Rusiyanın xarici siyasətində yeni mərhələ: qlobal, yoxsa regional güc?

Rusiyanın xarici siyasətində yeni mərhələ: qlobal, yoxsa regional güc?
Dünyanın bir sıra ekspertləri Rusiyadakı prezident seçkisindən sonra bu ölkənin xarici siyasətində baş verə biləcək dəyişikliklər haqqında fikir bildirməkdədirlər.

Onlar hesab edirlər ki, Moskva siyasi kursuna düzəlişlər etməlidir. Hazırda xarici siyasətdə bir sıra ziddiyyətlər mövcuddur ki, bütövlükdə Rusiyada vəziyyəti qeyri-müəyyən edir. Onun Qərb, Şərq, Yaxın Şərq və Cənubla əlaqələrində bir mürəkkəblik yaranır. Eyni zamanda, Moskva xarici siyasət sahəsində konkret uğurlar da əldə edib. Bunu da xarici ekspertlər etiraf edirlər. Lakin Rusiya çox böyük dövlətdir və onun dünyaya ciddi təsiri vardır. Bu səbəbdən də Kremlin xarici siyasəti sistemli və səmərəli olmalıdır. Bu kimi faktorların işığında Rusiyanın xarici siyasətinin növbəti mərhələdə məzmunu ilə bağlı analizə ehtiyac duyuruq.

Seçkidən sonra: Kremlin qarşısında duran vəzifələr

Ekspertlər hesab edirlər ki, Vladimir Putinin 2018-ci ilin martında yenidən prezident vəzifəsinə seçilməsi Rusiyanın xarici siyasətində yeni mərhələnin başlamasına səbəb olmaqdadır. Bunun məhz V.Putinin adı ilə bağlanmasının səbəbi, bizcə, məlumdur. Xarici ekspertlər, xüsusilə, Qərb ölkələrinin mütəxəssisləri Rusiyanın hazırkı geosiyasi durumunun yaradıcısının məhz Vladimir Putin olduğu qənaətindədirlər. Bu səbəbdən də onlar Rusiyanın xarici siyasətinin məzmununda mümkün dəyişiklikləri bu tezisi sinxron qəbul etməklə analiz edirlər. Bununla bağlı bir sıra ABŞ, Avropa və Yaxın Şərq ölkələri ekspertlərinin fikirləri maraq doğurur.

Rusiya Beynəlxalq Məsələlər Şurası həmin mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Onların sırasında Lukaş Kulesa (Böyük Britaniya), Nora Müller (Almaniya), Cozef Fitsanakis (ABŞ), Kemeron Manter (ABŞ), Sara Leyn (Böyük Britaniya) və Səud əl-Sərxan (Səudiyyə Ərəbistanı) vardır (bax: Новый внешнеполитический цикл России: Ожидания и оценки зарубежных экспертов / РСМД, 7 may 2018). Onların hamısının ortaq mövqeyinə görə, hazırda Rusiyanın xarici siyasəti çox mürəkkəb dövrünü yaşayır. Bu ölkənin bir çox ölkələrlə münasibətlərinə təsir edən faktorlar kimi aşağıdakıları göstərirlər: Suriya münaqişəsi, Donbas məsələsi, kibermüharibə, ABŞ-da seçkilərə müdaxilə və Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal ilə bağlı insident. Təbii ki, digər səbəblər də mövcuddur, lakin mütəxəssislər əsas olaraq bunları vurğulayırlar (bax: əvvəlki mənbəyə). Nəticədə, Rusiyanın xarici siyasətində hansı əlamətlər özünü göstərməyə başlayır?

Bu suala cavabı yuxarıda sadalanan faktorlarla bağlı Rusiyaya qarşı atılan addımların fonunda vermək olar. Ekspertlər qeyd edirlər ki, bütün bunlar antirusiya sanksiyalarına növbəti təkan verdi. Hələlik onların aradan qaldırılması ehtimalı yoxdur. Beləliklə, faktiki olaraq Rusiyanın illərdir özünü göstərən dinamik və sistemli xarici siyasət kursunda müəyyən çatlar meydana gəlib. Söhbət həmin problemlərin necə aradan qaldırılmasından gedir. Bu aspektdə Moskvanı ekspertlər elə də şanslı görməyib təxmin edirlər ki, Rusiyanın xarici siyasətinin yeni mərhələsində çətinliklər daha çox olacaq.
Bunlarla yanaşı, məsələn, Lukaş Kulesa vurğulayır: "Bununla belə, son zamanlar Rusiya xarici siyasətdə mübahisə doğurmayan uğurlara nail olub. O cümlədən Çinlə əməkdaşlığı genişləndirib" (bax: əvvəlki mənbəyə). Ancaq ekspertlər bunu bütövlükdə Rusiyanın xarici siyasətdə tam olaraq Şərqə üz çevirməsi kimi qiymətləndirməyi doğru saymırlar. Hətta Səud əl-Sərxan hesab edir ki, Moskva xarici siyasətdə bir qeyri-müəyyənlik içindədir. O, nəzərlərini əvvəlki kimi, əsasən Qərb və Cənuba yönəldib ki, bu da Şərq istiqamətində getdikcə artan riskləri görməmək, o cümlədən Avrasiya bazarında Çinin uğurlarını lazımi səviyyədə qiymətləndirməmək deməkdir. Suriya böhranı ilə Rusiya özünü ərəb ölkələrinə qarşı qoymaqda davam edir. Bu da onun Şərq siyasətini xeyli zəiflədir. Rusiyanın Şərqə istiqamət götürməsinə ehtiyac vardır, lakin Kreml keçmiş qlobal supergüc statusundan regional güc statusuna enməyi qəbul etmək istəmir (bax: əvvəlki mənbəyə).

Seçim məqamı: daha faydalı kurs axtarışı

Digər ekspertlər də təxminən bu fikirdədirlər. Belə çıxır ki, Rusiyanın xarici siyasətinə xas olan bu qeyri-müəyyənlik bütövlükdə qlobal siyasətə mürəkkəblik çaları gətirməkdə davam edəcəkdir. Vladimir Putin çox ciddi strateji qərarlar qəbul etməyə məhkumdur. Hələlik görünən odur ki, Rusiya Qərblə qarşıdurmanı kəskinləşdirir, antiqərb mövqeli ölkələri fəallaşdırmağa çalışır, eyni zamanda, Qərbi daxildən zəiflətməyə cəhd edir. Bu, bütün istiqamətlərdə - Suriya, Ukrayna, Avropa, Yaxın Şərq və Uzaq Şərqdə hiss olunur.

Burada etiraf etmək lazımdır ki, Rusiya Qərblə qarşıdurmada müəyyən olunmuş sərhədi gözləyəcək. Çünki burada da Moskvaya faydalı ola biləcək ölkələr mövcuddur. Buna görə də Rusiya KİV-i ABŞ-la Böyük Britaniyanı, yaxud Amerika ilə Almaniyanı qarşı-qarşıya qoya biləcək məlumatlar ortaya atır. Xüsusilə sanksiya məsələsində Vaşinqtonla Berlin arasında olan ziddiyyətlər daha qabarıq göstərilir. Lakin hələlik bu cəhdlər ciddi nəticələr vermir - Qərb əsas məsələlərdə Rusiyaya qarşı vahid mövqeyini saxlayır.

Buna qarşılıq, ekspertlərin rəyinə görə, Rusiya Şərq istiqamətində siyasətini daha sistemli etməlidir. O, ayrı-ayrı ölkələrlə deyil, bütövlükdə Şərqlə vahid geosiyasi məkan olaraq işləməlidir. Buna mane olan əsas səbəb isə yuxarıda vurğulandığı kimi, Rusiyanın özünü hələ də qlobal supergüc kimi görmək istəməsindədir. Uğurlu alternativ mövqe isə var. Bu, məcburiyyətə deyil, cəlbediciliyə əsaslanan müstəqil güc mərkəzi olmaq xəttinin seçilməsidir! Ekspertlərin bu fikri doğrudan da maraqlıdır. Ancaq onu necə reallaşdırmaq məsələsi tam aydın deyil. Çünki Rusiyanın özünün bu siyasəti yeritmək üçün daxili imkanları yetərli görünmür. Ölkənin iqtisadi sistemi Qərbin inkişaf etmiş sistemlərindən çox geridə qalır. Yeni texnologiyalar çox azdır və Qərb ölkələri, Yaponiya, Cənubi Koreya və Çinlə müqayisə oluna bilməz.
Rusiya hələ də enerji xammalına əsaslanan iqtisadi sistemdən müasir sistemə keçə bilməyib. Bunun nə zaman baş verəcəyi də məlum deyil. Rusiya mədəniyyət sahəsində də Qərbə alternativ ola biləcək bir sistem ortaya qoya bilmir. Bütövlükdə götürdükdə, "yumşaq güc" sahəsində Moskvanın dünya miqyasında ABŞ, Avropa, Yaponiya və Çinlə rəqabət aparmaq imkanları elə də geniş deyil.
Məsələn, "Russkiy mir" layihəsi elə də uğurlu alınmır. Əksinə, Avropaya səfər edən Rusiya vətəndaşları özlərini elə aparırlar ki, əks-reaksiya doğurur. Rusiyalıların adı daha çox terror olaylarında, yaxud ictimai qaydaları pozan şəxslər kimi hallanır. Hətta bu yaxınlarda Türkiyədə istirahət edən bir rus gənc qadının həmyerlilərinin olduqca kobud və ictimai qaydalara uyğun olmayan tərzdə davrandıqlarından öz internet səhifəsində yazıb. Bu kimi keyfiyyətlər çətin ki, Rusiyanı cəlbedici etsin.

Onda belə çıxır ki, Rusiya xarici siyasətdə məcburiyyət elementindən yeni mərhələdə də istifadə etməli olacaq. Bunun isə hansı nəticələr verə biləcəyini təxmin etmək çətin deyil. Hər şeydən əvvəl, gözləmək olar ki, yaxın perspektivdə Qərblə Moskvanın münasibətlərində gərginlik davam edəcək. Bu, həm iqtisadi, həm də geosiyasi-hərbi aspektləri əhatə edəcək. Avropanın Rusiya ilə əlaqələri inkişaf etdirə bilməsi barədə rusiyalı ekspertlərin söylədikləri fikirlərin əsası yoxdur. Avropa Amerika ilə münasibətləri pozsa belə, Rusiyaya yaxınlaşmaz. Əksinə, gözlənilir ki, Donbas və Krım uzun müddət Brüssel-Moskva xəttində gərginlik yaradacaq.

Bunun əvəzində, yeni mərhələdə Rusiyanın Şərq və postsovet məkanında daha da fəallaşmasını gözləmək mümkündür. Hər iki istiqamətdə problemlər vardır. Şərq ölkələrindən Hindistan və Çin kimi böyük dövlətlərin öz ambisiyaları vardır. Bir qisim ölkə isə ABŞ-ın ənənəvi müttəfiqidir. Kremlin bu çətinliyi necə aşa biləcəyi məlum deyil. Postsovet məkanına gəldikdə isə, buradakı münaqişələrin ədalətli həllinə Moskva real yardım etməsə, onun bu məkanda tam möhkəmlənməsi ehtimalı çox azdır. Hələlik Kreml tarazlaşdırma oyunu aparır. Bunun nə dərəcədə səmərəli ola biləcəyini proqnozlaşdırmaq çox çətindir.

Beləliklə, yeni mərhələdə Moskvanın xarici siyasətinin qarşısında ciddi problemlər durur. Bu problemlərin kökü geniş miqyasda Rusiyanın öz geosiyasi rolunu dəqiqləşdirməməsi ilə bağlıdır. Moskva özünü hələ də keçmişdə malik olduğu qlobal güc statusunda görmək istəyir. Buna isə hərbidən başqa, heç bir sahədə imkanı yoxdur. Dünyanın aparıcı geosiyasi dairələri də Rusiyanın regional güc olmasını arzulayırlar. Bu kimi ziddiyyətlər istər-istəməz Rusiyanın xarici siyasətinə bir qeyri-müəyyənlik çaları verir. Ekspertlər bu vəziyyətin nə qədər davam edəcəyi barədə proqnoz verməkdən çəkinirlər. Hər bir halda, onlar əmindirlər ki, Rusiya rəhbərliyi konkret strateji addım atmalı, yəni geosiyasi seçim etməlidir./ newtimes.az


OXŞAR XƏBƏRLƏR