Nazir devalvasiya anonsunu verdi?

Nazir devalvasiya anonsunu verdi?
Azərbaycanda USD/AZN məzənnəsində maksimum hədd 1,92 manat olub, təqribən o həddə qədər oynaqlıq ola bilər.
 
Sfera.az bildirir ki, bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli maliyyə naziri Samir Şərifovun "milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil" sözlərini şərh edərkən deyib.


Samir Şərifovun dediyində həqiqətlər var


Onun sözlərinə görə, Samir Şərifovun dediyində bəlli həqiqətlər də var: "Doğrudan da qeyri-neft sektorunda, real sektorunda istehsalı və ixracatı güclü olan və turizm sahəsinə üstünlük verən ölkələr həmişə çalışırlar ki, öz milli valyutaları ciddi şəkildə dəyər qazanmasın. Milli valyutası zəif olan ixracatçı ölkələr daha çox ixracat etməyə, daha çox turist qəbul etməyə meyilli olurlar. Bu ilin avqust-sentyabr aylarında Türkiyədə lirə kəskin dəyərdən düşməsinə baxmayaraq, turizm sahəsində çalışanlar bundan yaxşı qazanc götürdülər, çünki bu sahədə həmin dövr 18%-ə yaxın artım oldu".


Azərbaycanda üzən məzənnə yoxdur


Ekspert hesab edir ki, Azərbaycan əgər turizmi inkişaf etditmək və qeyri-neft sektorunun ixracatını artırmaq istəyirsə, təbii ki, manatın məzənnəsinin çox möhkəmlənməsinə çalışmamalıdır: "Amma problem ondan ibarətdir ki, bizdə istehsal sahələri çox zəifdir. Qeyri-neft ixracatı kənd təsərrüfatından kənara çıxa bilmir, çox zəif inkişaf edib. Buna görə də bizdə manatı n məzənnəsinin dəyişməsi, dolların bahalaşması bütün sahələrə ciddi təsir göstərir, çünki idxaldan çox asılı ölkəyik. Ölkədə hansı sahəni götürsək, idxal mallarının üstünlüyünü görəcəyik. Bu səbəbdən Azərbaycanda məzənnə siyasəti daha ehtiyatla aparılır. Heç bir üzən məzənnə rejimindən artıq söhbət getmir. 2015-2016-cı illərdə üzən məzənnə rejimi barədə çox danışılırdı. Biz israrla deyəndə ki, Azərbaycanda üzən məzənnə yoxdur, inzibati məzənnə var, bunu sübut edəndən sonra Maliyyə Nazirliyi, Mərkəzi Bank daha üzən məzənnə barədə danışmır".


Manatın məzənnəsini saxlamaq sərf etməyəcək


Onun sözlərinə görə, hamıya məlumdur ki, məzənnə sırf inzibatidir, qərarla müəyyənləşdirilir və hökumətin siyasətindən asılıdır: "Samir Şərifovun dediyində bir həqiqət var ki, neftin qiyməti kəskin düşsə və biz qeyri-neft sektoru ilə turizmi inkişaf etdirmək istəyiriksək, manatın məzənnəsini belə sabit saxlamaq baha başa gələcək və bir müddətdən sonra məzənnədə yüngül dəyişikliklər etməyin zamanı gəlib çatacaq. Bu həm də Azərbaycan Respublikası Dövlət Neft Fondunda olan vəsaitlərin qənaət edilməsinə xidmət göstərəcək. Obrazlı desək məsələn, bizdə büdcənin yarısı Neft Fondundan olan transfertlərdir. Əgər USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində qalarsa, Neft Fondundan büdcəyə transfertlər təxminən 6,4 milyard dollar təşkil edəcək, manat 10-15% dəyərdən düşsə, hökumət Fonddan 500 milyon dollar həcmində vəsaitə qənaət edəcək. Bunu da nəzərə alsaq, düşünürəm ki, Samir Şərifovun dedikləri gələcəklə bağlı ilkin siqnallardır. Yəni manatın məzənnəsinin uzun müddət sabit saxlanılması iqtisadi baxımdan hökumətə sərfəli olmayacaq".


Bir gecəlik devalvasiyalar...


Bəs manatın məzənnəsində kəskin dəyişikliklər gözləmək olarmı? N. Cəfərlinin fikrincə, bu, neftin qiymətlərindən asılı olacaq: "Fəlakət ssenarisini düşünsək ki, neftin qiyməti kəskin ucuzlaşaraq 1 barelə görə 40 dollar səviyyəsinə düşəcək, o zaman manatın məzənnəsində daha kəskin dəyişikliklər olacaq. İndiki 50-60 dollar aralığında qalacaqsa, manatın məzənnəsi ilə bağlı yumşaq addımların olması ehtimalı yüksəkdir. Hökumət kəskin addımlar atmaq istəmir, çünki devalvasiyaların ölkə iqtisadiyyatına vurduğu zərərləri də görüb. Böyük devalvasiya bank sektorunu demək olar durğunluq vəziyyətinə gətirdi, problemli kreditləri artırdı, iqtisadiyyata ciddi ziyan vurdu. Çox güman ki, kəskin addımlar, bir gecəlik devalvasiyalar olmayacaq. Yumşaq şəkildə manatın məzənnəsinin dəyərdən düşməsi ola bilər. Yeri gəlmişkən USD/AZN məzənnəsində maksimum hədd 1,92 manat olub, təqribən o həddə qədər oynaqlıq ola bilər.


Xatırladaq ki, S. Şərifov AzTV telekanalında deyib ki, milli valyutanın son dərəcə möhkəmlənməsi Azərbaycan üçün faydalı deyil: "Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır. Son illər ölkədə həyata keçirilən siyasət makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın dəstəklənməsinə yönəldilib".


2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaşıb. 2017-ci ildə manat Mərkəzi Bank tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində manat dollara nisbətən 0,01% möhkəmlənib.



OXŞAR XƏBƏRLƏR