"Honkonq" virusu nədir?


Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova son günlər Azərbaycanda yayılan H3N2 virusu ilə bağlı açıqlama verib.

Şöbə müdiri bildirib ki, qripin H3N2 adlandırılması "hemaqqlyutinin” (H), "neyraminidaza” sözləri ilə əlaqədardır. Onun sözlərinə görə, "hemaqqlyutinin” 3, "neyraminidaza” 2 birləşməsi virusun bu formasını əmələ gətirir.

"Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Ümumiyyətlə, dünyada qripin bu günə qədər 3 pandemiyası olub. Sonuncu 1968-69-cu illərdə pandemiya törədib və Honkonqda böyük ölümlərə səbəb olub. Ona görə bu növ qripə həm də "Honkonq” qripi deyirlər”. 

R.İsmayılova bildirib ki, hal-hazırda Azərbaycanda bu qrip növü epidemik həddi keçməyib. "Qriplə bağlı 2 halın olması çox aşağıdır. H3N2 virusu daha yüngül xəstəlik törədir. Virusun fəsadları əmələ gələrsə, o zaman ağır pandemiya olur. Fəsadların yaranmasına səbəb isə xəstələrdir. Belə ki, onlar yataq rejimini gözləmirlər, immunitetləri aşağı olur və çoxlu maye qəbul etmirlər. Qripin kilinik əlamətlərinə gəlincə, burada 38 dərəcə və yüksək hərarət, titrəmə, baş, göz, əzələ ağrısı və ümumi halsızlıq olur”. 

Tibb elmləri namizədi qeyd edib ki, müxtəlif illərdə Azərbaycanda bu qripə yoluxanlar olsa da, ölüm hadisəsi qeydə alınmayıb və bu mövsümü qripdir.

Qeyd edək ki, bu günə qədər Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün 268 nümunə daxil olub. 

Bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb.


Share Button

DİGƏR XƏBƏRLƏR