Putini xilas edəcək 10 minlik qoşun, 2017-ci ilin aprelinə qalan Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Putini xilas edəcək 10 minlik qoşun, 2017-ci ilin aprelinə qalan Qarabağ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ və Rusiya arasında Suriya mövzusunda razılaşmanın olmaması vəziyyətli daha dəhşətli hala aparır. Vaşinqton Moskvaya növbəti xəbərdarlığını edib. Suriya ordusu quru qoşunları və aviasiyanın iştirakı ilə Hələbin şərqini müxaliflərdən azad etmək üçün hücumlara başlayıb. Erməni KİV-inin proqnozuna görə, Qarabağ üzrə danışıqlarda 2017-ci ilin aprelinə kimi irəliləyiş olmayacaq.

 

Rayonların qaytarılması prosesi dayandı - SİRR

 

Ermənistanın "Lragir” saytının yazdığı bir məlumat Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə  danışıqlar prosesinin ləngiməsindəki sirri müəyyən qədər ortaya çıxarıb.
 

"Qarabağ danışıqlarının səngiməsi hər şeydən əvvəl Ermənistanda parlament seçkiləri və hazırki hakimiyyətin dəyişməsi ilə bağlıdır. Seçkilərdən sonra Ermənistan prezidenti Qarabağ üzrə danışıqlar aparmaq hüququnu başqasına verəcək. Hələlik həmin şəxsin kim olduğu həll olunmayıb. İndi Serj Sarkisyan mövcud vəziyyəti saxlamağa çalışır və Qarabağla bağlı qərarlar qəbul etməkdən imtina edir. Ermənistanda hakimiyyətin ötürülməsi prosesindən sonra Qarabağ danışıqlarına qayıtmaq mümkün olacaq. İndiki halda bu, çətin görünür”, - deyə sayt yazıb

İrəvanın "İsgəndər” raketinə sahib olması... – Rus ekspert

 

Rusiyanın Ermənistana verdiyi "İsgəndər” raket kompleksi regionda əlavə təhdid yarada bilər.

 

Bunu Rusiya mətbuatına açıqlamasında hərbi ekspert Pavel Felgenhauer söyləyib. Onun sözlərinə görə, bu silahların İrəvana verilməsi regiondakı qüvvələr balansını dəyişir:

 

"Böyük ehtimalla balansın saxlanılması üçün Rusiya bu cür raket komplekslərini Azərbaycana da satacaq. "İsgəndər” yüksək dəqiqliyə malik silahdır, amma böyük dəqiqlik üçün yaxşı peyk görüntüləri lazımdır. Ermənistana "İsgəndər” raketlərinin hansı modelinin göndərildiyi aydın deyil. Ermənistana eksport versiya olan İsgəndər-E raketləri verilə bilər. Bu isə İsgəndər-M ilə müqayisədə daha pis və daha balaca radiusda fəaliyyətə malikdir. İsgəndər-M isə yalnız Rusiya üçün buraxılır. Bunu isə Rusiya 300 kilometrdən yuxarı məsafədəki ballistik raketlərin yayılmaması haqqında üzərinə götürdüyü beynəlxalq öhdəliyə uyğun olaraq üçüncü tərəfə verməməlidir”. 

 

Putin Dövlət Dumasının spikeri postuna namizədini açıqladı

 

Rusiya prezidenti Vladimir Putin parlamentin aşağı palatası olan Dövlət Dumasının spikeri postuna Kreml administrasiyasının başçısının birinci müavini Vyaçeslav Volodinin namizədliyini təklif edib.

 

Dövlət başçısı bu barədə seçkilərin nəticəsinə görə, Dövlət Dumasına keçən partiyaların liderləri ilə görüşdə bildirib. "Bu, sözsüz ki, deputat korpusunun işidir. Amma biz baş nazir və "Vahid Rusiya” Partiyanın lideri Dmitri Medvedevdən xahiş edəcəyik ki, Vyaçeslav Volodinin namizədliyini dəstəkləsin”, - deyə Putin deyib.

 

Volodin 18 sentyabrda Dövlət Dumasına keçirilən seçkilərin nəticələrinə görə, deputat seçilib.

 

Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı

 

Sovet İttifaqı Kommunist Partiyası SSRİ-nin dağılmasına görə məsuliyyət dayışır.

 

Bunu Rusiya prezidenti Vladimir Putin sentyabrın 18-də keçirilən seçkilərin nəticəsinə görə Dövlət Dumasına keçən partiyaların liderləri ilə görüşdə bildirib.

 

Onun sözlərinə görə, Kommunist Partiyası SSRİ üçün dağıdıcı ideyaları irəli çəkirdi.

 

"Mənim SSRİ-nin parçalanmasına münasibətimi bilirsiniz. Bunu etməmək lazım idi. O zaman ölkədə demokratik xarakterli dəyişiklikləri keçirmək mümkün idi. Amma Kommunist Partiyası millətçilik və başqa dağıdıcı ideyaları irəli çəkirdi. Bunlar istənilən dövlət üçün məhvedicidir”, - Kreml lideri deyib.

 

Qeyd edək ki, Putin daha əvvəl SSRİ-nin dağılmasını XX əsrin ən böyük faciəsi adlandırıb.

 

Rusiya prezidenti ilə görüşü zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə ölkədə üçpartiyalı sistemin yaradılmasını təklif edib. Onun sözlərinə görə, solçular bir partiya yaratmalıdırlar: "Onların indi 12 partiyası var. Onları bir yerə yığıb elə etmək lazımdır ki, oradan birləşmiş partiyanın bayrağı altında çıxsınlar”. 

 

Ərdoğan Putini təbrik etdi – XİN isə seçkiləri tanımadı

 

Türkiyənin Xarici İşlər Nazirliyi 18 sentyabr 2016-cı il tarixində Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində Krımda keçirilən seçkilərin nəticələrini tanımır.

 

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgic nazirliyin rəsmi saytından verdiyi yazılı açıqlamasında Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyini vurğulayıb. Tanju Bilgic qeyd edib ki, Türkiyə Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və buna görə də Krımda keçirilən seçkilərin nəticələrini hüquqi cəhətdən tanımır.

 

Daha əvvəl Kremlin rəsmi saytından verilən açıqlamaya görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edərək onu seçkilərdə qələbə qazandığına görə təbrik edib.

 

Putini 10 minlik Qafqaz qoşunu xilas edəcək – Kadırovun XÜSUSİ MİSSİYASI

 

Demək olar ki, bir il əvvəl - 30 sentyabr 2015-ci ildə Rusiya Suriyada hərbi əməliyyata başladı. Kənardan verilən dəstəyə baxmayaraq, Bəşər Əsədin ordusu heç bir əhəmiyyətli müvəffəqiyyətə nail olmayıb: ölkə ərazisinin 60-70 faizi Dəməşqin nəzarətində deyil, əhali və hətta hərbçilər öz fəaliyyəti ilə məşğul olmayan xüsusi xidmət orqanlarının vergisi altındadır.

 

"Gazeta.ru” saytının hərbi müşahidəçisi Mixail Xodarenokun fikrincə, bu cür müttəfiqlə müharibəni udmaq çətindir.

 

Rusiya Silahlı qüvvələrinin əhəmiyyətli hissəsi Suriyadan çıxarılıb. Faktiki olaraq, Xmeymim bazasında yalnız bir aviaqrup qalıb. Hərbi müşahidəçinin sözlərinə görə, məlumatlar var ki, Kremldə siyasi qərar qəbul edilib: Suriyada Rusiya qoşunlarına çəkilən xərcləri maksimum azaltmaq və döyüş əməliyyatlarını büdcə məhdudiyyətləri nəzərə alaraq aparmaq. "Qruplaşmanı azaltmaq, benzinə qənaət etmək, aviasiyanın ağ neftini qorumaq. Bombalar isə qurtarır”, - Mixail Xodarenok yazıb (//publika.az/p/151323).

 

Saakaşvilidən ŞOK PROQNOZ: "Üç il..”

 

"Ukrayna Ali Radanın indiki tərkibi ilə Avropa ölkəsi ola bilməyəcək”.

 

Bunu Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "112 Ukrayna” telekanalının efirində deyib. "Siyasi elitanın dəyişməsi milli təhlükəsizlik məsələsidir. Ukrayna indiki elita ilə Avropa ölkəsi ola bilməz. Bu parlamenti daha üç il saxlamaq mümkün deyil”, - qubernator bildirib 

Moskvaya SƏRT XƏBƏRDARLIQ: "...yoxsa şans qalmayacaq”

 

ABŞ və Rusiyanın Suriyada atəşkəsin uzadılması mövzusunda razılaşmadığı ortaya çıxıb.

 

ABŞ-ın dövlət katibi Con Kerri Rusiya və Suriya bu məsələdə ciddi olmadan irəliləyişin əldə olunmayacağını deyib. "Bu qapını tək olaraq açıq saxlaya bilmərik. Rusiya və Suriya rejimi öz öhdələrinə düşəni etməlidir, yoxsa heç bir şans qalmayacaq. Əlimizdə bir razılaşma olmadığı halda "razılaşma var” deyə bilmərik. Atəşkəs olmadığı halda "atəşkəs var” deyə bilmərik”, - Kerri bildirib.

 

Jurnalistlərin suallarını cavablandıran bir amerikalı səlahiyyətli Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında dünən keçirilən görüşün gərgin keçdiyini qeyd edib.

 

Suriya ordusu isə quru qoşunları və aviasiyanın iştirakı ilə Hələbin şərqini müxaliflərdən azad etmək üçün hücumlara başlayıb.

 

Ərdoğan: "Dəfələrlə onlara dedim ki...”

 

ABŞ-ın Nyu York şəhərində türklərlə görüşən Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Cocef Baydenlə aralarında baş tutan bir dialoqu danışıb.

 

Prezident ABŞ-ın Yaxın Şərqdə terrorçuluqla mübarizədə səmimi olmadığını deyib: "Koalisiya qüvvələrinə 65 ölkə daxildir. Bir İŞİD-i yox edə bilməyəcəyik? İŞİD-in hazırda Suriyada 10 min döyüşçüsü var. İraqda da 10 min döyüşçü var. Dəfələrlə onlara dedim, əl-ələ verək, bitirək bu İŞİD-i, qaçmağa dəlik axtarsınlar. Yenə deyirəm, siz başqa terror təşkilatı ilə danışıqlara getsəniz, PYD və YPG ilə iş bitməz. Çünki onlar da terror təşkilatıdır. Hamısı terrorçudur, hamısı pisdir. ABŞ Kobanidə terrorçu təşkilatlara silah verib. Dünən cənab Baydendən soruşdum ki, bundan xəbəri varmı? "Yox” dedi. "Ancaq mənim xəbərim var”, - dedim. Bu hal əvvəl də təkrarlanmışdı”.

 

Səudiyyə Ərəbistanından İrana inqilabi ÇAĞIRIŞ

 

Səudiyyə Ərəbistanı hökuməti dünyada neft hasilatının azaldılması üçün İran dövlətinə çağırıb edib.

 

Gələn həftə Əlcəzairdə keçiriləcək OPEK-ə üzv ölkələrin toplantısında da bu məsələ gündəmə gətiriləcək.

 

Səudiyyə Ərəbistanı hökumətinin rəsmisi çağırış edib ki, əgər İran neft hasilatını azaltsa, Səudiyyə hökuməti də eyni addımı atmağa hazırdır: "Əgər rəsmi Tehran gündəlik neft hasilatını 3,6 milyon barelə endirsə, o zaman Ər-Riyad hökuməti də istehsalı azaltmağa hazırdır”.

 

BMT Baş Assambleyasında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani söyləyib ki, bəzi dünya ölkələrinin son 15 il ərzində terrorizmi yayması dünyanı təhlükəli hala gətirib. Onun sözlərinə görə, terrorizmin daha geniş yayılmasına bəzi ölkələrin hərbi işğalları və repressiyaları da şərait yaradıb.

 

Ruhani həmçinin BMT-dən Səudiyyə Ərəbistanına da çağırış edib:

 

"Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ədalətsiz fəaliyyətlərinə son verməlidir. Əgər Ər-Riyad regional təhlükəsizlik və inkişaf istəyirsə, o zaman gərək öz qonşularını təhqir edən və nifrət ideologiyalarının yayılmasına səbəb olan siyasətinə son versin”.

 

Şimali Koreya ordusunun Baş Qərargahı ABŞ-ı hədələyib. "Əgər ABŞ özünün B-1B strateji bombardmançılarının sərhədlərimiz yaxınlığında uçuşlarını dayandırmasa, biz onun Quam adasındakı aviabazasını məhv edəcəyik”, - bəyanatda deyilir,

 

Qeyd edək ki, Quam ABŞ-ın Sakit okeandakı ən böyük hərbi bazalarından biridir. Vaşinqton artıq yüz ildir ki, bu adada öz bazasını saxlayır.(publika.az)


OXŞAR XƏBƏRLƏR