Hələ də kredit borcu olanlara güzəşt edilə bilər - AÇIQLAMA

Hələ də kredit borcu olanlara güzəşt edilə bilər - AÇIQLAMA
Məsələ tam olaraq bağlanmasa da, amma onun reallaşma ehtimalı bir-iki il bundan əvvələ nisbətən daha aşağıdır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda vaxtı keçmiş kreditlərin aqibətinin necə olacağı, vaxtilə kredit götürənləri nələrin gözlədiyi barədə sorğunu cavablandırarkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib:
 
"Vaxtı keçmiş, gecikmiş kreditlər məsələsi bildiyiniz kimi, devalvasiyadan sonra aktuallaşmağa başlayıb. Müstəqil ekspertlər təklif etdilər ki, bu istiqamətdə məsuliyyət banklar, əhali və hökumət olmaqla üç yerə bölünsün. Çünki dollar kreditlərində artım iki dəfəyə qədərdir. Yəni 100 manat götürən devalvasiyadan sonra indi 200 manat ödəməlidir. Bu rəqəm üç yerə bölünsə daha ədalətli olardı. Hökumət ilk öncə bu varianta getmək istəyirdi. Ancaq sonradan bu fikirdən vaz keçdi. Hazırda vaxtı keçmiş kreditlərin bir hissəsi ödənilib. Belə ki, banklar tərəfindən onlara münasibətdə bəzi güzəştlər edilib, az da olsa faizlər aşağı salındı, bir sıra hallarda müddət uzadıldı. Nəticədə vaxtı keçmiş kreditlərin müəyyən qədəri ödənildi. Ancaq buna baxmayaraq, problem hələ də qalır. Hətta nəinki qalır, getdikcə artır. Söhbət 1,7 milyard dollarlıq kreditdən gedir ki, bu da ümumi kredit qoyuluşunun 14-15 faizi deməkdir. İstərdim ki, gec də olsa hökumət məsələyə reaksiya versin. Baxmayaraq ki, onun baş verəcəyini real hesab etmirəm. Deyə bilmərəm, hansısa bir hadisə baş verər və bununla bağlı olaraq hökumət həmin istiqamətdə güzəştlərə gedə bilər. Lakin indiki halda bunu aktual hesab etmirəm, düşünürəm ki, məsələ hələlik bankların öz öhdəsinə buraxılacaq. Onlar da ola bilsin müəyyən qrup əhali üçün bəzi güzəştlər etsin. Bütün hallarda məsələnin tam olaraq bağlandığını da deməzdi. Amma onun reallaşması ehtimalı bir-iki il bundan əvvələ nisbətən daha aşağıdır. Açığını deyim, belə bir gözləntim yoxdur. Bunun üçün hansısa bir fövqəladə hadisə baş verməlidir ki, bəlkə onda da buna gedərlər. Lakin ümid etməkdə də davam etməliyik”.
 
Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi böyüməkdə davam edir. Əhali bu kreditləri ümumən qaytarmaqda acizdir. Xüsusən də baş verən devalvasiyadan sonra insanlar bu sahədə daha çətin duruma düşüb. Qonşu ölkələrdə, Gürcüstanda son seçkilər ərəfəsi 600 minə yaxın əhalinin banklara olan borcları silindi. Azərbaycanda isə hələ də bu məsələ göydən asılı vəziyyətdə qalmaqdadır. Nə hökumət bu istiqamətdə addımlar atır, nə də banklar güzəştlərə gedir. Nəticədə gecikmiş kreditlərin aqibəti müəmma olaraq qalır. Bunun əziyyətini isə kredit alanlar çəkməkdə davam edirlər.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR