Maqazİn

Musiqili Teatrda möhtəşəm premyera

Musiqili Teatrda möhtəşəm premyera
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası təqdim olunub.

İdeya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu möhtəşəm tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.  Nuri-didə Ceyhun" pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir.Anşlaqla keçən premyerada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri iştirak ediblər.
 
Böyük diqqət və marağa səbəb olan "Nuri-didə Ceyhun" üçün xoş təəssüratlarını gizlətməyən tamaşaçılar aktyorlara gül-çiçək dəstələri hədiyyə edərək xatirə şəkilləri çəkdiriblər. Premyerada rolları Əməkdar artistlər Pərviz Məmmədrzayev, Nəsibə Eldarova, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov,  Mehriban Zalıyeva və 14 yaşlı aktyor Hüseyn Nağıyev ifa ediblər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.
 
AdRiver

XƏBƏR LENTİ