\"Medalsız da gələ bilərsiniz, bu, eramızın son olimpiya oyunu deyil\" - Məşhur aparıcı olimpiyaçılara səsləndi

\
"Olimpiadada məğlub olan idmançıların bəraət tipli çıxışları mənə DYP-nin saxladığı şəxslərin "bir də eləmərəm" tipli müraciətini xatırladır”.
 
Sfera.az bildirir ki, bunu "Avtostop” verilişinin aparıcısı Tural Yusifov deyib. O bildirib ki, idmançıların hamını məğlub etmək və ya məğlubiyyətsiz olmaq kimi bir öhdəliyi yoxdur:

"Biz azarkeşlər "çıxanı yıx, qaçanı tut" deyə bilərik, çünki həvəskarıq.  Sən isə peşəkarsan, problem bizdədir. Övladımızın prokuror, məmur olmasını arzulayırıq, amma daha sonra şikayət edirik ki, niyə filan idmançımız güclü deyil? Sən idmana uşaq verməyəndə bu idmançılar inkubatorda yetişəcək?
Şəhərində velosiped yolu yoxdur, amma sən şosse velo yarışından qızıl medal gözləyirsən. "Niyə ayağı sudurğa oldu? Üzgüçü yəqin boğulub". Biz məsələyə lağ-lağı pəncərəsindən, idmana sadəcə həyatımızda olan keçici bir şey kimi baxırıq. Hətta övladımız idmanla məşğul olanda "idmançı rasiyonu nədir” onu belə bilmirik. Məşqdən gələnə yağlı qoyun əti verə bilərik”.

Aparıcı peşəkar idmançının çox çətin yetişdiyini vurğulayıb:

"Qulağının dibində dənizdir, amma üzgüçülüklə neçə nəfər məşğul olur? 

Kim övladına baxıb: "sən peşəkar triatlonçu olacaqsan" deyib onu o istiqamətə yönəldir ki? Bizim evlərdə potensial icra başçıları və baş həkimlər böyüyür. "Oxu", "hamısı 5 olsun",  "tarixdən niyə 4 almısan?", "riyaziyyatı niyə bilmirsən?" kimi cümlələrlə uşaqları robot edirik. Peşəkar idmançı yetişdirmək üçün məşqçi, şərait və peşəkar idmançı olmaq istəyən uşaq lazımdır. 
 
Uşağın valideyni, qəyyumunun düşüncəsi də önəmlidir. Hörmətli olimpiyaçılar, işinizi görün. Çıxın və vuruşun. İllah ki, "hamınız medalla gəlin” kimi bir tələb ola bilməz. Heç kim meydana məğlub olmaq üçün çıxmır, rahat olun. Medalsız da gələ bilərsiniz. Bu, eramızın son olimpiya oyunu deyil, faciə baş vermir. Səhvləri təhlil edəcəksiniz, nəticə çıxarıb bundan sonra daha yaxşı yer üçün  əziyyət çəkəcəksiniz. Bu bəraət videolarını etməyin, xahiş edirəm”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR