“Qran pri” mükafatçısı Ayan Məmmədlidən Flarmoniyada möhtəşəm ifa -FOTO

“Qran pri” mükafatçısı Ayan Məmmədlidən Flarmoniyada möhtəşəm ifa -FOTO
Bakı şəhərinin qabaqcıl musiqi məktəblərindən biri olan T.Quliev adına onbirillik musiqi məktəbi son günlər Azərbaycan Akademik Dövlət Filarmoniyasında silsilə hesabat konsertləri ilə çıxış edib. Belə ki, 06.04.2019, 11.04.2019 və 12. 04.2019 tarixlərində keçirilən konsertlər, Xalq artisti Yalçın Adıgözəlzadənin drijorluğu ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin və Mustafa Mehmandarovun drijorluğu ilə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşayətilə olub. Konsertlərdə, demək olar ki, məktəbin bütün şagirdləri öz ifaçılıq bacarıqlarını nümayiş etdiriblər. Bu şagirdlər arasında məktəbin "Fortepiano” ixtisası üzrə müəlliməsi Nazilə Yaqubovanın XI sinfində təhsil alan, respublika və beynəlxalq müsabiqələr laureatı, "Qran pri” mükafatçısı Ayan Məmmədlinin möhtəşəm ifası hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb və bütün tamaşaçıları valeh edib. İstər Kamera orkestrinin müşayətilə böyük bəstəkar Bedriç Smetananın "Dənizin sahilində” əsəri, istərsə də Dövlət Simfonik Orkestrinin müşayətilə dahi bəstəkar Anton Rubinşteynin piano və orkestr üçün 4 saylı konsertini böyük şövqlə ifa edən Ayan, hər iki konsert zamanı dinləyicilərini klassik musiqinin sehrinə sala bilib. 
 
Yeddi yaşından etibarən dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq və respublika müsabiqələrində və solo konsertlərdə uğurla iştirak edən Ayan Məmmədli hər zaman respublikamızı layiqincə təmsil edib, böyük uğurlar qazanıb. Bu səfərlər içərisində Ayan Məmmədli keçən ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Niderland Krallığının Haaqa şəhərində Azərbaycanın səfirliyində verdiyi konserti özünün ən yaddaqalan səfərlərindən biri hesab edir. Həmçinin elə həmin il BMT-nin "Beynəlxalq ailə günü” münasibətilə Beynəlxalq Sülh Federasiyasının Danimarkanın Kopenhagen şəhərində keçirilən tədbirə Ayan Məmmədlinin dəvət alması və öz çıxışı ilə tədbirin ən yaxşı iştirakçısı seçilməsi tək Ayanın yox, həm də respublikamızın uğurudur. Ayan bu il məktəbin sonuncu sinfindədir. Onunla söhbət zamanı bildirdi ki, musiqi təhsilini ali musiqi məktəbində davam etdirib, gələcəkdə mükəmməl musiqiçi olmaq arzusundadır. Böyük istedada malik olan Ayan Məmmədlinin indiyənə qədər qazandığı böyük uğurlar, onun gələcəkdə də mükəmməl bir musiqi mütəxəssisi olacağından xəbər verir. Bu yolda ona böyük nailiyyətlər arzu edirik.





OXŞAR XƏBƏRLƏR