MB uçot dərəcəsini aşağı salır, banklar isə əhəmiyyət vermirlər-Niyə?

MB uçot dərəcəsini aşağı salır, banklar isə əhəmiyyət vermirlər-Niyə?

"Problem mərkəzləşdirilmiş kreditlərin bankların aktivindəki həcminin kifayət qədər aşağı həddə olmasından və bazarda rəqabətin zəifliyindən qaynaqlanır”

 

Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın fevralın əvvəlində uçot dərəcəsini aşağı salmasına rəğmən kommersiya banklarının kredit faizlərində hələ də hər hansı bir dəyişikliyə getməmələrinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

 

"Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmasına baxmayaraq, bankların kredit faizlərini yüksək saxlamaqda davam etmələri mövzusunda dəfələrlə fikir bildirmişik. Məsələ ondadır ki, Mərkəzi Bank faktiki olaraq mərkəzləşdirilmiş kreditlərin bankların kapitalındakı aktiv payları kifayət  qədər aşağıdır. Mərkəzi Bank rəhbəri Elmar Rüstəmovun özünün açıqladığı rəqəmə görə banklara həmin qurum tərəfindən cəmi 400 milyon manat civarında kredit verilib. Bu da kifayət qədər kiçik rəqəmdir. Bazarda  bankların təxminən 12-13 milyard manat arasında kreditinin olduğunu nəzərə alsaq, 400 milyon kifayət qədər kiçik rəqəmdir. Ona görə də Mərkəzi Bankın banklara satdığı pulun faiz dərəcəsinin aşağı endirilməsinin birbaşa olaraq bazarlarda kreditlər üzrə  faizlərə təsiri mümkünsüz olur. Əsas problem də məhz buradan qaynaqlanır. İkinci bir tərəfdən, prosesə bazarda mövcud olan tələb təklif məsələsi də öz təsirini göstərir. Bu gün faktiki olaraq kreditləşmə kifayət qədər mürəkkəbləşib. Banklar bu istiqamətdə daha səbrli və passiv siyasət həyata keçirir. Bunun da nəticəsində mövcud şərtlər daxilində hazırda tələb təklifdən yuxarıdır. Baxmayaraq ki, banklar hələlikdə vəsaitləri bazarda tam olaraq yerləşdirə bilmir, amma bu da onların kredit siyasətilə bağlıdır, daha sağlam müştərilərlə çalışmaq cəhdindən qaynaqlanır. Ona görə də tələbin olmasına baxmayaraq müəyyən risqlər fonunda bu vəsaitlər faktiki olaraq bazarda yerləşdirilmir.  Qeyd etdiyimiz kimi, problem məhz mərkəzləşdirilmiş kreditlərin bankların aktivindəki həcminin kifayət qədər aşağı həddindən və bazarda rəqabətin zəif olmasından qaynaqlanır”. 

 

Qeyd edək ki, fevralın 1-də Mərkəzi Bank tərəfindən uçot faiz dərəcəsi 0,5 bənd azaldılaraq 9,75 faizdən 9,25 faizə endirilib. Bank rəsmilərinin açıqlamalarına görə bunda məqsəd biznes kreditlərinin daha da əlçatanlığına nail olmaqdır. Bu isə o deməkdir ki, həmin addıma adekvat olaraq banklar da kredit faizlərini aşağı salmalıdırlar. Ancaq bu günə qədər Mərkəzi Bank dəfələrlə həmin istiqamətdə addım atsa da, banklar tərəfindən sözügedən istiqamətdə bir irəliləyiş gözə dəyməyib. İndiki halda da, kommersiya bankları əvvəlki mövqelərində qalmaqda davam edirlər.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR