“Women Bankers Club”-un Bank Sədrləri ilə görüşü baş tutub

“Women Bankers Club”-un Bank Sədrləri ilə görüşü baş tutub

Ötən şənbə günü "Women Bankers Club”-un "Yerli şirkətlərin rəhbərliyində gender diversifikasiyasının artırılması” mövzusunda tədbiri keçirilib. Banco.az xəbər verir ki, Tədbiri giriş sözləri ilə klubun təsisçisi Anjela Ramazanova açdı. O, klubun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq bildirdi ki, klub fəaliyyət göstərdiyi müddət ərzində bir neçə dəfə motivasiya görüşləri və seminarlar keçirib. O qeyd etdi ki, klub bu il ərzində qarşısına qoyduğu əsas məqsədlərdən olan Azərbaycan bank sektorunda çalışan qadınların həmrəyliyini yaratmaq, onların daha sıx tanışlığna və effektiv əməkdaşlıq mühitinin yaradılmasına nail olmuşdur. Bu nəticələrin daha da yaxşılaşdırılması üçün klub gələn il daha çox maarifləndirici və qarşılıqlı məlumat mübadiləsini cilovlayan tədbirləri həyata keçirməyi planlaşdırır.

Daha sonra spikerlərə söz verildi. "Bank Of Baku”-nun idarə heyətinin sədri Eldar Həmidov tədbir iştirakçılarını salamladı. O bank sektorunda çalışan xanımları dinləmək imkanı yaratdığına görə  klub rəhbərliyinə təşəkkür etdi: "Gender bərabərliyi deyəndə nələr nəzərdə tutulur? Əsas məsələ buna aydınlıq gətirmək lazımdır. Mən hesab edirəm ki, kişilər və qadınlar arasında iş mühitində heç bir ayrı-seçkilik olmamalıdır. Zərif cinsin nümayəndələri də bizimlə eyni şərtlər daxilində çalışmalıdır. Özümüzdən nümunə gətirsəm deyə bilərəm ki, "Bank of Baku” da top menecmentin 30 faizini qadınlar təşkil edir. Onların bəziləri bu tədbirin iştirakçısıdır. Bu mənada biz öz rəqiblərimizlə müqayisədə üstünlük təşkil edirik. Məncə bu heç də pis göstərici deyil. Amma vəzifə məsuliyyət və öhdəlik deməkdir. Bu mənada idarəetmənin müsbət və mənfi, çətin və asan tərəfləri var. İdarə etmə yetəri qədər stressli bir vəzifədir. Elə peşələr var ki, qadınlar, elə peşələr də var ki, kişilər üçündür. Bu qəbul olunmuş bir aksiomadır. Ona görə də bəzən bu bərabərlik pozula bilir”.

"Rabitəbank”ın İdarə Heyətinin Sədri Elçin Qədimov təşkilat daxilində gender bərabərliyi məsələsi həqiqətən də aktual məsələlərdən biridir: "Çünki cəmiyyət kişilər və qadınlardan ibarətdir. Çalışdığımız təşkilatların müştərilərinin 50 faizini, əməkdaşların isə 40% qadınlar təşkil edir, ailələrimizin yarısı adətən qadınlardan ibarətdir. Hal hazırda rəhbər vəzifələrdə və yüksək ödənişli sayılan peşələrdə təmsil olunmağına görə qadın və kişilər arasında qadınların xeyrinə olmayan kəskin fərqlər mövcuddur. Rəhbər vəzifələri tutanlar arasında kişilər üstünlük təşkil edir, əmək haqqı fərqinə görə isə beynəlxalq statistikaya əsasən kişilərin xeyrinə 20-25% fərq mövcuddur. Bunun müxtəlif səbəbləri var: qadınların ailə vəzifələri, bəzi peşələrin adət olaraq "əsasən kişilərdən ibarət olan” peşələr hesab olunması, müxtəlif ölkələrin sosial və iqtisadi özəllikləri. Bu bərabərsizliyi aradan qaldırmaq və ya azaltmaq mümkündür və buna böyük ehtiyac var”.

Tədbirin digər bir spikeri "AccessBank”-ın idarə heyətinin sədri Anar Həsənov idi: "Məni bu tədbirə dəvət etdiyinizə görə təşəkkür etdirəm. Sizin klubunuz haqqında xeyli müddətdir ki, eşitmişəm. Belə bir təşəbbüsə görə hər kəsi təbrik edirəm. Azərbaycanda "Women Bankers Club” kimi təşəbbüs var, amma "Men Bankers Club” adlı bir təşkilat yoxdur. Məsələyə elə bu aspektdən yanaşmaq lazımdır. Günümüzdə istər bank, istər digər  sektorlar çalışan qadınlar və kişilər arasında fərq təkcə bizdə deyil. Amma nədənsə bu problem bizdə xüsusi qabardılır. Əslində dünyanın bir çox ölkələrində vəziyyət belədir. Yüz il əvvəl Azərbaycanda qadınlara seçki hüququ veriləndə bəzi ölkələrdə qadına olan münasibət çox dəhşətli idi. İndi demokratiyanın beşiyi adlandırdığımız, gender balansını nümunə götürdüyümüz ABŞ və Avropa ölkələrində  vəziyyət heç də həmişə indiki kimi deyildi. İndiki dövrdə belə Avropanın bir sıra ölkələrində eyni vəzifələrdə çalışan qadınlar və kişilərin əmək haqları arasında müəyyən fərqlər var. Yəni bu problem təkcə Azərbaycanda mövcud deyil. Ona görə də bu problemi təkcə bizdə varmış kimi davranmaq olmaz”.

Daha sonra spikerlər tədbir iştirakçılarının suallarını cavablandırdı.

Qeyd edək ki, "Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR