“2015-ci ilin acı təcrübəsi var” – Elman Rüstəmovun dollar açıqlaması ajiotajı zəiflətməyəcək

“2015-ci ilin acı təcrübəsi var” – Elman Rüstəmovun dollar açıqlaması ajiotajı zəiflətməyəcək

"Mərkəzi Bankın valyuta bazarı ilə bağlı açıqlaması dollar ajiotajının azalmasına kömək etməyəcək. Bunun səbəbi Mərkəzi Banka qarşı olan inamsızlıqdır. Mərkəzi Bank zamanında kommunikasiya imkanlarından düzgün istifadə etməyib. İnamsızlıq həm biznesdə, həm də əhalidə yaranıb. İnsanların yaddaşında 2015-ci ilin acı təcrübəsi var”.


Bu sözləri son günlər valyuta hərraclarında dollara artan tələbi və bununla bağlı Mərkəzi Bankın açıqlamasını sfera.az-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

 

Qeyd edək ki, yanvarın 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 142,2 milyon ABŞ dolları təşkil edib. Sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 yanvar 2021-ci il tarixində keçirilib) müqayisədə 2 dəfə və ya 71,6 milyon dollar artıb. Mərkəzi Bank hərracda dollara tələbin artmasını manatın ucuzlaşması ilə bağlı son günlər mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərlə əlaqələndirib. Qurum bəyan edir ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

 

Xatırladaq ki, 2015-ci ildəki devalvasiya öncəsi də Mərkəzi Bank, onun sədri Elman Rüstəmov tərəfindən manatın ucuzlaşmayacağına dair çoxsaylı açıqlamalar verilmişdi.

 

Bəs, bu dəfə Mərkəzi Bankın bəyanatı valyuta bazarında yaranan ajiotajı zəiflədə biləcəkmi?

 

R.Həsənov Mərkəzi Bankın kommunikasiya imkanlarından devalvasiyadan sonra düzgün istifadə etməyə başladığını və öz xətasını düzəltmək istiqamətində müəyyən addımlar atdığını söyləyib. O qeyd edib ki, 2017-ci ilin sonlarından başlayaraq Mərkəzi Bank konyuktura uyğun açıqlamalar verdi və bununla yenidən özünə qarşı inamı yaratmağa çalışıb:

 

"Amma istənilən halda cəmiyyətimizdə narahatlıq qalır və bunun təsiri ilə yanvarda dollar ajiotajı yaranıb. Çünki iqtisadi baxımdan manatın məzənnəsinə təzyiqlər var. Buna baxmayaraq hökumət dollar manat məzənnəsini sabit saxlamaq qərarını verib. Dövlət büdcəsi hazırlanarkən kurs 1,7-dən götürülüb.

 

Manatın məzənnəsinin sabit qalması yalnız ABŞ dolları ilə olan məzənnədə müşahidə edilir. Lakin digər valyutalara nəzərən manat ucuzlaşır. Manatın ucuzlaşması ABŞ dollarının ucuzlaşması ilə bağlıdır. Çünki manatın xarici valyutalara qarşı olan məzənnəsi ABŞ dollarına nəzərən müəyyənləşdirilir. Dollar ucuzlaşanda manat da ucuzlaşır”.

 

Ekspert ajiotajın bazarlara təsir imkanlarının 2020-ci ilin martındakı qədər güclü olmayacağını da bildirib: "Valyuta bazarına inzibati müdaxilə güclüdür. Məsələn, xaricə valyutalarda köçürmələrdə məhdudiyyətlər tətbiq edilir. Yaxud, hazırda banklardan asanlıqla valyuta almaq mümkün deyil. Hazırda inzibati yolla bazara, dollara olan tələbə müdaxilə var. Biznes subyektləri və insanlar lazımı qədər valyuta tapa bilmir.

 

Düşünürəm ki, Mərkəzi Bankın açıqlamasının ajiotajın azalmasına təsiri olmayacaq. Amma ən azından ilin ikinci yarısına qədər Mərkəzi Bank məzənnəni qoruyub saxlayacaq.

 

Həm də nəzərə alın ki, hazırda neftin qiyməti 55 dollar ətrafında dəyişir ki, bu da büdcədəki qiymətdən 40 faiz çoxdur. Neftin bahalaşması valyuta daxilolmalarını artırır. Bu da hökumətin əlində yaranan təzyiqləri neytrallaşdırmaq imkanı yaradır”.

 

Vasif

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR