\"Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin!\" - Deputatdan TƏKLİF

\
"Tibbi sığorta ilə bağlı bir çox məsələ insanları narahat edir. Əmək müqaviləsi ilə bağlı məsələ hüquqi müstəvidə çözülməzsə, tibbi sığorta ilə bağlı məsələnin həllini gözləmək real deyil".

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa "Tibbi sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

F.Mustafa deyib ki, 2 rayonda icbari tibbi sığorta ilə pilot layihənin nə zaman bitəcəyi ilə bağlı müddət bəlli deyil:

"Pilot layihənin də bir müddəti olmalıdır. Bu gün bir binanı sanki 5-10 nəfər tikir, digərləri ilə əmək müqaviləsi imzalanmır”.

Deputat Azərbaycan Tibb Universitetinə alternativ müəssisənin yaradılmasını da təklif edib:

"Ölkədəki tibb təhsilinin vəziyyəti xeyli aşağıdır, özümüzü aldatmayaq. Təklif edirəm ki, ayrıca bir təhsil müəssisəsi açılsın, Türkiyədən gələn mütəxəssislər həkim yetişdirsin. Rəqabət mühiti yaransın ki, tibb təhsili inkişaf etsin. İcbari  tibbi sığortanın bütün Azərbaycan ərazisində tətbiq edilməli olması da vacibdir. Başa düşürəm ki, sahibkarların problemləri var.  Lakin dövlət də bu məsələyə dəstək göstərməlidir. Bayaq mən medallar haqqında çıxış edərkən millət vəkilləri etiraz etdi, lakin bir sıra filmlərdə rol almış Ənvər Həsənov Əməkdar Artistdir. Bütün toy müğənniləri əməkdar və ya xalq artistidir. Bu gün Azərbaycan  kinosunun korifeyinin heç bir titulu yoxdur, məcburi tibbi sığortası da yoxdursa, o müalicə ala bilmir. Bizə bu mövzuda müraciətlər olur. İcbari tibbi sığorta ilə bağlı məsələni bütün ölkədə tətbiq etməliyik ki, vətəndaş bu sıxıntının içərisində ən azından bir az gec olsun. Bu gün qurumlar anlamalıdır ki, vətəndaş tibb xərclərini ödəmək iqtidarında deyil. İmkanı olanlar Türkiyəyə, İrana gedir. Gedə bilməyənlər evində sakitcə ölür. Hər yanda dərmanların pulsuz olduğu yazılır, bir çox tibb müəssisələrində dərman tapılmır. Bu tək nazirliyin günahı deyil. Bu məsələni həll etmək lazımdır”.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Fazil Mustafanın tibb təhsili ilə bağlı fikirlərinə cavab verib:

"Bu fikirləri söyləyəndə bunu əsaslandırmağa çalışın.Tibb təhsilində aklternativ müəssisə var. Bilmirsinizsə, öyrənin.  Bir dəfə Tibb Universitetinə gedib kadr potensialı ilə maraqlanın. Bilmədiyiniz mövzuda xahiş edirəm ehtiyatla danışın. Bu gün Ağdaş rayonunda da icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçiriləcək. Bu işlərin aparılması heç də ləng həyata keçirilmir”.
 
Orxan Bəşirov


OXŞAR XƏBƏRLƏR