Türkiyədə sonsuz müharibə, Ermənistana torpaq payı, təslim olan Poroşenko... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə sonsuz müharibə, Ermənistana torpaq payı, təslim olan Poroşenko... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə 15 iyun çevriliş cəhdini edənlərin planları ilə bağlı hər gün yeni və şokedici faktlar ortaya çıxır. Rusiyaya səfər edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir müddət əvvəl ukraynalı həmkarı Pyotr Poroşenkoya etdiyi telefon zənginin detallarını açdı: Kiyev təslim olmağa hazırlaşır. Putin dünyanı növbəti dəfə heyrətləndirməyi bacardı. Suriyanı bombalayacaq təyyarələr bu gündən başlayaraq, İrandan qalxacaq.

 

İkinci Sevr: Türkiyə bölünəcək, Ermənistan bölgəsi ayrılacaq... – ŞOK PLAN

 

"Hərbi çevriliş cəhdi uğurlu olsaydı, yüz minlərlə insan həbsə atılacaq, minlərlə insan həyatını itirəcəkdi. Bu xaosdan faydalanan beynəlxalq cəmiyyət bizə ikinci bir Sevr müqaviləsini imzalamağa məcbur edəcəkdi. Türkiyə bölünəcək, Ermənistan, kürd bölgəsi ayrılacaq, ölkə işğal altına girəcəkdi”.

 

Bunu ehtiyatda olan polkovnik Əhməd Zeki Üçok deyib.

 

"O gecə kimin hansı tərəfdə olduğu müəyyən edilməlidir. Əks halda, bu çevriliş cəhdini analiz edə bilməzsiniz. Orduda hələ də FETÖ-çular var. Təhlükə hələ keçməyib. Parlamenti yenə də bombalaya bilərlər”, - o, bildirib.

 

Qeyd edək ki, Sevr müqaviləsi 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) müttəfiq dövlətlər və Türkiyə arasında bağlanan sülh müqaviləsidir. Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul edir, Hicaz və Yəmənin müstəqilliyini tanıyır, Kürdüstana muxtariyyət verir (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana verirdi. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmiləlləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazı və Mərmərə dənizinə şamil olunurdu.

 

Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti Vudro Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar.

 

Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina edir.

 

Sonsuz müharibə, Türkiyəni parçalamaq, Ərdoğanı... – DƏHŞƏTLİ PLAN

 

"Kimsənin etdiyi cavabsız qalmayacaq. Edam bir dəfəlik ölümdür, amma onlar üçün ölümdən daha böyük ölümlər var”.

 

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında ölüm hökmünün bərpası ilə bağlı çağırışları şərh edərkən deyib.

 

O, PKK-nın "kürd problemi” adlanan bir probleminin olmadığını, əksinə kürd vətəndaşlarının PKK kimi bir probleminin olduğunu dilə gətirib. Baş nazirin sözlərinə görə, 15 iyuldan əvvəl və sonra sözügedən terror təşkilatları bir araya gələrək plan hazırlayıblar: "15 iyul oldu. Əvvəlcə hər şeyi mükəmməl şəkildə etdiklərini güman etdilər. Planları Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək, milləti bir-birinin üstünə salmaq, daha sonra xilasedici kimi gələrək qardaş müharibəsini sonsuz bir vəziyyətə gətirmək idi. Plan bu idi. 15 iyul millətlə onların seçdiyi hökumətin birlikdə olduğunu bir dəfə dünyaya göstərdi”.

 

Gülənə AĞIR CƏZA: 2 dəfə ömürlük və 1900 il həbs

 

Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanan iddianaməni qəbul edib.

 

İddianamədə FETÖ rəhbəri Fəthullah Gülənə 2 dəfə ömürlük və 1900 il həbs cəzasının verilməsi tələb edilir. Məhkəmənin qəbul etdiyi iddianamədə Fetullah Gülən "bir nömrəli şübhəli” olaraq yer alıb. Gülən güc yolu ilə Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə ittiham olunur.

 

Putindən yeni həmlə: bombardmançılar İrandan qalxdı

 

İranın Həmədan hava bazasında yerləşdirilən Tu-22M3 və Su-34 Rusiya bombardmançıları Suriyada ilk hava əməliyyatını həyata keçirib.

 

Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bombardmançılar Suriyanın Hələb, İdlib və Deyr-ez-Zor vilayətlərində İŞİD və "Ən-Nüsra” Cəbhəsinin mövqelərinə zərbələr endirib. Aviazərbələrdən sonra bombardmançılar Həmədan hava bazasına qayıdıblar.

 

Qeyd edək ki, Rusiya strateji bombardmançılarının İranın Həmədan hava bazasında yerləşdirildiyi barədə ilk dəfə Dəməşq rəhbərliyinə yaxınlığı ilə tanınan "Al Masdar News” portalı yazıb. Bu günə qədər Mozdok aerodromundan (Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın yerləşir –red.) qalxan Rusiyanın strateji bombardmançı təyyarələri bundan sonra Moskva və Tehran arasında imzalanan razılaşma çərçivəsində Həmədan bazasından istifadə edəcək. Portalın xəbərinə görə, Rusiya təyyarələrinin Suriyadakı uçuş müddəti təxminən 60 faiz azalacaq. Bu, Kremlə həm yanacağa qənaət etməyə kömək edəcək, həm də hava hücumlarının effektliyini artıracaq. Mozdokdan havalanan TU-22M3 tipli strateji bombardmançıları Palmiradakı hədəfləri vurmaq üçün 2150 kilometr qət etdiyi halda, Həmədandan qalxan təyyarələr 900 kilometr məsafə uçacaq.

 

Nazarbayev Putinə sirr açdı: "Poroşenko bu yaxınlarda...”

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ukraynalı həmkarı Pyotr Poroşenkoya bu yaxınlarda etdiyi telefon zəngindən danışıb.

 

Nazarbayev Poroşenkonun güzəştlərə hazır olduğunu deyib. "Poroşenko bu yaxınlarda mənə zəng etdi. O, deyirdi ki, Donbasa xüsusi status verməyə hazırdır, amma Ali Radada əksəriyyət buna icazə vermir. Həmçinin, düşünürəm ki, o, güzəştləri tapmağa meyllidir, amma nədənsə bu, mümkün olmur”, - Nazarbayev Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə bildirib.

 

Moskvadan "Yol xəritəsi”: 5 tələb yerinə yetirilsə...

 

Rusiya tərəfi Donbas münaqişəsinin həlli üçün özünün "yol xəritəsi”ni təklif edib.

 

Bu haqda "RBK-Ukrayna”ya müsahibəsində Minsk danışıqları üzrə əlaqə qrupunun siyasi yarımqrupunun üzvü Olqa Ayvazovskaya bildirib. "Yol xəritəsi” 5 bənddən ibarətdir, amma o, danışıqların predmeti deyil.

 

"Birinci, Donbasda anti-terror rejiminin ləğvidir. İkinci, iqtisadi blokadanın aradan qaldırılması, üçüncüsü, təqiblərin dayandırılması, yəni amnistiyanın verilməsi. Dördüncüsü, Donbasa xüsusi statusun verilməsi və bu normaların Konstitusiyaya daxil edilməsidir. Və son bənd seçkilərin keçirilməsidir. Vurğulayıram, bu sənəd Rusiyanındır və müzakirə üçün baza ola bilməz”, - Ayvazovskaya əlavə edib.

 

Rusiya Gürcüstanda hərbi təlimə başladı

 

Rusiya Cənub Hərbi Dairəsində raket və artilleriya qoşunlarının hərbi təliminə başlayıb.

 

Təlimdə 5 mindən çox hərbçi iştirak edir. Şimali Qafqaz və Cənubi Osetiya ərazisində keçirilən hərbi təlimə İsgəndər-M zenit raket kompleksləri, Akasiya və Qvozdika özüyeriyən qaubitsalar cəlb olunacaq. Burada həmçinin Şturm-C tank əleyhinə raket sistemlərindən də istifadə ediləcək. Hərbi təlim sentyabrın 16-na qədər davam edəcək.

 

Qeyd edək ki, Rusiya dünən Xəzər dənizində də təlim keçirib.

 

Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan savaşından sonra bu ərazi Moskvanın dəstəyi ilə Tiflisin nəzarətindən çıxıb. Müharibədən dərhal sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

 

Publika.az //

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR