"İlahiyyat sözün əsl mənasında elm deyil" - Vüsal Məmmədov

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi üçün təhsili pulsuz edib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Bəs İlahiyyat fakültəsinin İnstuta çevrilməsi bizə nə qədər lazımdır? Nə kimi xeyiri və zərəri ola bilər? Gəncləri dinə sövq etmək gələcəyimiz üçün nə kimi xeyir verə bilər? 
 

Sfera.az saytının əməkdaşı bu suallara cavab tapmağa çalışıb.
 

"Ənənəvi islam modelimizə uyğun ilahiyyatçılar yetişdirmək lazımdır"

Bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib.
 
Onun sözlərinə görə, bu, nəinki vacib, hətta strateji məsələdir:

"İlahiyyat sözün ciddi mənasında elm deyil. Elmi elm edən amillərdən biri onun metodoloji aparatıdır. İlahiyyatın öz predmetini araşdırmaq üçün elmi metodları yoxdur. Buna görə də, iki ilahiyyatçının birinin dediyi o birinki ilə üst-üstə düşmür. Məsələn, biri deyir ki, Məhəmməd Meraca gedib, o biri deyir ki, getməyib. Bunun əslində necə olduğunu yoxlayıb, mübahisəyə birdəfəlik son qoymaq üçün heç bir elmi metod mövcud deyil. Yaxud, bir hədisi hərə öz marağına uyğun təqdim edir, bizsə onun əslində necə olduğunu heç cür yoxlaya bilmirik. Nəticədə, din obyektiv metodların yox, ayrı-ayrı ilahiyyatçıların interpretasiyalarının ümidinə qalır. Empirik elmlərdə alimin şəxsiyyətinin heç bir fərqi yoxdur, əsas odur ki, onun tapdığı formulu yoxlamaq, sınamaq, eksperiment aparmaq mümkün olsun. İlahiyyatda isə hər şey ilahiyyatçının şəxsiyyətindən asılıdır. Bu zaman ortaya ciddi bir sual çıxır: Həmin ilahiyyatçıları kim yetişdirir? Onların dinə verdikləri interpretasiyalar kimin maraqlarına uyğundur?
 

Yüngülcə araşdıranda görürük ki, hazırda ortada olan ilahiyyatçıların əksəriyyəti təlimatla işləyən adamlardırlar. Bir qrup, məsələn, radikal şiə mərkəzlərinə bağlıdır və dinə onların istədiyi kimi təfsir verir. Digərləri Türkiyədəki məlum sekta ilə əlaqəlidirlər və "islam” adı altında faktiki əxlaqsızlığı, eyş-işrəti təbliğ edirlər. Başqa biri isə neoislam modeli yaratmağa çalışan ərəb-ingilis xətti ilə əlaqəlidir və Azərbaycanın ənənəvi islamını inkar edir. Məsələn, iddia edir ki, islamda pir yoxdur. Halbuki, Azərbaycan müsəlmanlığında, bizim milli islamımızda pirlər vacib yerlərdən birini tutur. Xalqın dini şüurunda olan şeylərə "islamda yoxdur” demək xüsusi hazırlanmış plandır və milli islamın məhvinə hesablanıb. Yaxşı, bəs milli islam modelimiz məhv olandan sonra onun yerində hansı model bərqərar olacaq? Bu yeni model kimin maraqlarına xidmət edəcək, bizim milli və dövlət şüurumuzla nə qədər uzlaşacaq?
 

Bütün bunları nəzərə alaraq, mən düşünürəm ki, bəli, xalqın və dövlətin öz dini maraqlarına, bizim ənənəvi islam modelimizə uyğun ilahiyyatçılar yetişdirmək lazımdır. Bu, nəinki vacib, hətta strateji məsələdir. Din – milyonlarla insanın şüuruna təsir etmək vasitəsidir. Amma biz o vasitəni kimlərin əlinə vermişik? Bizim mütləq milli islam konsepsiyamız olmalı və ona uyğun ilahiyyatçılar yetişdirilməlidir. Xaricdən, xüsusilə qonşu dövlətlərdən gələn dini ideologiyaların və onların yayılmasına xidmət edən maliyyə axınlarının qarşısı isə ən qısa zamanda kəsilməlidir. Yoxsa, onlar Azərbaycanı əcaib dini ideologiyalar üçün poliqona döndəriblər”.
 

Jurnalist, teleaparıcı İlham Tümas isə İlahiyyat İnstitutunun molla hazırlamayacağını bildirib: 
 


"Bizdə Qafqaz Müsəlmanları Ruhani idarəsinin tərkibində İslam Universiteti fəaliyyət göstərir. Bilmirəm, bu ehtiyac haradan yarandı ki, İlahiyyat İnstitutu yaradıldı. Ancaq bunun xeyiri və ya zərəri ancaq fəaliyyətə başlamasından sonra bilinəcək. Çünki bu dərslərin keyfiyyətindən, həmçinin dünyəvi və elmi fənlərin balansından asılı olacaq. Hələlik fikir söyləməyə çətinlik çəkirəm.” 

İlham Tümas həmkarı Vüsal Məmmədovun fikri ilə razılaşmayıb:

"Vallah mən həmkarımın fikrinə şərh vermək istəmirəm. Ancaq ilahiyyat yunanca, teologiya deməkdi. Yəni, kobud desək, Allah haqqında elm. Əslində Vüsal bəy bir tərəfdən haqlıdır. Çünki elmin ən azından laboratoriyası olmalıdır. Və əslində bu gün ilahiyyatın elm olub olmaması haqqında alimlər hələ də mübahisə edirlər. Yenə deyirəm, ilahiyat İnstitunda yalnız İslam deyil, bütün dinlər tədris olunacaqsa, elmlə dini məsələlər yanaşı öyədiləcəksə, o zaman bu işin xeyrinə olar. İlahiyyat İnstitu molla hazırlamayacaq”.

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR