Qarabağda savaş olacaq? - Ermənilər qorxu içində

Qarabağda savaş olacaq? - Ermənilər qorxu içində
İrəvanda Azərbaycanın müharibəyə başlamasına Moskvanın xeyir-dua verdiyini bildirirlər

Rusiya prezidenti Vladimir Putinin Nikol Paşiyanı baş nazir seçilməsi ilə bağlı təbrik etməsini Ermənistanda elə də ciddi qəbul etmirlər.

İrəvanda dərc olunan "Jamanak" qəzeti bununla dərc etdirdiyi məqaləsində qarşıda Ermənistana Avrasiya liderlərinin, xüsusilə Rusiyanın ciddi təzyiqi və psixoloji hücumunun gözləndiyini bildirib.

"İrəvan, əlbəttə, Avrasiya İttifaqından xoş münasibət əvəzinə daha mürəkkəb müzakirələrə hazır olmalıdır. Bu mənada, təbriklərin hesabına Nikol Paşiyanın başının altına "yumşaq yastıq” qoymaq çətin ki, alınsın”,- deyə məqalədə vurğulanır.
Məqalə müəllifi hələ də rus "NATO”sunun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsinin həll edilmədiyini xatırladır. Erməni tərəfi qurumun Paşiyanın komandası tərəfindən haqqında cinayət işi qaldırılmış keçmiş rəhbəri Yuri Xaçaturovun yerinə yenidən Ermənistan nümayəndəsinin təyin olunmasını tələb edir. Onların iddialarına görə, rotasiya qaydası üzrə 2020-ci ilin yanvarına qədər qurumun rəhbəri Ermənistan nümayəndəsi olmalıdır. KTMT üzvü olan ölkələrin əksəriyyəti isə Xaçaturovun yerinə Belarus nümayədəsi, Bakıda ali hərbi təhsil almış general Stanislav Zasın təyin edilməsini məqbul sayırlar. 
 
Lakin "Jamanak" qəzeti Paşinyanı daha ciddi təzyiqlərin gözlədiyini vurğulayır və həmin təzyiqlərin nə ilə bağlı olacağını açıqlamır. Əslində isə erməni ictimaiyyəti onun nəyə işarə etdiyini aydın anlayır. Bu, Belarus lideri Lukaşenkonun bir neçə həftə öncə səsləndirdiyi açıqlamalarda öz əksini tapıb. Lukaşenkonun dediyinə görə, aprel döyüşlərindən təxminən bir il sonra, yəni 2017-ci ildə Putinlə birlikdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana Dağlıq Qarabağ ətrafındakı 5 rayonu - Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını Azərbaycana qaytarmağı təkli ediblər. Bunun əvəzində Azərbaycan KTMT-yə daxil olmalı və Ermənistanın yollarını açmalı idi. Eyni zamanda, Türkiyə də həmin variantda Ermənistanla sərhədlərini açmalı idi.
 
Təklif olunan variant Azərbaycan və Rusiya üçün əlverişli idi. Rusiya İrana qarşı sanksiyaların gücləndiyi bir şəraitdə Azərbaycanı hərbi müttəfiqinə çevirmiş olurdu. Azərbaycan isə Qarabağın statusu ilə bağlı heç bir tələb olmadan 5 rayonu geri qaytarırdı.
Əslində, bu varinatdan Ermənistan və erməni xalqı da qazanırdı, hər halda, iqtisadiyyatı çiçkələnmək şansı əldə edə bilərdi və ölkədən son 25 ildə ardıcıl davam edən miqrasiya dayanardı. Yalnız hakimiyyətdə olan Qarabağ klanını bu qane etmirdi. Sirr deyil ki, işğal altında olan ərazilərin sahələri məhz klan təmsilçiləri tərəfindən əkilir və İrəvana daşınaraq burada emal edilir və Rusiya bazarlarına daşınır.
 
Buna görə Serj Sarkisyan həmin variantla razılaşmamışdı və nəticə göz qabağındadır. 2017-ci ilin oktyabr ayında Nikol Paşinyan Rusiyadakı erməni diasporunun dəvəti ilə Moskvaya getdi, orada bir həftə ərzində müxtəlif görüşlər keçirdi. Bunun 2018-ci ilin aprel inqilabına təsiri də özünü göstərdi - mitinqlərə qatılan gənclərin böyük hissəsi Rusiyadakı erməni diasporunu təmsil edirdi.  
 
Yəni Nikol Paşinyan da bu addımı atmağa məcburdur. Əks halda, o da Serj Sarkisyan kimi  vəzifədən getməli olacaq. Ermənilər bunun necə gerçəkləşdiriləcəyi barədə də ehtimallara malikdirlər - Azərbaycan hücum edəcək və Ermənistan ordusu həmin 5 rayonu, bəlkə də daha çox ərazini itirəcək. Böyük insan itkilər nəticəsində baş vermiş məğlubiyyət Paşinyanın reytinqini sıfra endirəcək və Nikol hakimiyyəti tərk etməli olacaq. Bir çox erməni şərhçiləri, o cümlədən populyar analitka saytı "Lragir” bu fikirdədir ki, Rusiya XİN başçısı Lavrov Azərbaycandan münaqişənin həlli üzrə perspektivli təkliflər gözlədiyini dedikdə məhz müharibəni nəzərdə tutur. Yəni xarici işlər nazirinin təmsilində Rusiya Azərbaycanın müharibəsinə xeyir-dua verir.


OXŞAR XƏBƏRLƏR