Xəstəxanalar Səhiyyə Nazirliyindən niyə alındı? – Şərh

Xəstəxanalar Səhiyyə Nazirliyindən niyə alındı? – Şərh
 

Baş nazir Novruz Məmmədov "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, bu ilin sonunda yüzlərlə xəstəxana nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB-ə veriləcək. Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla "Yeni Sabah”a danışarkən qeyd edib ki, bir qurumun içində başqa bir qurumun yaradılmasına heç bir lüzum görmür:

"Bilirsiniz, bu, dövlət aparatının, idarəetmənin optimallaşdırılması prinsipinə ziddir. Dövlət xəstəxanaları Səhiyyə nazirliyinin tabeliyində ona görə qalmalıdır ki, burda gedən müalicə işlərinə, tibbi fəaliyyətə nəzarət olsun. Əlbəttə, Səhiyyə nazirliyi də öz funksiyasını normal icra etməlidir. Mərkəzi məsləhətverici, məşvərətverici, istiqamətləndirici orqan olmalıdır, adminstrativ orqan yox. Digər tərəfdən bütün xəstəxanalar – özəl, dövlət – bunlarda gedən müalicə işinə nəzarət edən qurum Səhiyyə nazirliyi olmalıdır. Bu qurumlar beynəlxalq protokollarla, ölkədə icazə verilən metodlarla və.s öz fəaliyyətini qurur ya qurmur. İkincisi, icbari tibbi sığortaya bağlı olaraq ayrıca bir qurum yaratmağa ehtiyac yoxdur. 

Sosial Müdafiə Fondu var və onun tərkibində də bunu qurmaq lazımdır. Necə ki, Türkiyədə sosial güvənlik qurumu var. Əlavə qurumlar yaratmaq, onları maliyyələşdirmək – bütün bunlar indiki dövrdə əlavə xərclərdir. Hesab edirəm, dövlət aparatının, idarəetmənin optimallaşdırılması istiqamətində işlər görülməlidir.  Bununla bağlı beynəlxalq təcrübə var. Biz niyə özümüzdən Amerika kəşf etməliyik? Bu cür qurumların yaranmasının işin effektivliyini artıracağına inanmıram”.

A.Qeybulla bildirib ki, yeni qərarı islahat hesab etmək olmaz: 

"Əgər bu qanun qüvvəyə minəcəksə, Səhiyyə nazirliyi nəyə lazımdır? Xəstəxanaların hamısı yox, bir qrupu ayrılıb  ona tabe olmalıdır, bir qrupu yaradılan qurumda qalmalıdır. Belə başa düşürəm ki, bütün bunlar şəxsi münasibətlər zəminində baş verən hadisələrə oxşayır, nəinki, istahatlara. Biz beynəlxalq təcrübəyə istinad etməliyik. Azərbaycan balaca ölkədir. Ən azından Türkiyənin, qonşu ölkələrin təcrübəsi var. 

Yoxsa hansısa abstrak, nəticəsi bilinməyən bu cür qurumların yaranması - hətta eksperiment deyərdim – Azərbaycan kimi çətin dövr yaşayan ölkələr üçün yaxşı perspektiv vəd etmir. Köhnəni saxlamalı, onu tamamilə dağıtmamalıyıq. İstənilən struktur, funksional islahatın və ya aparılan digər dəyişikliklərin hamısının nəticəsi olmalıdır, xalq, dövlət ondan fayda görməlidir”.


OXŞAR XƏBƏRLƏR