Müavinət artımı neçə nəfərə şamil ediləcək? - Açıqlama

Müavinət artımı neçə nəfərə şamil ediləcək? - Açıqlama

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev tərəfindən yanvarın 19-da sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan daha iki Fərman imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir.

Fərmanda müharibə əlillərinə Azərbaycan prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib. Fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 19 yanvar 2016-cı il tarixli Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur.

Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR