Zamanın keçmədi yer: Bura diri qəbiristanlıqdır, ölüləri də ayda bir dəfə ziyarətə gedirlər... - Rusiya həbsxanasından REPORTAJ

Zamanın keçmədi yer: Bura diri qəbiristanlıqdır, ölüləri də ayda bir dəfə ziyarətə gedirlər... - Rusiya həbsxanasından REPORTAJ
Azadlıq dünyanın ən şirin nemətidir. Təəssüf ki, bəziləri bunu yalnız azadlığını itirib, dəmir barmaqlıqlar arxasına düşəndən sonra dərk edir. Onda isə artıq hər şey çox gec olur. Həbsxana...  Bəlkə də həbsxanalar o yerlərdir ki, orda zamanla insan üz-üzə qalır. Zamanın ən çox duyulduğu yerdir bura.
 
Haqqında söhbət açacağım insan təxminən 30 il bundan öncə işləmək adı ilə Rusiyaya   üz tutub, sonradan başqa işlərlə məşğul olaraq həbs olunan, hazırda isə Krasnodar şəhərində 2 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən məhbus 45 yaşlı Mustafayev Taryel Hikmət oğludur (ad şərtidir-red.).
 
Sfera.az həbsxana həyatına məhkum olmuş 45 yaşlı Taryelin həyat hekayəsini təqdim edir:
 
- İlk olaraq özünüzü təqdim edin...
- Mustafayev Taryel Hikmət oğlu. 45 yaşım var, Yevlax rayonundanam. Bu qədər... (gülümsəyir)
 
- İlk dəfə Rusiyaya necə gəldiniz?
- İlk dəfə Rusiyaya 16 yaşımda gəlmək qərarı verdim. Cavan oğlan idim, kim nə deyirdi, həvəslənirdim. Elə bura gəlməyədə həvəsə düşdüm. Qonşu uşaqları məni şirnikləndirdi ki, "ay bağ belə, bostan belə". Mən də evdə atamla danışdım. Atam icazə vermirdi, anam ağlayırdı. Qorxurdular, axı buralarda bizim kimimiz var idi ki. Yiyəsiz adam idim də, başıma hansısa pis hadisənin gələcəyindən   narahat idilər. Amma mən onların   sözünə qulaq asmadım. Qonşu uşaqlarına qoşulub gəldim.
 
 
 
 
- Bura gəldiniz. Bəs, nə işlə məşğul oldunuz?  
- Təxminən bir aya yaxın şəhərdə gəzib-dolaşdım. Sonra düşündüm ki, belə olmaz. Bir işin qulpundan yapışmalıyam. Gəldim bazara, bazarın vəziyyətinə baxana xod tapıb, yer aldım. Başladım meyvə-tərəvəz alveri eləməyə. Əvvəl-əvvəl vəziyyətim yaxşı idi, evə də pul göndərirdim, tez-tez də əlaqə saxlayırdım. Ancaq anam hər telefonla danışanda ağlayırdı, "çıx, gəl, heç nəyin lazım deyil", deyirdi. Atam möhkəm incimişdi. Bir müddət danışmadı, sonradan anam barışdırmışdı.
 
 
  
Gözləri dolur, bir anlıq susur. Başını aşağı dikib, söz tapmır danışmağa. Mən isə fikrini yayındırmaq üçün növbəti suala keçid edirəm...
 
- Deyirsiniz ki, bura gəlməyinizə ailəniz razı deyildi. Bəs, indi necə, düşünürmüsünüz ki, haqlı imişlər?
- Əlbəttə! Kaş ki, gəlməzdim. Bilsəydim başıma bu cür hadisələr gələcək,   bir addım belə atamın, anamın yanından ayrılmazdım (doluxsunur). İndi anam üçün elə darıxıram ki... Burnumun ucu göynəyir. Bəzən evimizdə ailəmlə bərabər keçirtdiyim günlər yadıma düşür. O həyətdə oynamağım, qaçmağım, yavan çörək yeməyim, bir sözlə hər şey. Və səhv etdiyimi dərk edirəm.
 
 
 - Bəs, necə oldu həbs oldunuz?
Kövrəlir,  gözləri pəncərəyə dikilib, uzaq yol çəkir...
 
- Neçə il azadlıqdan məhrum etmə cəzasına məhkum olmusunuz?
- 10 il. Dörd ildir burdayam, altı ilim qalıb. Ona da Allah kərimdir! Hələ ki, həbsxana həyatı yaşayıram.
 
- Bir sual verim, amma səmimi cavab verin. Etdiyiniz əməllərdən peşmansınızmı?
- Həbs olunandan sonra əlbəttə ki, peşman olursan. Həbsxana deyəndə əvvəlcə ağla "razborkalar", söz-söhbətlər yada düşür. Türmədi də, hər gün bir hadisə olur. Ölən kim, itib-batan kim, "razborka" çürüdən kim... Gərək, "ponyatkan"olsun, hər hərəkətivə diqqət edəəsən, səhv "dopuskat" etməyəsən. Amma əvvəlkinə nisbətən dəyişiklik çoxdur, əvvəlin "zakonları” yoxa çıxıb. Belədə ki, hərə öz dərdini "çalxalayır”, bir-birinə ürək-dirək verir. Əslində bura həyat məktəbidir. Bilmədiyini, görmədiyini burda görüb, bilirsən. Burda zamandan ağır heç nə hiss olunmur, 1 dəqiqə bizə 1 il kimi keçir.
 
- Cinayətlər kifayət qədər "rəngarəngdir”. Rüşvət almaqdan tutmuş, qısqanclıq zəminində qətl törədənə qədər... Hər kəs bura düşməkdə peşmandır. Azadlıqdakı hər dəqiqənin burda qiyməti bilinir.
 
 
- Ailəniz həbsdə olduğunuzu bilirmi?  Və ya bilirsə, əlaqə saxlaya bilirsiniz?
- Bəli, tez-tez əlaqə  saxlayıram. Ancaq azadlıqdakı əlaqənin yerini vermir. Burda dustaqların yanına ayda bir dəfə gələnlər olur. Mənim buralarda heç kimim yoxdu deyə telefonla əlaqə saxlayıram. Həm də ən çətin vəziyyət burda ola-ola yaxınkarından hansınınsa ölüm xəbərini eşitməkdir. Quş kimi çırpınırsan, gedə bilmirsən. Bir söz deyim, məni qınamayın. Bura diri qəbiristanlıqdır. Ölüləri də ayda bir dəfə ziyarətə gedirlər. Bizdə də belədir. İndi ölülərlə nə fərqimiz var?
 
- Burda bir aləm olur. Oda "Vorovskoy" aləmdi.  Gərək, özünü gözləyəsən. Belə, qalan hər şey normaldı, buranın ən çətin həsrəti doğmalarından kənarda olmağındı. Burada olmağın bir çətinliyi də odur ki, anamı görə bilmirəm, digər dustaqlar kimi dalımca gəlib-gedənim yoxdur. Anamgilin mənim yanıma gəlmələri üçün çox pul lazımdı. Ona da onların imkanı yoxdur (kövrəlir).
 
- Həbsinizin səbəbini bilmək olar?
- Hə, "krupnı" narkotiklə yanmışam.
 
 
 
- Cəzanız bitdikdən sonra Azərbaycana dönmək fikriniz varmı?
-  Var! Bircə valideynlərimin yanına getmək üçün tələsirəm. Sonra necə olacağını zaman göstərəcək. Ən əsası da burdan çıxandan sonra həm maddi, həm də mənəvi dəstək lazımdır. Çünki təzədən nəsə etmək üçün mütləqdir ki, pulun olsun
 
-  Son olaraq bizim vasitəmizlə ailə üzvlərinizə ürək sözləriniz nədir və ya nə demək istərdiniz?
-  Anama deyin, bağışlasın məni, atama deyin ki, ölsəm, meyitimi buralarda qoymasın (gözləri dolur).
 
Söhbəti burada yekunlaşdırırıq. Səhvinə və nəfsani istəklərinə özünü qurban etmiş Taryeli tək başına buraxırıq. Növbə ilə tikanlı məftillərin kəmər kimi dolandığı qalın divarların o üzündəki məhbuslara bir udumluq azadlıq havası, soyuq divarlar, pəncərə və uzaqlara dikilən gözlər...
 
Söhbət etdi: Yaqub Əliyev
Qələmə aldı: Gülnarə Eynullaqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...