İlham Əliyev: \"Azərbaycanla Rusiya arasında münasibətlər dostluq, səmimiyyət və qarşılıqlı hörmətlə fərqlənir\" - FOTO

İlham Əliyev: \
21:30

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 8-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin Sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli Dmitri Anatolyeviç, hörmətli qonaqlar, xanımlar və cənablar.

Dmitri Anatolyeviçi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm, xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün Sizinlə təkbətək və geniş tərkibdə danışıqlar çərçivəsində ikitərəfli qarşılıqlı əlaqələrə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən yaxın vaxtlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik.

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Anatolyeviç Medvedevin bu gün Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndiririk. Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, bu səfər onun planlarına daxil idi. Lakin biz həmin səfərin bu gün baş tutmasını Azərbaycana dostluq, tərəfdaşlıq münasibətinin daha bir göstəricisi hesab edirik. Hamımız bilirik ki, aprelin 7-də Dmitri Anatolyeviçin Ermənistana rəsmi səfəri planlaşdırılmışdı və münaqişə zonasında yaranmış vəziyyət nəzərə alınmaqla onun aprelin 8-də Azərbaycana gəlməyi qərara almasını biz çox yüksək qiymətləndiririk. Bu, bir daha ona dəlalət edir ki, həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bizim üçün də Rusiya ilə münasibətlər böyük əhəmiyyətə malikdir. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, genişləndirməyə və möhkəmləndirməyə çalışırıq.

Ermənistan ilə Azərbaycan arasında münaqişənin tənzimlənməsinə gəldikdə isə, təəssüf ki, bu məsələ uzun illər boyu öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. İyirmi ildən çoxdur ki, Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafındakı yeddi rayonu işğal altındadır. Oradan bütün azərbaycanlı əhali qovulub, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox daxili köçkünümüz var. Ermənistandan olan 250 mindən çox qaçqını da buraya əlavə etsək, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə bizdə qaçqınların və daxili köçkünlərin adambaşına sayı ən yüksək göstəricilərdən birini təşkil edirdi.

Münaqişənin tənzimlənməsi mexanizmləri, BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi var, təəssüf ki, onlar yerinə yetirilmir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin tənzimlənməsi işində mühüm rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Bu, Ermənistan tərəfindən növbəti silahlı provokasiya fonunda özünü xüsusilə göstərdi. Bizim mövqelərimiz hücumlara məruz qaldı, o cümlədən yaşayış məntəqələrinə zərər vuruldu. Qoşunların təmas xəttinin yaxınlığında yerləşən 400-dən çox ev zədələndi. Onlarla ev tamamilə dağıdıldı. Bizdə insan tələfatı da olub, o cümlədən dinc sakinlər arasında da.

Bu şəraitdə Rusiya tərəfi vəziyyətin gərginliyini azaltmağa təşəbbüs göstərdi. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan prezidentinə zəng vurdu, öz narahatlığını, həmçinin vəziyyətin gərginliyinin azaldılmasında tərəflərə kömək etmək istədiyini bildirdi. Biz bu siqnalları müsbət qəbul etdik. Bundan əlavə, Moskvada Rusiya Federasiyası Baş Qərargahının rəhbərliyinin iştirakı ilə üç ölkənin baş qərargah rəhbərləri arasında görüş keçirildi. Həmin görüşdə hərbi əməliyyatların dayandırılması barədə qərar qəbul edildi. Biz bu qərarı dönmədən yerinə yetiririk və ümid edirik ki, erməni tərəfi də buna əməl edəcək.

Bir daha demək istərdim ki, Azərbaycan danışıqlar prosesinin tərəfdarıdır. Danışıqlar 20 ildən çoxdur ki, aparılır. Vəziyyətin gərginləşməsinə guya Azərbaycanın təqsirkar olması barədə Ermənistan tərəfindən irəli sürülən bütün ittihamlar tamamilə əsassızdır. Aprelin əvvəlində baş vermiş silahlı toqquşmanın xarakteri onu göstərir ki, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamaq niyyətimiz yox idi və indi də yoxdur. Biz sadəcə öz mövqelərimizi, öz vətəndaşlarımızın dinc həyatını müdafiə edirdik. Buna görə də münaqişənin tənzimlənməsi Azərbaycanın maraqlarına uyğundur. Əminəm ki, bu, Ermənistanın da, Rusiyanın da maraqlarına uyğundur. Hər iki ölkənin qonşusu və dostu kimi, Rusiya özü də münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır. Biz danışıqlar prosesini davam etdirəcəyik. Biz bu yaxınlarda regionda səfərdə olmuş Minsk qrupunun həmsədrlərinin təşəbbüsünü alqışlayırıq. Ümidvarıq ki, Minsk qrupunun həmsədrlərinin status-kvonun dəyişdirilməli olması barədə çağırışlarını Ermənistanda da eşidəcəklər.

Status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması münaqişənin tammiqyaslı tənzimlənməsi üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərqərar olacaq. Bu, regionun bütün ölkələrinin xeyrinə olacaq.

Gündəlikdəki digər məsələyə gəlincə, bu gün biz iqtisadi problemləri, ticari-iqtisadi münasibətləri, energetika, nəqliyyat, humanitar əməkdaşlıq sahəsində münasibətləri ətraflı müzakirə etdik. Bütün istiqamətlər üzrə yaxşı dinamika, müsbət irəliləyiş var. Hökumətlərarası Komissiya fəal çalışır, bütün istiqamətlər üzrə yüksək səmərə ilə konkret iş aparır.

Biz Rusiya ilə münasibətləri strateji xarakterli münasibətlər hesab edirik. Rusiya rəhbərliyi tərəfindən də, Rusiya tərəfindən də eyni münasibəti görürük. Dmitri Anatolyeviçin səfəri bu münasibətlərin xarakterini bir daha təsdiq edir və bizim əməkdaşlığımızın möhkəmlənməsinə böyük töhfə verir.

Dmitri Anatolyeviç, bir daha sağ olun ki, bu gün bizə gəlmisiniz, Sizə ən xoş arzularımı bildirirəm. Rusiya xalqına dərin hörmətimi bildirmək, Rusiya dövlətinə uğurlar və firavanlıq diləmək istəyirəm. Sağ olun.

Rusiya Hökumətinin Sədri Dmitri Medvedevin bəyanatı

- Hörmətli İlham Heydər oğlu. 

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

İlk növbədə, Azərbaycanda bizi həmişə müşayiət edən səmimi qəbula, bu cür xoş ab-havaya görə İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və həqiqətən çox mehriban tərəfdaşlarıq. Bu tərəfdaşlıq strateji, qarşılıqlı faydalı xarakter daşıyır və müxtəlif məsələləri etimad şəraitində müzakirə etmək həmişə daha asan olur. Bu gün də belə oldu. Nəyə görə? Ona görə ki, biz Azərbaycan ilə qarşılıqlı münasibətlərin bu səviyyəsini həqiqətən qiymətləndiririk. Bu dostluq, qarşılıqlı anlaşma ənənələri əsrlər boyu formalaşıb və indiki məqamda xalqlarımıza yaxşı bəhrələrini verir.

Biz həqiqətən gündəlikdəki bütün məsələləri gözdən keçirdik. İndi mən əvvəlcə iqtisadi problemlər barədə bir-iki kəlmə demək istəyirəm. Hazırda biz, belə deyək, iqtisadi inkişafın o qədər də sadə mərhələsində deyilik. "Biz" deyəndə mən həm Rusiyanı, həm də Azərbaycanı nəzərdə tuturam. Makroiqtisadi vəziyyət, xarici bazarların, ilk növbədə, neft-qaz bazarının təsiri, valyuta məzənnələrinin dəyişməsi iqtisadi məsələlərin gündəliyinə bu və ya digər şəkildə düzəlişlər edir. Buna görə də bizdə, ümumiyyətlə, həmişə yüksək və yetərincə əhəmiyyətli olan əmtəə dövriyyəsi son vaxtlar bir qədər azalıb. İlham Heydər oğlu ilə bu barədə fikir mübadiləsi etdik. Natural ölçülərlə ifadə olunan əmtəə dövriyyəsini götürsək, bu azalma dramatik səviyyədə deyil, cüzidir, cəmi bir neçə faiz təşkil edir. Dəyər ölçüləri ilə ifadə olunan azalma daha böyükdür, lakin ticari-iqtisadi və investisiya əməkdaşlığını artırmağa səy göstərsək bu azalmanı kompensasiya edə bilərik. Bunun üçün hər cür ilkin şərait var. Yeni layihələr axtarmaq, hökumətlərarası komissiyaların fəaliyyətini fəallaşdırmaq lazımdır, hərçənd həmkarlarımız pis işləmirlər. Görülən işlərə görə Rusiya Hökuməti adından "Çox sağ olun" demək istərdim. Biz indicə razılığa gəldik ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının işini fəallaşdıracağıq, ona görə ki, tərəfdaşlıq təkcə hökumət xətti üzrə deyil, həm də bilavasitə biznes xətti üzrə həyata keçirilməlidir.

Bizim bir sıra çox iri layihələrimiz var - energetika, nəqliyyat layihələri. Əlbəttə, iqtisadiyyatlarımızın inkişafını sürətləndirmək üçün bütün bu istiqamətlər üzrə işi intensivləşdirmək lazımdır. Bizim xarici layihələrimiz də var. Məsələn, İran istiqaməti indi çox perspektivlidir. Prezidentlər bu barədə danışıblar. İlham Heydər oğlu ilə bu mövzunu indicə müzakirə etdik. Mənim fikrimcə, bu, Xəzərətrafı və bizim region çərçivəsində əməkdaşlıq üçün çox mühüm istiqamətlərdən biri ola bilər. Ölkələrimizin inkişafına töhfə verə biləcək başqa enerji layihələri də var. Məsələn, elektroenergetika sahəsində və bəzi başqa layihələr. Humanitar əməkdaşlıq da, xüsusən turizm əlaqələrinin tarixi, bu əlaqələri intensivləşdirmək imkanları, ona qarşılıqlı maraq nəzərə alınmaqla, bizim qarşılıqlı fəaliyyətimizin belə mühüm, vacib amillərindən biri kimi qalır. Yeri gəlmişkən, indiki şəraitdə bütün bu məsələlər gündəlikdədir.

Əlbəttə, burada haqlı olaraq deyildiyi kimi, Rusiya Hökumətinin nümayəndə heyətinin səfəri əvvəlcədən planlaşdırılmışdı. Lakin indiki məqamda münaqişə zonasında baş vermiş hadisələr üzündən həmin səfər bir qədər tez baş tutdu. Hesab edirəm ki, həm Ermənistana, həm də Azərbaycana bu cür səfər etmək bizim tərəfimizdən tamamilə düzgün qərar idi. Şadam ki, tərəfdaşlarımız da bunu belə qiymətləndirirlər. Ona görə ki, biz qonşularımızla münasibətləri yüksək qiymətləndiririk və bu mənada bütün əlaqələrin simmetrik inkişaf etdirilməsi zəruridir.

Hadisələrə bizim münasibətimiz məsələsinə gəldikdə isə, onlara ölkə Prezidenti qiymət verib. Mən bu mövzuda çıxış etmişəm. Xarici işlər naziri dünən Bakıda olub, o da İlham Heydər oğlu Əliyevlə və öz həmkarı ilə müvafiq danışıqlar aparıb. Buna görə də biz münaqişənin dinc yolla tənzimlənməsi ideyasına maksimum tərəfdarıq. Bu nəticəyə nail olmaq üçün çox ciddi qüvvələr cəlb edilib. Biz hamımız bu məsələdə iştirak etmişik. Müəyyən dövrdə mən özüm də bu məsələ ilə çox fəal məşğul olmuşam. Hesab edirəm ki, danışıqların, sülh yolu ilə nizamlamanın heç bir alternativi yoxdur. Buna görə biz, əlbəttə, atəşin dayandırılmasını alqışlayırıq. Ümid edirik ki, bu atəşkəs davamlı, uzunmüddətli xarakter daşıyacaq, danışıqların yenidən başlanması və son illərdə formalaşmış yanaşmalar çərçivəsində irəliləmək, tərəflərin mövqelərini yaxınlaşdırmaq, kompromislər axtarmaq üçün etibarlı təməl olacaq. Çünki heç bir münaqişə heç vaxt tərəflərdən birinin qələbəsi ilə başa çatmır. Münaqişəni aradan qaldırmaq və yer üzündə möhkəm sülh yaratmaq üçün həmişə mürəkkəb kompromislər toplusunu qəbul etmək lazım gəlir. Təbii ki, biz Minsk qrupunun iştirakçısı və həmsədri kimi bundan sonra da bütün bu işləri davam etdirməyə hazırıq. Azərbaycan Prezidentinin indicə haqlı olaraq dediyi kimi, biz bu prosesə fəal qoşulmuşuq, o cümlədən hökumət nümayəndə heyətinin indiki səfəri həm də bu amillərlə bağlıdır. Ümidvaram ki, bütün bunlar etimadın möhkəmlənməsinə və maksimum əlverişli nəticə qazanmağa xidmət edəcək. Bu regionda, bizim regionda sülhün bərqərar olmasında Rusiyanın marağı Azərbaycanın və Ermənistanın marağından az deyil və istərdim ki, bunu hamı başa düşsün.

Bizim əməkdaşlıq məsələlərini müzakirə etmək üçün burada yaradılmış bu imkana, gözəl şəraitə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulamaq istəyirəm.

---------

19:48
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 8-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Dmitri Anatolyeviç, hörmətli qonaqlar. Sizi bir daha ürəkdən salamlayıram.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. İndicə Sizinlə təkbətək söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərini müzakirə etdik. Vəziyyətin gərginliyinin azaldılması işində fəal vasitəçilik səylərinə görə Rusiya Federasiyasına bir daha təşəkkürümü bildirmək istəyirəm. İndi isə biz, yəqin ki, qarşılıqlı əlaqələrimizin başqa aspektləri barədə söhbət edəcəyik. Bizim əlaqələrimizin bir sıra istiqamətləri üzrə çox yaxşı dinamika mövcuddur. Obyektiv səbəblər üzündən əmtəə dövriyyəsi bir qədər azalıb, lakin ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün çox böyük potensial var. Şübhəsiz ki, humanitar sahədə ənənəvi əməkdaşlığın çox yaxşı perspektivləri və yaxşı nəticələri var. Ümumiyyətlə deyərdim ki, bu, münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, bizim ticari-iqtisadi və əlbəttə, siyasi münasibətlərimizə aid konkret məsələləri ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz.

X X X

Rusiya Hökumətinin Sədri Dmitri MEDVEDEV dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Həqiqətən biz indicə ən mürəkkəb problem barədə danışdıq, regionlararası digər mövzulara da toxunduq. Allaha şükür, bizim münasibətlərimizin, əlaqələrimizin palitrası təkcə problemlərdən ibarət deyil, münasibətlərin çox geniş sahəsində əməkdaşlıq, həqiqi strateji tərəfdaşlıq xeyli inkişaf edib. İqtisadiyyatlarımızın daha sinxron işləməsi, yaxşı səmərə verməsi üçün əlavə səy göstərməyə imkan var. Keçən il əmtəə dövriyyəsi doğrudan da azalıb. Hərçənd həqiqi azalma cəmi bir neçə faiz olub. Ona görə ki, azalma əsasən bizim bir-birimizə göndərdiyimiz malların məzənnəsinin, satdığımız malların qiymətlərinin dəyişməsi ilə əlaqədar dəyər göstəricilərində baş verib. Hər halda bu, onu göstərir ki, bir sıra layihələri canlandırmaq lazımdır. Gəlin, indi bu barədə və humanitar məsələlər haqqında danışaq.

X X X
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Dmitri Medvedevi qarşıladı.

Azərbaycan Prezidenti və Rusiya Hökumətinin Sədri birgə foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Dmitri Anatolyeviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Xoş gəlmisiniz.

Sizin səfəriniz Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcək. Bizim dinamik, intensiv inkişaf edən münasibətlərimizin çox geniş gündəliyi strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Sizin səfəriniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi dövrünə düşüb. Təəssüf ki, bu münaqişə illər boyu öz həllini tapmayıb və biz erməni tərəfin silahlı provokasiyaları ilə vaxtaşırı üzləşirik. Bu ayın əvvəlində ermənilər tərəfindən növbəti bu cür cəhd göstərilib. Azərbaycanın yaşayış məntəqələri atəşə tutulub, dörd yüzdən çox ev zədələnib, insan tələfatı olub, o cümlədən dinc sakinlər arasında da ölənlər var. Hərbi provokasiyaların qarşısını almaq, atəşkəs rejimini bərpa etmək üçün Azərbaycan tərəfi cavab tədbirləri görməyə məcbur olub.

Vəziyyətin gərginliyinin səngidilməsi üçün vaxtında həyata keçirilmiş çox fəal tədbirlərə görə Rusiya rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan prezidentinə zəng vurub. Rusiya Federasiyası Baş Qərargahının rəisi də iki ölkənin qərargah rəisləri ilə əlaqə saxlayıb. Onların vasitəçilik səyləri sayəsində atəşkəs bərpa olunub, hərçənd qarşı tərəf buna heç də həmişə riayət etmir. Bütövlükdə, son günlərdə gərginliyin səngidiyini görürük və hesab edirik ki, bu, müsbət dinamikadır. Qeyd etməliyəm ki, Azərbaycan bu münaqişənin sülh və siyasət yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır.

Sizin səfəriniz, həmçinin digər məsələləri də müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin gündəliyinə ticari-iqtisadi, energetika, nəqliyyat və humanitar sahələr daxildir. Demək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox yaxşı dinamika nümayiş etdirir, dostluq, səmimiyyət və qarşılıqlı hörmətlə fərqlənir. Bir daha xoş gəlmisiniz.

X X X

Rusiya Hökumətinin Sədri Dmitri MEDVEDEV dedi:

-Hörmətli İlham Heydər oğlu. İlk növbədə görüşüb söhbət etmək imkanına görə təşəkkür edirəm.

Mən çoxdandır ki, Sizin ölkənizdə olmamışam. Aydındır ki, belə səfərin vaxtı çatmışdı. Sizin haqlı olaraq dediyiniz kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi, humanitar sahələrdə xeyli birgə layihələr, müzakirə etdiyimiz çoxsaylı siyasi məsələlər var. Buna görə, aydındır ki, bu səfərdən həmin məqsədlər üçün maksimum dərəcədə faydalanmaq lazımdır. Əlbəttə ki, indi vəziyyət o qədər də sadə deyil. Siz Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini xatırlatdınız. Gizlətmirəm ki, əlbəttə, bu məsələ bizi ciddi narahat edir. Ona görə ki, bizim üçün hər iki dövlətlə münasibətlər son dərəcə vacibdir. Bütün bu müddətdə biz Minsk qrupunun iştirakçısı, cavabdeh dövlət, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində formalaşdırılmış prosedurlara, digər yanaşmalara tərəfdarıq. Ümid edirik ki, hazırda yaranmış sülh uzunmüddətli olacaq və tərəflər tənzimlənmə məsələlərinin müzakirəsini danışıqlar masası arxasında davam etdirə biləcəklər.

Mən özüm vaxtilə buna müəyyən səylər göstərmişəm. Siz bunu yaxşı xatırlayırsınız. İstərdim ki, bütün bunlar puç olmasın. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası özündən asılı olan hər şeyi edəcək. Sizə Vladimir Vladimiroviç Putinin salamlarını və ən xoş arzularını çatdırıram. Həqiqətən məsləhətləşmələr olub və davam edir. Biz Sizinlə digər məsələlər kimi, bu mövzuda da danışacağıq. Çünki ölkələrimiz arasında münasibətlər həqiqətən çoxtərəflidir və müzakirə etməyə həmişə mövzu var. Görüşə görə çox sağ olun.

-----------

17:15

Sfera.azAZƏRTAC-a istinadən bildirir ki, aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin şərəfinə nahar verilib.

---------

15:43

"Rusiyanın Baş naziri Dmitri Medvedevin Bakıya bugünkü səfərini Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi nəzərdən keçiririk". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş naziri Dmitri Medvedev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.

İlham Əliyev bildirib: "Sizin səfərinizə böyük önəm veririk. Bu gün geniş tərkibdə danışıqlarda və təkbətək görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin vacib məsələlərini, regional problemləri müzakirə etdik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, xüsusən bu yaxınlarda münaqişə zonasında eskalasiya nəzərə alınmaqla, ətraflı müzakirə etdik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndirir: "Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, səfər onun planlarında var idi, lakin bu səfərin bu gün həyata keçirilməsinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq. Hamımız bilirik ki, Dmitri Anatolyeviçin Ermənistana aprelin 7-nə rəsmi səfəri planlaşdırılmışdı. Münaqişə zonasında mövcud vəziyyət nəzərə alınmaqla, aprelin 8-də Azərbaycana səfər etmək qərarını çox yüksək qiymətləndiririk. Bu, bir daha ondan xəbər verir ki, Rusiya üçün həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər böyük önəm kəsb edir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün də Rusiya ilə münasibətlər böyük önəm kəsb edir: "Biz bu münasibətlərə dəyər veririk, onları qiymətləndiririk və onları genişləndirməyə, möhkəmləndirməyə çalışırıq. Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmasına gəlincə, təəssüf ki, münaqişə uzun illərdir öz həllini tapmır, uzun illərdir Azərbaycan torpaqları işğal altındadır, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın ona bitişik yeddi rayonu 20 ildən artıqdır işğal altındadır. Oradan bütün Azərbaycan əhalisi çıxarılıb, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox məcbur köçkünümüz var. Buna Ermənistandan 250 mindən çox qaçqını əlavə etsək, 1994-cü ildə barışığa nail olunanda adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə ən yüksək faiz göstəricilərindən birinə malik idik".

Dövlət başçısı qeyd edib ki, münaqişənin nizamlanması üçün mexanizmlər, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur, lakin təəssüf ki, onlar həyata keçirilmir.

Prezidentin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanması işində vacib rol oynayır: "Bu rolu yüksək qiymətləndiririk. Ermənistan tərəfindən növbəti silahlı təxribat fonunda mövqelərimiz atəşə məruz qalanda, o cümlədən yaşayış məntəqələrinə zərər vurulanda bu rol özünü xüsusilə göstərdi. Qoşunların təmas xəttinə yaxın ərazilərdə 400-dən artıq ev zərər gördü, onlardan onlarla ev tamamilə dağıdıldı, qurbanlarımız var, o cümlədən də dinc əhali arasında".

Dövlət başçısı vurğulayıb ki, bu şəraitdə Rusiya tərəfi münaqişənin deeskalasiyası üçün təşəbbüs göstərdi: "Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan Prezidentinə zəng edərək narahatlığını, eləcə də vəziyyətin deeskalasiyası üzrə tərəflərə kömək etmək səyini bildirdi. Bütün bunları müsbət qəbul etdik. Moskvada Rusiya Federasiyası Baş Qərargah rəhbərinin iştirakı ilə üç ölkənin Baş Qərargah rəhbərləri arasında görüş keçirildi. Görüşdə hərbi fəaliyyətin dayandırılması barədə qərar qəbul olundu. Sözsüz ki, bu qərara əməl edirik və ümid edirik ki, erməni tərəfi də buna sadiq qalacaq".

---------

14:51

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.

----------

14:34

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

----------

14:15

"Azərbaycan Rusiya Baş naziri Dmitri Medvedevin səfərinə böyük önəm verir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya hökumətinin başçısı ilə geniş tərkibli görüşdə deyib.

İlham Əliyev bildirib: "Əminəm ki, bu, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Biz sizinlə ayrıca söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini müzakirə etdik. Vəziyyətin deeskalasiyası işində aktiv vasitəçiliyinə görə Rusiya Federasiyasına bir daha təşəkkür etmək istəyirəm".

Dövlət başçısı qeyd edib: "Bizim bir çox istiqamətlər üzrə çox yaxşı dinamikamız mövcuddur. Obyektiv səbəblərə görə əmtəə dövriyyəsi bir az azalmasına baxmayaraq, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial var, enerji, nəqliyyat sahələrində böyük potensial mövcuddur".

Azərbaycan Prezidentinin sözlərinə görə, şübhəsiz ki, humanitar sahədə də ənənəvi əməkdaşlıq mövcuddur, bu sahədə çox yaxşı perspektivlər və yaxşı nəticələr var: "Bu, ümumiyyətlə, münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, həmkarlarımızla ticari-iqtisadi və siyasi əlaqələrimizin konkret məsələlərini ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz".

------------

14:00

"Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə strateji tərəfdaşdırlar".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan Prezidenti ilə geniş tərkibli görüşdə deyib.

Baş nazi bildirib: "Allaha şükür, münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".

-----------

13:39

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Dmitri Medvedevi qarşıladı.

Azərbaycan Prezidenti və Rusiya Hökumətinin Sədri birgə foto çəkdirdilər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş naziri Dmitri Medvedevi salamlayıb və qeyd edib ki, Azərbaycan və Rusiya arasında geniş gündəm mövzusu var.

Bunu İlham Əliyev Rusiya hökumətinin başçısı ilə görüşdə deyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident bildirib ki, münasibətlər dinamik-strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

İlham Əliyevin sözlərinə görə, Dmitri Medvedevin səfəri qoşunların təmas xəttində vəziyyətin kəskinləşdiyi dövrdə baş verir: "Aprelin əvvəlində Ermənistan tərəfindən növbəti təxribat oldu, təqribən 400 ev dağıdıldı, o cümlədən dinc sakinlər həlak oldu".

Azərbaycan Prezidenti deeskalasiya prosesində vaxtında göstərdiyi səylərə görə Rusiyaya təşəkkür edib.

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır". Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə belə deyib.

Rusiyalı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etdiyini vurğulayıb.

----------

13:13

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın baş naziri Dmitri Medvedev arasında təkbətək görüş başlayıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, prezident İlham Əliyev deyib ki, ölkələr arasında əlaqələr intensiv inkişaf edir. O bildirib ki, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıb: "Azərbaycan cavab addımı atıb. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm. Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib".
 
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə  bilər.
  
Rusiyanın baş naziri D.Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək". 
 
Sonra görüş qapalı davam etdirilib. 

----------

12:50

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Hökumətinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.

Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Rusiya Hökumətinin sədri Dmitri Medvedev arasında qısa protokol söhbəti oldu.

----------

12:03

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.

Sfera.az APA-ya istinadən bildirir ki, səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
   
D. Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.
 
 








OXŞAR XƏBƏRLƏR