İqtİsadİyyat

Koronavirus lokal sığorta bazarında dinamikaya səbəb ola bilər - TƏHLİL

Koronavirus lokal sığorta bazarında dinamikaya səbəb ola bilər - TƏHLİL

Koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da həyat riskini, səhiyyə sistemini gündəmə gətirib. Virusdan qorunmaq, eləcə də müalicə olunmağın xərcləri az həcmdə deyil. Bu da insanların müalicəyə xərcləyəcəyi vəsaiti qarşılaya biləcək sektora - yəni sığortaya marağın artmasına səbəb olacaq. Virusun yayıldığı Çində sığorta şirkətlərinin vahid tibbi sığorta xidməti adı altında koronavirusun müalicəsi üçün xüsusi paket təklif etdiyi məlumdur. Buna bənzər digər fərqli addım yerli sığorta bazarında da gəlir kanallarının böyüməsinə gətirib çıxarda bilər.


Sığorta eksperti İlkin İbrahimov koronavirusun könüllü və ya icbari tibbi sığorta vasitəsilə qarşılanması barədə verdiyi açıqlamada bildirib ki, sığortalının ölkəmizdə müalicəsi olmayan xəstəliyi ilə bağlı sığorta prosesi çərçivəsində ölkə xaricində də müalicə almaq hüququ istisna deyil:


"Virusun yayılma riski böyük olduğundan sığortalanmaq ən düzgün addımdır. Koronavirusla əlaqədar insanlar könüllü tibbi sığorta üçün də müraciət edə bilərlər. Könüllü sığorta əsasən özəl xəstəxanalarda müasir müalicə üsulları baxımından əhəmiyyətlidir. İcbari tibbi sığorta növündə isə xəstəliklə bağlı yalnız dövlət tibb müəssisələrindən yararlanmaq mümkündür. İstisna hal kimi qeydə edə bilərəm ki, ölkəmizdə müalicəsi olmayan xəstəliklərlə bağlı sığorta prosesi zamanı ölkə xaricində də müalicə mümkün hal hesab edilir”.


Koronavirusun sığorta sektorunda xüsusilə könüllü tibbi sığorta bazarına marağı artıracağını düşünsək, lokal seqmentdə fəaliyyət göstərən şirkətlərin öz risklərini də nəzərə alacaqlarını hesablamalıyıq.

 

 

Tibbi sığortada yığılan vəsaitin müştərilərə qaytarılan hissəsinin hər il artması, şirkətlər üçün zərərliliyin yüksəksəlməsi deməkdir. Rəqəmlərə nəzər salsaq, görərik ki, 2020-ci ilin yanvar ayında könüllü tibbi sığorta istiqmətində əldə olunmuş hər 100 manat yığımın 11 manatı sığorta ödənişi şəklində müştərilərə geri qaytarılıb. Sığorta ödənişlərinin yığımlara olan nisbəti ötən ilin analoji dövründə 4,5 manat olub.


 

Cari nəticə qeyd olunan nisbətin 2019-cu illə müqayisədə 6,5% artması deməkdir.


Sığorta mütəxəssisi İlkin Nəcəfov da rəqəmlərdən çıxan nəticələrlə eyni fikirdədir: "Könüllü tibbi sığortada nəzəri cəhətdən sığorta şirkətləri bu epidemiya halını öz təminatlarına daxil etsələr də, yerli bazar şərtlərini və sektor üzrə reallıqları nəzərə alsaq, bunun tətbiq olunacağını güman etmirəm. Xüsusilə də belə bir ajiotajlı dövrdə heç bir sığorta şirkəti könüllü tibbi sığorta üzrə ehtimal olunan zərər riskini götürmək istəməz”.


Ekspertlərin və rəqəmlərin verdiyi məlumat bazarda böyümənin,yaxud kiçilmənin virusun yaratdığı situasiyada risklərin nə qədər götürülə biləcəyindən asılı olmasını göstərir. Seqmentin sadə quruluşunda da bu belədir. Yəni, istənilən könüllü sığorta növünü sığorta şirkətinin özü, anderrayterlər, aktuarlar hazırlayıb, tənzimləyici ilə razılaşdırıb, ona uyğun riskləri müəyyən edib təqdim etmək hüququna malikdir.

 

Fariz Əzimov

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031