Neft ixracatçıları İstanbulda görüşəcəklər

Neft ixracatçıları İstanbulda görüşəcəklər

 

Əlcəzairdən sonra Türkiyədə də hasilatın azaldılması müzakirə olunacaq.


Oktyabrın 9-13-də Türkiyənin İstanbul şəhərində baş tutacaq 23-cü Beynəlxalq Enerji Konqresində Rusiyanın energetika naziri Aleksandr Novakın da iştirak edəcəyi bildirilib. Rusiyalı nazirin tədbir çərçivəsində OPEC-in baş katibi Məhəmməd Barkindo və təşkilata üzv olan digər ölkələrin nazirləri ilə görüşəcəyi planlaşdırılıb.


Bununla bağlı məlumat verən A.Novak  görüşdə  Əlcəzairdə qəbul edilən qərarın (hasilatın azaldılması) əsas müzakirə mövzusu olacağını qeyd edib. Onun, həmçinin  Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə də görüşəcəyi, lakin bunun konkret vaxtının müəyyən olunmadığı da vurğulanır.


Maraqlısı isə odur ki, Rusiya OPEC-in neft hasilatını azaltmaqla  bağlı çağırışlarını "iki əlli” dəstəkləməsinə  baxmayaraq, bu ölkənin Energetika Nazirliyi yerli neft istehsalında yeni artım rekordu qeydə alıb. Bununla da Rusiyada sentyabr ayında keçmiş Sovet İttifaqı dövründən sonra ilk dəfə neft hasilatı gündəlik 11,11 milyon barelə çatıb. Bu rəqəm, həmçinin əvvəlki ayın göstəricisi ilə müqayisədə 4 faiz çoxdur. Artıma Rusiyanın da iştirak etdiyi neft hasilatının "dondurulması” ilə bağlı müzakirələrin səbəb olduğu bildirilir.


Ancaq hasilatın artımı neftlə məhdudlaşmır. Nazirliyin məlumatında bildirilir ki, sentyabr ayında təbii qazın hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Beləliklə də gündəlik təbii qaz hasilatı 1,71 milyard kubmetrə yüksəlib. Bu rəqəm eyni zamanda,  avqust ayı ilə müqayisədə 16,5 faiz artım deməkdir.


Qeyd edək ki, 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq 23-cü Beynəlxalq Enerji Konqresi ilk dəfə 1924-cü ildə təşkil olunub.  Konqres "Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək.



OXŞAR XƏBƏRLƏR