Məşhur “KVN”çidən ŞOK AÇIQLAMALAR

Məşhur “KVN”çidən ŞOK AÇIQLAMALAR
“Planeta Parni iz Baku” teatrının rəhbərliyi və aktyorları misli görünməmiş ədalətsizliklə üzləşdiklərini bildiriblər. Onların sözlərinə görə, məmurları tənqid etdiklərinə görə hədə–qorxularla üzləşirlər. Onlar eyni zamanda, tənqidlərinə görə “Space“, ATV kimi telekanallarda məhdudiyyətlərlə üzləşdiklərini deyirlər. Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov bütün bunlar barədə oxu.az-a danışıblar.

Tahir İmanovun sözlərinə görə, hər şey onların yazda səhnəyə qoyduqları tamaşadan sonra başlayıb: “Orada “Hit–parad” rubrikası vardı, əsas qəhrəmanlardan biri də polis idi. Həmin tamaşamız telekanalda efirə verilən zaman polis hissəsi eybəcər şəkildə kəsilmişdi. Son nəticədə bütövlükdə tamaşanın çox qeyri–peşəkar hazırlandığı görüntüsü yaranmışdı. Sonra polislə bağlı bütün hissələri kəsməyə başladılar. Mən “Space” rəhbərliyinə zəng elədim, iki gün ərzində cavab verən olmadı.

İcraçı direktor dedi ki, “heç nədən xəbərim yoxdur, araşdırıb sizə deyərəm“. Sonra məni Vaqif Mustafayevin rəhbərliyilə telekanala dəvət etdilər. Mənə dedilər ki, “polisi tənqid eləmək olmaz“. Soruşdum, “Niyə? 90-cı illərdə, 2000-ci illərdə, bu ilin fevralına qədər olardı, indi olmaz?” Dedi ki, “olmaz, vəssalam“. Soruşdum ki, “sizə polis rəhbərliyindən zəng eləyiblər?” Cavab verdi ki, yox, guya, özü belə qərar verib. Onda dedim ki, “nəyə əsasən belə qərara gəlmisiz?” Cavab verdi ki, “olmaz, vəssalam“. Soruşdum ki, “bəs başqalarını olar?” Dedi ki, “hələlik başqalarını olar, amma onları olmaz“.

Tahir İmanovun sözlərinə görə, baş verənlərin mənasını anlamaq mümkün deyil: “Bizə deyirlər ki, “siz polisin nüfuzuna zərbə vurursuz!” Axı bu gülməlidir, nonsensdir! Deyirəm ki, “Vaqif müəllim, bəs “Youtube“dakı çoxsaylı videolar necə olsun? O videolarda polislər özləri özlərini nüfuzdan salırlar.

Biz özümüzdən yeni heç nə düşünüb quraşdırmırıq. Əgər ölkə rəhbərliyi hər müşavirədə hüquq–mühafizə orqanlarında neqativ hallar olduğunu deyirsə, biz niyə deyə bilmərik?”

Tahir İmanovun sözlərinə görə, “Space” rəhbərliyilə bu söhbətdən sonra onlar başqa telekanalda yayımlanmaq qərarı veriblər. Orada isə daha çox qadağa ilə üzləşiblər: “Dedilər ki, polisi, vergi müfəttişliyini, gömrüyü, Fövqəladə Hallar Nazirliyini və s. tənqid eləmək olmaz. Bildirdilər ki, “siz vergini tənqid edirsiz, sonra onlar bizə yoxlama göndərirlər, yaxud da nazirlər bizə zəng eləyib hədələyirlər“. Onlar ölkə rəhbərliyinin adından spekulyasiya edirlər. Onların sözlərinə görə, məhz ölkə rəhbərliyi bunu qadağan edir. Cəfəngiyyatdır. Biz bilirik ki, ölkə rəhbərliyi problemin demokratik yolla həllinin tərəfdarıdır.

Rəhmətlik Heydər Əliyev deyirdi ki, bu və ya digər sahədə mövcud olan mənfi halları, problemləri göstərmək vacibdir. Heydər Əliyev konsertdən sonra bizimlə görüşəndə demişdi ki, “siz xeyirli işlər məşğulsunuz, çatışmazlıqları göstərirsiz və düz də edirsiz“. Bütün bunlar ona görə edilir ki, hər kəs öz mənfi tərəflərini görsün və onları aradan qaldırmağa cəhd göstərsin. Elədiklərimizin hamızı ölkəmizə sevgidən, çatışmazlıqları yox etmək cəhdindən irəli gəlir“.

Tahir İmanov qeyd edib ki, onların son iki konserti efirə verilməyib: “Son konsertimizi yazda göstərməli idilər. Həmin ərəfədə bir həftəyə yaxın anonsu getdi. Bazar günü ATV–dən zəng eləyib dedilər ki, “nazirlərin uşaqlığını gülüş hədəfinə çevirdiyiniz, polisi, gömrüyü, vergini tənqid etdiyiniz səhnələri kəsəcəyik“. Soruşdum ki, “təkcə aparıcının mətni qalacaq?” Dedilər ki, “kəsəcəyik, vəssalam“. Onda bildirdim ki, “əgər rəhbərlik konsertlərimizə gələndə bizi kəsməyiblərsə, indi də bunları kəsməyə heç kimin haqqı yoxdur“. Eybi yox, mən razıyam ki, konsertlərimizi iki, üç il efirdə göstərməsinlər, qoy rəflərdə qalsın, sonra onları göstərərik“.

Tahir İmanov qeyd edib ki, “Lider” telekanalında çıxışlarına 2003-cü ildən konkret qadağa qoyulub. ANS–dən isə bildirilib ki, onların formatı telekanala uyğun deyil.

“Bu kanallara çıxış bizə qadağan olunub. Amma Azərbaycan xalqının hisslərilə oynayanlar üçün sərbəst çıxış var“, – deyə Tahir İmanov bildirib.

Teatrın rəhbərinin sözlərinə görə, bir çox prodakşnlar öz layihələrində, seriallarda tənqid edirmiş, amma onlara da qadağa qoyulub: “Bunu açıq şəkildə bildirirəm, onlar məmurların təzyiqlərindən qorxurlar. Əgər susurlarsa, deməli, qorxurlar. Demirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşları telekanallara zəng edərək deyiblər ki, polisləri tənqid eləmək olmaz, nöqtə. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bizim proyektlərə baxmaqdan başqa işi yoxdur. Onlar bizim konsertlərimizi əzbər bilirlər“.

Teatrın aktyoru Azər Məmmədzadə bildirib ki, əvvəllər nazirlər onlara sadəcə, zəng eləyirdi, indi isə nazirlərin adından zəng edib hədələyirlər.

OXŞAR XƏBƏRLƏR