Lisenziyaların alınması sadələşdirildi

Lisenziyaların alınması sadələşdirildi
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən "Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.

Sfera.az tədbirdə lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri vasitəsilə portala inteqrasiya olunan təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin stimullaşdırılması, lisenziyalar və icazələr sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan kompleks islahatlar barədə məlumat verib.
 
Qeyd edilib ki, bu islahatların tərkib hissəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı 330-dan 86-ya endirilib, yeni verilən və qüvvədə olan müddətli lisenziyalar müddətsiz müəyyən edilib, lisenziyaların verilməsinə görə dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib və prosedurlar sadələşdirilib.
 
Nazir müavini bildirib ki, "Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Lisenziyalar və icazələr” portalı hazırlanıb. Ötən ilin dekabrında ilkin təqdimatı keçirilən portal sahibkarların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilib və artıq sahibkarların istifadəsinə verilib.

Sfera.az

OXŞAR XƏBƏRLƏR