Rafael Cəbrayılov: ”Prezidentin fərmanını təhrif etməyin!”

Rafael Cəbrayılov: ”Prezidentin fərmanını təhrif etməyin!”
Son günlər kitabxanaların fəaliyyəti ilə bağlı müzakirələr gedir. Bildirilir ki, Prezident İlham Əliyevin məlum sərəncamından sonar bəzi kitabların guya ləğv edilməsi, işçilərin ixtisara salınması nəzərdə tutulub. Hətta bəzi kitabxana rəhbərləri həmin sərəncamdan istifadə edərək işçilərə işdən çıxarmaq adıyla təzyiqlər edir. Milli Məclisin deputatı Rafael Cəbrayılov  bildirib ki, bu cür yanaşma kökündən səhvdir:
 
"Bildiyiniz kimi 15 yanvar 2019-cu il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında fərman imzalayıb. Fərmanın adından da göründüyü kimi, məqsəd bu nazirliyin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi, nazirliyin sistemində olan kitabxana, mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s. sahəsində müasir tələblərə uyğun fəaliyyətin yaradılmasıdır. Fərmanın icrası məqsədilə müvafiq komissiya da yaradılmışdır. Qeyd olunan sahələrdə pərakəndə və müasir tələblərə uyğun olmayan fəaliyyətin təkmilləşdirilməsi zərurəti barədə cəmiyyətdə çoxdan fikirler mövcud idi. Əsasən də müasir və ölkəmizin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması məsələsi bu sosial sifarişin mühüm hissəsidir. Əfsuslar olsun ki, yuxarıda qeyd etdiyim sahələrin bəzi rəhbərləri (əsasən də, kitabxanalar) işçiləri öz ərizələri ilə işdən çıxmağa təhrik edir, yeni işciləri işə qəbul edirlər. Narahatedici hal ondan ibarətdir ki, bu ölkə Prezidentinin məlum fərmanına istinad edilməklə həyata keçirilir. Cənab Prezidentin həmin fərmanında bu nazirliyin sistemində olan kitabxanaların ləğv edilməsi fikrini təhrif etmək yolverilməzdir. Kitabxanaların ləğv edilməsi və digər qeyd etdiyim sahələrdə yenidənqurmanın həyata keçiriləcəyi səbəbi ilə işdən çıxarılacaqlarını düşünərək narahat olan insanlar bilməlidir ki, cənab Prezidentin məlum fərmanı bu sahələrdə çalışan şəxslərin işdən çıxarılmalarını deyil, onlar üçün daha muasir iş şəraitinin yaradılmasını nəzərdə tutur. Təəssüf ki, fərmanın icrası ilə bağlı maarifləndirmə işləri də qənaətbəxş səviyyədə deyil. Bəzi insanlar kitabxanaların ləğv edilməsi fikrini məhdud şəkildə, perspektiv planları bilmədən anlayır. Bu məlumatsızlıq isə müxtəlif narahatlıqlara səbəb olur. Bu sahələrdə çalışan bəzi rəhbər şəxslərin yuxarıda qeyd etdiyim özbaşınalıqları da əlavə çaşqınlıqlar yaradır. Mədəniyyət nazirliyinin fəaliyyətində fundamental və müasir dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutan bu fərmanın xalqa izah edilməsi ilə bağlı telekanallarımız təbliğat işlərinə vaxt ayırsalar daha yaxşı olardı. Onsuz da xalqın haqlı narazılığına səbəb olan bayaqı verilişlərin vaxtının az bir hissəsi bu fərmanın izahat işlərinə sərf edilsəydi insanlarımız da məlumatlanardı. Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin fərmanla bağlı izahat işlərində passivlik göstərmələri isə anlaşılan deyil".Ucnoqta

OXŞAR XƏBƏRLƏR