\"Naxçıvan təcrübəsindən istifadə etməliyik\" - Ekspert

\
"Bu məsələnin həllinə və şəhərimizin təmizliyinə nail olmaq istəyiriksə, əsas diqqəti inzibati metodların gücləndiriməsinə yönəltməliyik”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda insanların bir hissəsinin hələ də kağız parçasını, sellofanlar və torbaları hara gəldi atmaqda davam etmələrinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib:
 
"İnsanların pis vərdişlərə aludə olmasının qarşısını maarifləndirmə yolu ilə almaq mümkün olmayanda, yeganə olaraq inzibati təzyiq yolu qalır. Bu təcrübə öz müsbət təsirini Naxçıvanda göstərib. Burada insanların hara gəldi, kağız, zir-zibil, siqaret kötüyü atmasına nəzarət gücləndirilib. Nəticədə həmin sahədə insanların davranışında kifayət qədər irəliləyiş var. Yəni sözügedən məsələyə qarşı mübarizə Naxçıvanda öz müsbət nəticəsini verib. Bu o deməkdir ki, ölkəmizin digir yerlərində də bu sahədə nəticə əldə etməyin ən yaxşı yolu inzibati metodlardır. Hadisələrin gedişi göstərir ki, burada ayrı yol yoxdur. Digər yollarla bu günə qədər insanları həmin pis vərdişlərdən xilas edə bilməmişiksə, həmin vasitələrdən yenidən istifadə nəticə verməyəcək. Dəfələrlə şahidi olmuşam, xüsusən də gənclərimiz əlindəki kağız parçasını zibil qutusuna atmaq əvəzinə, onu yerə tullayır. Hətta bu hərəkətlərindən həzz alır və gülərək deyirlər ki, "biz düzələn deyilik, müsəlmanıq”. Yəni az qala həmin əməllərilə fəxr edirlər. Ona görə də bu məsələnin həllinə və şəhərimizin təmizliyinə nail olmaq istəyiriksə, təbii ki, maarifləndirmə tədbirləri də öz yerində, ancaq əsas diqqəti inzibati metodların gücləndiriməsinə yönəltməliyik. Bu müstəvidə də düşünürəm ki, ciddi cərimələr tətbiq edilməlidir. Həmçinin, bu istiqamətdə geniş kampaniyalar da həyata keçirmək olar. Məsələn, könüllülərdən ibarət dəstə ilə şəhərin təmizliyinin qorunmasına yönəlik addımlar atmaq olar.
 
Moskvada başı qırxıqlar dəstəsi şəhərə düşərək, kim yerə siqaret atırdısa, ona yaxınlaşıb boynundan tutaraq, "bura sənə Özbəkistan deyil” deməklə atdığı zibili götürməyə məcbur edirdilər. Yəni sözügedən müstəvidə müsbət nəticə əldə etmək istəyiriksə, həmin istiqamətdə bir neçə qüvvəni hərəkətə gətirmək olar. Prosesin həlli ümumiyyətlə konpleks tədbirlərin həyata keçirilməsini vacib edir”.
 
Qeyd edək ki, Azərbaycanda hələ də əksər insanlar, xüsusən də gənclərimiz əllərində olan kağız parçası, siqaret kötüyünü hara gəldi atmaqda davam edirlər. Onlar hətta yaxınlıqda zibil qutusu olsa da belə, əllərindəki kağızı yenə də yerə atmaqdan sanki həzz alırlar. Dəfələrlə, bu kimi xoşagəlməz hallara qarşı təbliğat və mübarizə aparılıb. Amma buna baxmayaraq, insanlar yenə də bu məsələdə sivil dünyagörüşündən uzaq olduqlarını nümayiş etdirməkdə davam edirlər. Düzdür, bu gündən etibarən İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə edilən əlavə əsasında qüvvəyə minən qanuna görə, siqaret kötüyünü hara gəldi atanlar cərimə olunacaqlar. Ancaq hələlik bu məsələ yalnız siqaretə şamil edilir. Halbuki, insanlar yuxarıda qeyd etdiyimiz kimi, kağız parçasını, əlindəki lazımsız torbaları, zibil qutularını, yedikləri hər hansı bir ərzağın büküldüyü sellofanı belə bir çox hallarda yolun üzərinə atmaqda davam edirlər.
 
ELÇİN
Sfera.az





OXŞAR XƏBƏRLƏR