hansı fərqləri görərik? Bir tərəfdən qadın zorakılığı, bir tərəfdən...

- (Sözümü kəsərək-red.) Bilirsiniz, əslində mən qadın zorakılığı anlayışını heç çür qəbul etmirəm. O zaman kişilərə olan zorakılıqdan da danışılmalıdır. Əslində kişilər daha çox zorakılığa məruz qalırlar. Amma o dövrün "Təhminə"si qəhrəman idi. Bugünkü zamanımızda mən nə gəncliyə, nə dövrə tənqidi yanaşmıram, çünki inkişaf gedir. Biz də bizdən əvvəlkiləri bəyənməmişik, bizi də bizdən sonrakılar bəyənməyəcək, onları da onlardan sonrakılar. Bu, normaldır. Mənə elə gəlir ki, indi o haqda film çəkilməsi problem deyil, çünki cəmiyyət artıq açılıb, insanlar artıq dünyaya baxırlar. İndi bu mövzuya müraciət olunsa, elə bir maraq kəsb etməyəcək. Təbii ki, bu dövrün özünə aid problemləri var. Bunları da ortaya çıxaran olsa, yəqin, o maraqlı olacaq.

- Sizcə, indi nəyi deyə bilmirik, nəyi göstərmək lazımdır?

- Vallah, göstəriləcək hər şey göstərilir, amma keyfiyyət barədə problemlər var. Film çəkilməsi, seriallar... Artıq insanlar oxumaqdan əl çəkiblər, çünki hər şey əllərinin altındadır. Demək olar, televiziyalara da daha baxmırlar, çünki sosial şəbəkələrdə, yutubda və s. baxırlar. Bu günün özünə görə problemləri var. Mənə elə gəlir ki, sosial şəbəkələrin informasiya bolluğunun içində insanların talelərinin dağılması mövzusuna fikir verilir, çünki dəfələrlə görürük, eşidirik. Nakam məhəbbətlər, sosial şəbəkələrlə yazışmalar, faciələr, ailələrin dağılması... Mənə elə gəlir ki, cəmiyyət üçün bu mövzu daha maraqlı olardı, çünki bu günün problemidir. Tanımadığın bir adamla internet vasitəsilə tanış olursan, sevirsən, sevilirsən. Bunlara da düzgün yanaşma olmayanda, özünə və ümumi nəzarət olmayanda uşaqların, ailənin faciəsi ilə başa çatır. Bunlar bu gün üçün aktualdır. Gələcəkdə nə olacaqsa, onu gələcək həll edəcək. Biz dahi deyilik ki, bütün zamanlar üçün fikirlərimizi bildirək.

Ölkəmizlə o birilərin arasında çox qəribəliklər var. Bizim ölkədə qızlar mütləq varlı oğlana ərə getmək istəyir, ağ atı olsun... Birinci növbədə soruşduqları o olur ki, nəyi var, nəyi yoxdur. Başqa ölkələrdə, məsələn Rusiyada, mən heç vaxt belə şey görməmişdim. Heç Avropada da belə bir şey yoxdur. Orada oxuyan, yaşayan tanışlarımız, dostlarımız var. Orada insanın özünə qiymət verirlər, nəyi var, nəyi yoxa yox. Tutaq ki, sənin hər bir şeyin var, amma insan deyilsən. Necə yaşayacaqsan? Gəlin-qayınanaya gəldikdə isə, ayrılsınlar, ayrı yaşasınlar, hərənin öz evi olsun. Bizdə mentalitet deyilən şeylər var da. Mentalitet də deməzdim, adət deyilən şeylər var. Ata-ana üçün uşaq həmişə uşaqdır. Anamın 86 yaşı var. Həmişə demişəm, yenə də deyirəm, ağac götürüb vurur məni. Bapbalaca boyu var. Deyirəm, bəsdir ay ana, yekə kişiyəm. Belə şeylər. Bu, bizə aid normal şeylərdir.

- Televiziyalarda isə ümumiyyətlə, görünmürsünüz. Nədir sizə uzaq salan?

- Normal verilişlərə gedirəm. Sadəcə olaraq, mən şou adamı deyiləm və o verilişlərə çıxmıram. Bir də çox heyiflər olsun ki, addım-addım irəliyə getmək əvəzinə, qaçaraq geri getdiyimiz seriallar ortaya çıxır. Təbii, içində normal olanı da var. Hər halda bunları ayırmaq lazımdır, artıq ələkdən keçəsi dövrdür. Bunu professionala vermək lazımdır, çünki professional adamlar bir az sakit olurlar, özlərinə qapanırlar. Hər halda, onlardan xahiş etmək lazımdır ki, gəlib bu işi öhdələrinə götürsünlər. Ümumiyyətlə, bu kino, serial, teatr sahəsini çox normal yollarla yoluna qoymaq olar. O gün İctimai Televiziyada kino ilə bağlı problemlərdən danışırdılar. Hamının dediyindən belə çıxır ki, maddi tərəfimiz... Bu, doğrudur, çünki maddi tərəfimiz kəsrdədir, ona görə də alınmır. Hələ Lenin demişdi ki, incəsənət növlərinin içində ən bahalısı, qiymətlisi kinodur. Bu, bahalı peşədir, amma kinonun görə biləcəyi işi heç bir siyasətçi görə bilməz. Bu baxımdan mən bir neçə dəfə təklif etdim ki, bəzi Avropa ölkələrində olduğu kimi, dövləti bu yükdən azad etmək üçün bir fond yaradılır, adını nə istəyirsiniz qoyun. Hər satılan spirtli içki şüşəsindən 50 qəpik və hər çəkilən bir qutu siqaretdən 5 qəpik əlavə bu fond üçün verilir. Bunu da biz dostlarla hesabladıq, ayda hardasa 6-7 milyon pul edir. Bunu filmlərin çəkilişinə, gənclərin oxumasına xərclənir. Sonra professionallardan ibarət bir komissiya düzəldirsən, ssenarilər gəlsin, oxusunlar, fikirlərini bildirsinlər, yəni onlara maaş verərək bunları etmək olar. Təbii ki, bunu etməyəcəklər. Hətta özümü fondun rəhbəri kimi görürəm. Mənə 2-3 nəfər iqtisadiyyatı, mühasibatlığı bilən insan yetərlidir. Onlara da yaxşı maaş verəcəyəm, özümə də. Hər şey də açıq olacaq, onlayn - hara xərclənildi, niyə götürüldü. Təsəvvür edin, ayda 5-6 milyon pul yığılacaqsa, bununla nələr etmək olmaz. Səhv etmirəmsə, Avstriyada 17 teatr var, onların illik büdcəsi 15 milyon avrodur. Bizdə əvvəlki büdcədə ümumi mədəniyyət sahəsinə ayrılan məbləğ 6 milyona yaxın idi.  Bizdə də 27-28 teatr var. Dövlət yalnız maaşını verə bilər, amma qalan şeylərin hamısını bu fond edə bilər və işlək duruma gələ bilər, vergidən də azad olmalıdır. Zatən içkilər ölkəyə gələndə, satılanda onun vergisi tutulur, buradan da hər şüşədən 50 qəpik, hər qutu siqaretdən də 5 qəpik həmin fonda yığılır. Ən azı 1-2 ilə bu sahəni çox yüksək səviyyəyə qaldırmaq olar, çünki bacarıqlı gənclərimiz var. Onların hərəsinə 50 min pul verəcəksən ki, gedin 15-20 dəqiqəlik film çəkib gətirin. Şükür Allaha, Ramiz Fətəliyev, Ramiz Həsənoğlu, Şəfiqə Məmmədova sağ-salamatdır. Onlara bir yerə toplayıb bir komissiya yaradılsın. Hesab edin ki, Məmməd yox, Hüseynin filmi daha maraqlıdır. Onun inkişafı üçün nə lazımdır, deyək ki, Hollivuda, Bollivuda, "MosFilm"ə gedib 6 aylıq kurs keçməlidir. Onu maliyyələşdirmək olar, gedib öyrənib gəlsin. Hüseyn 6 aydan sonra gəlsin, ssenari versin, pulunu verək, filmi çəksin.

- Yenə də "Təhminə" ilə müqayisə etsək, açıq-saçıq səhnələr orada normal qəbul edilirdi, amma indikilər bir az vulqar görünür...


OXŞAR XƏBƏRLƏR