Maraqlı

Satanist Daşa sirri açdı: Bakıda qatillə üz-üzə...

Satanist Daşa sirri açdı: Bakıda qatillə üz-üzə...
Hər hansı bir haqq etmədiyin müəmma gördüyündə unutma: haqsızlıq edən adam sənin dəyərini anlamadan ölməz, çünki əl-Hakimdir Allah...


Yataqxananın olduğu ərazidən qatarla hava limanına doğru uzaqlaşırdıq. Daşa par bağlamış pəncərələrdə zərif barmaqları ilə nə isə öz aləmində cızır və səssiz pıçıldayırdı: yəqin yenə də sirli-sehirli dünyasından xilasımız üçün imdad istəyirdi.

Mən onu müxtəlif zarafatlarla düşdüyü gərgin vəziyyətdən çıxarmağa çalışırdım. Onun tutqunluğunda hardasa özümü günahkar hiss edirdim. Daşa ilə hesablaşsaydım və "buynuzlular"a baş qoşmasaydım, indi Moskvadan Bakıya kal əhval-ruhiyyədə qaçmaq məcburiyyətində qalmazdıq. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.

Təyyarədə belə, Moskvadan Bakıya qədər gəldiyimiz zaman ərzində, Daşaya öz ölkəmin gözəlliyindən, onun valehedici təbiətindən danışır, bu minvalla qızı bir qədər qaranlıq fikirlərdən ayırmağa çalışırdım.

Daşa bəlkə də məni heç dinləmirdi, o öz aləmində nə isə düşünür, olduqca dilxor görünürdü. Bəlkə də öngörücü dostum Bakıdakı narahatlıqları əvvəlcədən duyur və hiss edirmiş. Hansısa bir hiss qızın məndən gizli bir məqamı saxladığını beynimə pıçıldayırdı. Bakıya çatdıqda belə Daşanın ətrafa baxması, tez-tez geri boylanaraq arxadan gələn insanlara nəzər salması diqqətimdən yayınmırdı. Öz-özlüyümdə onun həyəcanlı olmasını keçirdiyi stress və düşdüyü yeni mühitlə əlaqələndirirdim.

Bakı hava limanına qədərki yolumuzun "səyahət xatirəsini” geridə qoyaraq, taksi ilə kirayədə qaldığım mənzilə gedirdik. Birotaqlı mənzilimə daxil olduqda Daşaya dil-ağız etməyi də unutmadım:

- Moskvalı qonaqları daha təmtəraqlı yerdə qarşılamaq olardı, amma nəzərə alaq ki, fors-majorlar həyatımızın əsas özəyidir...

Daşa təbəssümlə sözümü kəsdi:

- Narahat olma, hər şey yaxşıdır.

Tezbazar çay hazırlığına başladım, yaxınlıqda yerləşən ərzaq mağazasına qaçaraq, şam yeməyimiz üçün çörək və yumurta aldım. Daşanın xoşladığı kakaolu keksləri də unutmadım. Geri döndükdə Daşanı masa arxasında fikirli əyləşən gördüm. Qız öz aləminə o qədər qapılmışdı ki, hətta mənim qapını açarla açıb içəri daxil olmağımı belə hiss etmədi.

Mən yenə də zarafat etməyə çalışdım:

- Daşa, sənə sevdiyin kekslərdən aldım. Amma bilirəm ki, bu, sənin ənənəyə uyğun, hər zaman yediyin kekslərdən fərqli dadacaq.

O, təəccüblə üzümə baxdı:

- Necə yəni fərqli? Keks elə keks dadındadır də. Pirojna tamı verməyəcək ki!

Mən güldüm:

- Moskva kekslərinin xüsusi resept əsasında bişdiyini nəzərə alaraq, öncədən öz məhsulumuzu tərifləmək məcburiyyətindəyəm ki, əgər aldığım şirniyyatı birdən bəyənməsən, gedib ölkəndə bizi pisləməyəsən!

Daşa gülməyə başladı. Deyəsən, zarafatımla onun son iki-üç günlük buz tutmuş ürəyini əridə bilmişdim.

Tələsik bişirdiyim qayqanağı iştahla yedik, şirniyyatla çay Daşaya ləzzət etdi. Həddindən artıq yorğun idik. Mən dincəlməyimiz üçün çarpayıdakı yorğan-döşəyi yerbəyer etməyə başladım:

- Söz verirəm ki, sabah səni şəhərin maraqlı yerlərini gəzdirəcəm. Çox bəyənəcəksən Bakını!

Daşa razılıq əlaməti olaraq yorğun-yorğun başını yellədi. Necə yuxuya daldığımı hiss etmədim.

Görüntülər yenə də məndən əl çəkmirdi, yuxuda hələ də Moskvada idim və "bunuzlular"la "gizlənpaç” oyunumuz davam edirdi. Nədənsə Daşanı özümdən çox uzaqda görürdüm və o qışqırırdı. Nə qışqırdığını eşidə bilmirdim, amma naləli səs ruhuma təsir edirdi. Qəfildən səsi aşkarda eşitdim; qızın qışqırığını beynimdə hiss edərək, hövlnak yuxudan oyandım. Gözərimi açdım, saat neçə olduğunu anlamırdım, Daşa çarpayıda əyləşərək mənə sarı baxırdı. Deyəsən, o, həqiqətən də öz qışqırığı ilə hər ikimizi yuxudan etmişdi.

Cəld ayağa qalxdım:

- Daşa, nə olub?

İşığı yandırmaq istəyirdim ki, Daşa məni səslədi:

- Lazım deyil, yandırma!

Mən həyəcandan az qala titrəyən qıza sarı döndüm:

- İzah edə bilərsənmi nə baş verir?

Daşa başı ilə otaq pəncərəsinin işıq gələn istiqamətinə işarə elədi:

- Bizi... Bizi izləyirlər!

Mən çaşqınlıq içərisindəydim. Yarıyuxulu beynim yenə də Nyutonun, Eynşteynin cızma-qaraları üzərində düşünməyə, toplamağa, bölməyə başladı.

- Daşa, sən nə danışırsan? - dedim.

Asta-asta ayaq barmaqlarımın ucunda soyuq döşəmə üzərindən keçərək, pəncərəyə tərəf əyildim. Tünd-qəhvəyi rəngdə işıqları yanan avtomobilə iki nəfər söykənmişdi. Hər ikisi pəncərəmizə baxaraq, aralarında nə isə mübahisəyəbənzər dialoq aparırdılar. Yüz deyil, milyard faiz dəqiq idi ki, gecə saat iki-üç aralarında birinci mərtəbəyə aid yeganə yaşayış pəncərəsi olan evimin qarşısında danışan bu iki əndrabadi tip bizi həqiqətən də güdürdü. Mən Moskvadan Bakıya qədər yol boyunca Daşanın tutqun simasını xatırladım: deməli, mənim öngörən dostum hər bir xətanı əvvəlcədən hiss edib, lakin mənə heç nə bildirməyibmiş!

Ətrafımda baş verən hadisələrin bu cür gedişatı mənə heç əl vermirdi, dünyanın ən unikal insanı ilə dostluq, sən demə, bir çox hallarda ürəyincə olmurmuş və hətta narahatlıqları öncədən görə bilmək istəyi insanın ürəyində qalırmış.

Hikkəm böyük idi. Daşaya olmazın sözlər söylədim. O isə olsun ki, mənim onunla bağlı mübahisəmi də öncədən hiss etdiyi üçün heç bir söz söyləmədi, sadəcə, gözlərini yerə dikib susdu. Nəhayət, bütün "buynuzluları”, iblislərə səcdəyə gedənləri, getməyənləri, şəri, zülməti və digər xatırlaya biləcəyim ünsürləri layiq olduqları sözlərlə "yad etdikdən” sonra Daşaya sual etdim:

- Səncə, bunlar kimlərdir?

Daşa dərhal cavab vermədi. Bir qədər düşündükdən sonra sakit səslə danışmağa başladı:

- Yadındadırmı, biz səninlə İqbal haqqında danışmışdıq. Səninlə evlənmək istəyən adamı deyirəm.

Uzun müddət idi ki, İqbal ilə danışıqlara son qoymuşdum. Hər halda, zəng və ismarışlarının cavabsız qaldığını görən İqbal məni artıq narahat etmirdi. Lakin mənim düşüncələrimi darmadağım edən bir məqam vardı. Azərbaycan sərhədini keçməyimiz bir neçə saat olardı və mən gəlişim barədə heç bir tanışıma və ya dostuma məlumat vermədiyim halda İqbal Bakıda olmağımı hardan öyrənə bilərdi?

Yenidən asta-asta pəncərəyə yaxınlaşdım. Gördüyüm iki nəfərdən heç birini tanımırdım. Ayın və avtomobilin zəif yanan farasının işığında görə biləcəklərim yalnız bunlardan ibarət idi: qara kapşonlu gödəkcədə olan iki nəfərdən biri, deyəsən, artıq uzunmüddətli səssizlikdən bezərək, avtomobilə əyləşmişdi, digəri, nisbətən kök və ağır yerişlisi isə ləngər vura-vura telefonla danışır, hərdən pəncərəmizə baxmağı da unutmurdu. Çox güman ki, onlara evə güclü nəzarət etmək tapşırığı verilmişdi ki, yuxularına haram qataraq, "işlərini” icra edirdilər. Dərhal ağlıma bir fikir gəldi. Tələm-tələsik evdə dolaşaraq, lazımsız kağız parçalarını bükməyə başladım. Daşaya iri zibil torbalarına bu lazımsız kağızları yığmağı tapşırdım. Özüm isə artıq gödəkcə axtarırdım. Şarfı ağız-burnuma dolamağı da unutmadım; filmlərdə görmüşdüm, insanlar tanınmamaları üçün üz-gözlərini bu cür bağlayırdılar.

Daşaya bu işləri görə-görə yalnız bir dəfə sual verdim:

- Bu axmaqlar bizi nə vaxtdan izləyir?

Bu dəfə qız dərhal cavab verdi:

- Bakıya gələn ilk andan.

İqbalın imkanlı dostları və qohumları haqqında öz dilindən az eşitməmişdim. Sözsüz ki, hazırda da İqbal bir qədər "tərləməli”, "əziyyət çəkməli” olmuşdu. Təbii ki, bu cür "tapşırıqlar”, şəxsi həyatla maraqlanma, kimisə iznsiz izləmə elə-belə, "salam-sağol” ilə başa gəlmir. Mən İqbalın sözün əsl mənasında mənə görə "canfəşanlıq etdiyini” düşünərək, kinayə ilə gülümsəyirdim.

Daşa mənə yardım edə-edə həyəcan keçirirdi. O, mənim nə etmək istədiyimi gözəl anlayırdı və yeni fikirlərimlə heç cür barışmırdı. Mən artıq onu dinləmirdim. Əlimdə içi kağız dolu polietilen qara torba bayıra çıxdım. Yaşayış binamızın iki qapısı vardı. Bizi izləyənlər əsas girişdə dayanmışdılar. Mən arxa qapıdan çıxaraq, üzü aşağı, zibilliyə doğru keçəcəkdim və avtomobilə yalnız bircə dəfə baxmağım kifayət idi ki, beynimdə tutduğum plana uyğun hərəkət edə bilim. Əlbəttə ki, bütün bunlar böyük bir risk idi: gecənin bir aləmi, səssiz Bakı massivi yaxınlığında iki nəfər naməlum şəxs və onların avtomobilinə sarı boylanmaq marağı ilə "alışıb-yanan”, əlində yalançı zibil torbası ilə dedektivlik edən gənc qız...

Artıq bayırda idim. Yaz vaxtı olmasına baxmayarq, gecənin həzin küləyi üzümə doladığım şarfı açmaq və sanki məni "ələ vermək” istəyirdi. Cəld bir əlimlə şarfı üzümdə saxladım. Artıq üç-dörd dəqiqəyə zibilliyin yaxınlığında idim, uzaqdan kimsə məni görsəydi belə, zibil atacağımı düşünərək, şübhələnməyəcəkdi. İndi qalır əsas məqam: cəld, dəqiqələr deyil, saniyələr ərzində avtomobilin yanından keçmək. Bu cür tryuku heç Ceyms Bond da düşünə bilməzdi. Məni izləyənlərin ağlına belə gələ bilməzdi ki, gecənin bu vaxtı pəncərələrini güddükləri qız əslində onlarla "zarafat” edir. Arxaya baxmadan, sürətli addımlarla blokumuzun əsas girişinə yaxınaşırdım. Budur, tünd qəhvəyi rəngli "Mersedes” markalı avtomobil. Aha! Maşının içərisində əyləşən artıq yatıb, deyəsən! Bu ki yaxşıdır! Əgər məni tanıyaraq arxamca götürülsələr, iki nəfərlə deyil, bir oyaq naməlum ilə mübarizə aparmış olacaqdım!

Ürəyimin döyüntüsü ilə beynim daha sürətlə çalışırdı. Bu, sanki bir saat mexanizminə bənzəyirdi: şüurum tam dəqiqliyi ilə səhvsiz çalışan xüsusi rekonstruksiya idi elə bil!

Addımlarımı sürətləndirdim. Telefon ilə danışan naməlum məni hec vecinə də almadı, görünür ki, hörmətli İqbal müəllim onları binamız haqqında məlumatlandırmayıb.

Bu düşüncələrimə ürəyimdə güldüm. Ani bir baxışla avtomobilin qarşı tərəfinə nəzər saldım, maşının nömrəsini açıq-aydın görə bildim. Pilləkənləri qalxa-qalxa beynimdə Daşaya siqnal ötürürdüm. Mənzilə yaxınlaşan anda artıq qız qapını üzümə açdı. Telefonu əlimə aldım və Daşaya heç bir söz demədən polis bölməsinə zəng etdim. On beş dəqqiqə keçməmişdi ki, kök, yorğun, üzündə "həyatdan bezmişəm” ifadəsi olan sahə inspektoru artıq mənzilimizdə idi.

Mən onunla yanaşı əyləşərək, izahatıma əlavələr edir, xatırladığım bütün detalları yazdırırdım. Təbii ki, bizi izləyənlər "qeyb olmuşdular”, lakin onları gözləyən sürprizdən bəlkə də heç xəbərləri belə yox idi!

Avtomobillərinin nömrələri artıq sahə inspektorunda idi. Özünü kapitan Səmədov kimi təqdim edən sahə inspektoru yarımyuxulu gözlərini ovcunun içi ilə ovxalaya-ovxalaya maraqla Daşaya baxdı, qızın qara köynəyinin üzərində "Yaxınlaşma-ölümcüləm” sözlərini rus dilində heca-heca bərkdən oxuyan polis kapitanı daha sonra nəzərini mənə tərəf tuşladı:

- Bəlkə sizə elə gəlib ki, sizi güdürlər? Qeyd etdiyiniz kimi, Bakıya gəlişinizdən heç kəs xəbərdar deyil.

Mən əhvalımı pozmadan izahlara başladım. Öncə onu vurğuladım ki, Moskva gənclərinin əksəriyyəti fərqli tərzə üstünlük verir və qonağım da öz-özlüyündə qeyri-adiliyi ilə seçilir. Sonra isə öz məsələm ilə bağlı düşündüklərimi açıq-açıq dilə gətirdim:

- İş orasındadır ki, məni də çaşdıram məhz bu məqamdır ki, Bakıya gəlişim barədə heç kəs bilmədiyi halda artıq hava limanından naməlum insanlar tərəfindən izlənilirəm.

Səmədov qaşlarını çatdı:

- Sizcə, buna nə səbəb ola bilər?

Mən Daşaya nəzər saldıqda onun gözlərimə sancılmış iti baxışları ilə qarşılaşdım. Qız həmişəki kimi əllərini qoynunda çarpaz qoyaraq, "beynimdə” eşələnirdi. Daşa bütün gücü ilə şüuruma təsir edir, məni ad səsləndirməməyi çağırırdı. Başımda sanki ikinci səs sahibi mənə "qətiyyən bunu etmə, təhlükədəsən” deyirdi. Mən beynimin düşünən yarımkürəsinə doğru hafizəmi gücləndirməyə başladım, bütün varlığımı toplayaraq, eyni zamanda şüuraltı telepat dostuma ismarış yollamağı da unutmadım; ona "simsiz, naqilsiz, sərfiyyatsız” rabitə vasitəsi ilə "sən psixoloqsan, Daşa, mən isə realistəm” dedim.

Səmədovun növbəti "kimdən şübhələnirsiniz?” sualına bütün gücümü səfərbər edərək, "Tanışım İqbaldan... İqbal Ağayevdən şübhələnirəm”, dedim.

İnspektor qaşlarını çataraq, söylədiyim adı qeyd etdi, Daşa çarəsiz halda başını aşağı salmışdı.

Polis maşını məhləmizdən uzaqlaşıqdan sonra Daşa çarpayısına uzanaraq, yorğanı başına çəkə-çəkə sakit səslə dedi:

- İqbal sənə səhər zəng edəcək, onunla normal danış, - sonra əlavə etdi: - İqbal sənin gördüyün satanistlərdən daha təhlükəlidir.

Ertəsi gün həqiqətən də İqbaldan zəng gəldi. Hardasa səhər saat 11 radələri idi. Telefonun ekranında onun nömrəsini gördükdə çaşqınlıq hissi yaşamadan cavab verdim. Xəttin o biri tərəfində sözün əsl mənasında peşəkar qatil mənimlə dialoqa başladı:

- Xoş gördük, necəsən? Gəlmisən, heç hal-əhval da tutmursan!

Tanıdığım İqbalın aktyorluq qabiliyyətindən artıq xəbərsiz deyildim, odur ki, onun rolagirmə məharətini tam sakitliklə qarşıladım.

- Hə, gəlmişəm, - dedim, - yaxşıyam.

İqbal ürəkləndi:

- Neçə vaxtdır əlaqə qurmağa çalışıram, nömrələrinə də zəng çatmır.

"Zəng çatmır” ifadəsini İqbal xüsusi intonasiya ilə vurğuladı, sanki bununla da ona "cavab verməmək” kimi ixtiyar sahibliyimi "öz qürurunun enməməsi” prinsipi ilə ələ almış oldu. Mən bütün gecəni beynimdə qurduğum ssenari üzrə hərəkət edirdim:

- Düşünürəm ki, sən mənə daha vacib söz söyləmək üçün zəng etmisən İqbal, elə deyilmi?

İqbal məndən ona sarı atılacaq ilk addımı heç cür gözləmirdi. Bir qədər duruxmuş halda dedi:

- Əlbəttə, səni görmək, səninlə danışmaq, ən əsası isə sənə sürpriz etmək fikrim var.

Mən kinayə ilə gülümsədim:

- Bilirsənmi, son zamanlar artıq sürpizləri qəbul etmirəm. Bəzən onlar çağırılmamış qonaq kimi həyatımı alt-üst edirlər.

Sözlərin təsirindənmi, ya çaş-baş düşdüyündənmi, İqbal xeyli susdu:

- Bu gün vaxt et, səninlə görüşüb söhbət edək. Çox istərdim ki, səninlə vacib bir məsələni müzakirə edək.

"Müzakirə edək” ifadəsini gecə ilə Səmədovdan eşitdiyimdən, əslində İqbalın mənə nə üçün zəng etdiyini də tamlığı ilə anlamış oldum. Çox güman ki, artıq sahə inspektoruna ötürdüyüm avtomobilin qeydiyyat nömrəsi və İqbalın özünün ad-soyadı işə yaramışdı və mən artıq "bir anlaşma” masasına dəvət alırdım.

Vaxtı və məkanı dəqiqləşdirdik. Mən Daşanı oyatmadan evdən çıxdım. Həmişə olduğu kimi, İqbalın görüşünə xüsusi hazılaşmadım və bu dəfə görüş yerinə düşünülmüş şəkildə yarım saat erkən getdim. Qara eynəyimin arxasından kiçik kafedə əyləşənləri bir-bir süzürdüm. İqbal mənə bir zaman təhsil aldığı universitetə yaxın elit kafelərdən birində görüş təyin etmişdi. Burada tələbə cütlüklərdən başqa heç bir şübhəli şəxs nəzərimə çarpmırdı. Sadə kofemi qurtum-qurtum içə-içə cüt göyərçinlərə bənzəyən gənclərə tamaşa edir, bir zamanlar onlar qədər qayğısız olduğumu xatırlayırdım.

Bəli, bir zaman mənimdə dünyama təşrif buyuran, hər kəsdən uca hesab etdiyim, sədaqətini, andını, vəfasını əzəmətli sandığım biri ilə indi sadəcə adi rəsmi görüş çərçivəsində "danışıqlara” gəlmişdim. Zaman iti addımlarla yeriyirdi. Saata baxdım, İqbal on beş dəqiqə idi ki, ləngiyirdi. Nədənsə gecikməsi barədə xəbərdarlıq da etmirdi və heç zəngi və ya ismarışı da yox idi. Yox, bu tanıdığım İqbal deyildi. Əlbəttə ki, o, dünən baş verənlərdən bixəbər deyildi.

Əl telefonumu masanın üzərindən götürüb, bir vaxtlar əzbər bildiyim nömrənin axtarışına başladım. Elə bu vaxt yasəmən rəngində son model "Leksus” düz kafenin girişində dayandı. İqbal asta addımlarla avtomobildən endi, əynində maşını ilə həmahəng görünən açıq bənövşəyi rəngli yaz dəsti geyimi sözün əsl mənasında göz qamaşdırırdı.

Kafedə əyləşənlər içəri daxil olan və Hollivud ulduzlarına bənzəyən bu yaraşıqlı oğlana tamaşa etməyə başladılar. İqbal həqiqətən də görünüşlü, qamətli, son dərəcə kübar və əxlaqlı görünürdü. Amma... Yalnız görünürdü...

Təbii ki, Daşa ilə dostluğum baş tutmasaydı, bu yaraşıqlı qatilin əlində olacaq gələcək ailə taleyim, kim bilir, indi hansı təhlükə ilə qarşı-qarşıya idi!

İqbal masaya yaxınlaşdı, məni görcək süni təbbəssüm göstərməyi də unutmadı.

Mən əyləşdiyim yerdən tərpənmədim. O salam verərək, masa arxasında əyləşdi:

- Bir qədər ləngidim, üzürlü bil.

Mən tam sakit idim, bununla belə, atmacalarımdan geri qalmaq niyyətində də deyildim:

- Eybi yox, nəzərə alsaq ki, mən səni aylarca ləngitmişəm, o zaman on beş dəqiqə söhbətinin heç bir anlamı yoxdur...

Söylədiklərimdən sonra İqbalın üzü tutqun buludu xatırladırdı. Sözlərim onu dəlib keçmişdi. Fikrini yayındırmaq üçün cəld ofisantı səslədi, mənə sarı baxıb, "Nə istəyirsən” soruşdu? Mən təbəssümlə əlimdəki sadə qəhvəni göstərdim. O, bir qədər pərt halda, "Hə, xanım sifarişini artıq bizsiz edib - dedi, - elə mənə də sadə bir qəhvə gətir”- ofisanta sifariş verdi.

İqbal ürəklə söhbət edirdi: bir qədər biznesindən, aldığı yeni avtomobilindən və Həccə ehsan qismində təmənnasız, öz hesabına göndərdiyi zəvvarlardan danışdıqdan sonra özü ilə mənim münasibətim barədə söz açdı. Bütün danışılanlar zamanı mən onun yalnız hər söhbətindən bir kəlmə sözünü eşidirdim. Misal üçün, zəvvarlarla bağlı söhbətində yalnız ehsan üçün göndərdiyi adamları gözümün önünə gətirir, onların hansı yol ilə Həccə göndərildiyini düşünür, bəlkə də bu minval ilə İqbalın sanki öz günahlarını Yaradan qarşısında yumaq istəyini düşünürdüm. Qəribədir, amma Daşanın gecə ilə dediyi son sözlər beynimi tərk etmirdi: "İqbal sən gördüyün satanistlərdən daha təhlükəlidir”...

İqbalın mənə qəfil sualı bütün fikirlərdən ayrılmağıma səbəb oldu:

- Nə barədə düşünürsən?

Mən onun az qala ürəyimə boylanan qara gözlərinə baxdım. Bir zaman bu gözlərdə ümid tapmışdım, sevgi və arzularımı bölüşürdüm bu baxışlarla. Lütf və əfv kralı cildində müqəssirmiş demə sevdiyim kəs!

Daşa haqlıdır, İqbal "buynuzlular”dan fərqli olaraq, öz buynuzlarını məharətlə daxilində gizlədə bilir. Satanistlərə gəlincə isə bu bədbəxt ünsürlər öz həyat tərzləri və seçimləri barədə açıq-aşkar danışırlar ki, onları bu baxımdan hardasa mömin donunda gizlənən minsifətli İqbaldan fərlqi olaraq anlamaq olardı. İqbalı isə heç cür nə anlaya, nə bağışlaya bilirdim. Ürəyimin dərinliyində bu məxluqa qarşı tənə edir, yıxdığı, dağıtdığı isti yuvası azmış kimi, tər-təmiz insanlara qanlı əlləri ilə əl uzatmaq istəyini lənətləyirdim.

- Dünən gecə məni izləyən insanlara rast gəlmişəm, - dedim.

İqbal məndən gözlərini qaçırmağa cəhd edirdi:

- Boş ver, hər yerdə bir axmaq olur, - dedi.

Mən yalnız indi Daşanın mənə nə üçün həqiqətləri söyləməməsini anladım. İş orasındadır ki, hədsiz imkanı və pulu, çoxsaylı aşnası, dostu, tanışı vasitəsi ilə İqbal istənilən cinayətin üstünü örtə bilər və törətdiyi istənilən mənfi hadisədən üzüağ çıxa bilərdi. Təbii ki, dünən qapıma təşrif buyuran "çağırılmayan qonaqlar” da İqbalın adamaları idi və çox güman ki, sahə inspektoru artıq bəlkə də varlı-hallı İqbalın özü ilə görüşüb, məsələni öz aralarında "həll etmişdilər” ki, İqbal bu xəbərə heç təəccüblənmədi. Çox qəribə idi ki, hədsiz qısqanc xasiyyəti ilə seçilən və mənə sarı adi yad baxışı belə həzm etməyən bu adamın, sözügedən vəziyyətdə bir faiz belə xarakterik cəhətindən nümayiş olunmadı. Nəhayət, bir qədər sonra o mənə maraqla baxıb, "Dəyişilmisən” dedi. "Ola bilər”, - soyuq cavab verdim.

İqbal cibində xeyli eşələndikdən sonra balaca parlaq zolaqlarla bəzədilmiş bir qutu çıxardı:

- Bu, sənə hədiyyədir, - dedi və qutunun qapağını açdı. Son dərəcə nəfis və zərgərin xüsusi ustalığı ilə daş-qaşlarla bəzədilmiş boyunbağı göz oxşayırdı. İqbal üzümdəki ifadəyə diqqət yetirdi və sonra yenidən aktyor libasını geyinərək, titrək səslə "İlk qızsan ki, bu cür hədiyyəyə səni layiq bilirəm” dedi.

Mən qəfil olaraq Moskvada Daşa ilə birgə göz önümdən keçirdiyim görüntüləri xatırladım: İqbalın həyat yoldaşı olan möminə xanım gözlərimin önündə canlandı... Əllərində, boynunda eyni zərgərlik məmulatı. İqbal isə mənim səssizliyimdən valeh olduğumu düşünərək, davam edirdi:

- Bu nəfis əl işindən Yer üzündə yoxdur. Özüm hazırlatdırmışam. İnşallah.... – o, sanki utanaraq başını aşağı saldı: - İnşallah, toy günümüzdə sənə bu boyunbağının bilərziyini də hədiyyə edəcəm...

Mən yalnız indi onun gözlərinin tam dibinə diqqətlə baxdım: qara gözləri ucsuz-bucaqsız dərin quyunu xatırladırdı. O quyunun dibində Moskvadakı park görüntülərindən sonra gecə yuxuma gələn al-qanın içində möminə xanım çabalıyırdı, qurtulmağa can atırdı... Zavallı qadın əllərini mənə açaraq ağlayır, eyni zamanda, harasa işarə edir, uzaq nöqtəni göstərirdi.

Mən onun göstərdiyi istiqamətə boylandıqda isə uzaqda onu səsləyən üç- dörd yaşlarında bir oğlan uşağını gördüm. Budur qadın, uşağını qucaqlamağa, onu qorxudan xilas etməyə tələsir, qəfil hardansa İqbal çıxır, o qadını döyməyə, onun saçlarından tutub yerlə sürüməyə başlayır. Qadın imdad diləyir, sonra isə sükut... Və yenə xatirəmdə acı izlər baş qaldırır, ürəyimi çırpınmağa vadar edirdi; gecə yarısıdır, qadın səssiz ayaqqabılarını geyinir, körpəsini də bağrına basaraq, qapını açmaq, bu evi birdəfəlik tərk etmək istəyir ki, onun gedişindən xəbər tutan İqbal qəfil qadının saçlarından yapışır! Yenə də işgəncələr, ürəkdağlayan səs-nalə, qışqırıq, yalvarışlar, uşağın ağlaması, qorxu, nifrət, kin... və bütün bu qorxu dolu hisslərin qarşılığına cavab verən al-qan! İqbal qadını sürüyə- sürüyə eyvana gətirir və... bir göz qırpımında qadın vahiməli qışqırıq ilə yüksək mərtəbəli binanın tam aşağısında sərilmiş olur. Bir neçə dəqiqə sonra isə İqbal asta addımlarla qurbanının sağ qalıb-qalmadığını yoxlamaq üçün həyətə enir. Artıq canını tapşırmış, bir zamanlar sevgi və etiraflarla həyatını alt-üst etdiyi həyat yoldaşının, övladının anasının boynuna toxunur, nəbzini yoxlayır, sonra isə dərindən nəfəs çəkərək, "şükür Allaha, özü xoşluqla getdi” deyərək ayağa qalxır. Son dəfə qadına baxaraq, qəfil ona sarı yenə əyilir və qanı donmamış boynundan qanlı boyunbağını açır...

Qırmızı qutudakı boyunbağıya dəhşət içində baxırdım. Boyunbağı qırmızı qabda sanki al-qan içində üzür...

İqbalın mənə uzatdığı boyunbağını əllərimə almağımla bir qədər sakitləşdim. Sonra uzun-uzadı boyunbağıya baxdım, yenə xatırladım və yekun qərarım olaraq İqbalın bütün oyunlarına son verməyi düşündüm, qəfil, amma sakit səslə dedim:

- Evləndikdən sonra məni də eyvandan aşağı atacaqsan? - Sonra isə heç nə olmamış kimi eyni tərzdə əlavə etdim: - Yoxsa beynində daha qəddar qətl planı var, İqbal bəy?

Onun bərələ qalmış gözləri sanki gözlərimdə iynə axtarırdı, bir neçə saniyə ağzını quruya düşmüş balıq kimi açıb-yummağa, ciyərlərinə hava almağa çalışırdı. Qəfil sözlərimdən şoka düşdüyündən, əlindəki qəhvə dolu fincanı öz təzə dəstinin üzərinə aşırdı. Yaxınlıqda masa yığışdıran ofisant ona tərəf qaçdı, dərhal təmizləməyə cəhd etdi. O, ofisantın üstünə qışqıraraq, etiraz etməyə başladı, "Yox, yox, etmə, dəymə, toxunma mənə, uzaq ol!” deyə anlamsız qışqırırdı. Əslində İqbalın qorxu və həyəcan içində söylədiyi bu sözlər ofisanta deyil, mənə də deyil, bir zamanlar məsum, kimsəsiz və yazıq bir qızın ruhu qarşısında söylədiyi sözlər idi...

Kafedə əyləşən hər kəs indi artıq özündə olmayan İqbala baxırdı. Bir neçə müddət öncə onu məmnunluqla tamaşa edən gənclər indi həyəcan içində bu vəhşiləşmiş qorxunc məxluqu izləyirdilər. Mənim missiyam baş tutmuşdu; əsl şeytanı üzə çıxara bilmişdim... Məmnunluqla olanları izləyirdim ki, dostum Daşadan ismarış gəldi: "İki nəfər qapı arxasındadır... İsrarla qapını açmağımı istəyirlər”...

Bəli, bir macəra tam bitməmiş ikincisi məni öz ağuşuna alırdı...

Ardı var

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031