Erməni kəşfiyyatının “mühacir ovu” və separatçıların Qarabağ PLANINDA YERİ - TƏHLİL

Erməni kəşfiyyatının “mühacir ovu” və separatçıların Qarabağ PLANINDA YERİ - TƏHLİL
Ermənistan Azərbaycana qarşı "enik separatçılıq” kartını yenidən aktivləşdirdi və bunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yeni mərhələyə keçməsi ərəfəsində baş verməsi təsadüfi deyil. Talışların adından sui-istifadə edən vətən xaini Əlikram Hümbətovun rəhbəri olduğu "Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı separatçı təşkilatın son günlər aktivləşməsi və Azərbaycana qarşı bölücü bəyanatlar verməsi, ardınca Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi haqqında danışarkən Azərbaycandakı etnik azlıqlara toxunması diqqət çəkdi. Son bir həftədə qeydə alının üç hadisə "nə baş verir” sualını önə çıxarır:

BİR: Hollandiyada mənzillənmiş "TMMH” adlı separatçı təşkilat fevralın 9-da Azərbaycanda konstitusiya quruluşunu devirərək, şəriət dövləti yaratmaq cəhdinə görə həbs edilən Tale Bağırzadə və onun rəhbəri olduğu "Müsəlman Birliyi hərəkatı”nın üzvlərinin müdafiəsinə qalxdı. Əsas profili separatizm olan bu təşkilat "siyasi məhbuslara azadlıq” tələbi ilə çıxış edir və Azərbaycanı təhdid edir ki, "əməlləriniz haqqında bütün dünyaya car çəkəcəyik”.

İKİ: Fevralın 11-də "TMMR prezidenti” Əlikram Hümbətov və "TMMR baş naziri” R. Mirzəyevin imzası ilə BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Parlament Assambleyasına və Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycanda "talışların hüquqlarının pozulduğu” iddiaları ilə müraciət ünvanlanıb.

ÜÇ: Ə.Hümbətov və dəstəsinin erməni xüsusi xidmət orqanlarının və Qərbdəki erməni diasporu/lobbisinin nəzarəti altında Azərbaycana qarşı bu cür iddialar irəli sürdüyü, separatizm cəhdləri etdiyi faktı dəfələrlə baş verib, bu müraciət də növbəti cəhdlərdən biridir. Lakin burda diqqət çəkən məqam Azərbaycana qarşı "siyasi məhbus” iddiasının separatçılar tərəfindən də kart olaraq istifadə edilməsi və fevralın 11-də ünvanlanan müraciətdən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatdır.

Fevralın 12-də Paşinyan Ermənistan parlamentində çıxışı zamanı Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakı haqqında danışarkən bəyan etdi ki, "Bakı "Qarabağ nümayəndələrinin” danışıqlarda iştirakına belə reaksiya verir: əgər erməni tərəfi danışıqlara Qarabağ nümayəndələrini cəlb edəcəksə, onda Bakı da Qarabağın Azərbaycanlı İcmasının iştirakında təkid edəcək. Əslində, bu mövqe aydınlaşdırılmalıdır. Çünki Qarabağın Azərbaycanlı İcması Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak ediblər, buna görə də Azərbaycan prezidenti, hökuməti və parlamenti bu insanların adından danışıqlar aparmaq mandatına malikdirlər. Əgər Qarabağın Azərbaycanlı İcması danışıqlarda tərəf kimi iştirak edirsə, onda belə çıxır ki, Azərbaycan hakimiyyəti danışıqlarda bütün Azərbaycan dövlətini təmsil edə bilməz. Azərbaycan hakimiyyəti bu ölkədəki etnik azlıqların adında danışa bilərmi?!”.

Paşinyan bu sualla əslində "Azərbaycan hakimiyyətinin ölkədəki etnik azlıqların adından çıxış edə bilməz” tezisini önə sürür və bu erməni xüsusi xidmət orqanlarının illərdir Azərbaycana qarşı apardığı bu siyasətin davamıdır. Lakin Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlardan danışarkən bu kartı irəli sürməsi təsadüfi deyil.

TƏSLİM PLANI: Nikol Paşinyan münaqişəsinin həlli ilə bağlı danışıqlardan qaça bilmir, çünki ona seçkini keçirmək və hakimiyyətini möhkəmləndirmək üçün kifayət qədər vaxt verildi. Bununla yanaşı, hazırda prosesə moderatorluq edən ABŞ münaqişəsinin həllini tələb edir, Paşinyan isə hakimiyyətə gəlişində rolu olmuş güclərə etiraz edə bilmir və anlayır ki, sülh razılaşması mütləq şəkildə ərazilərin qaytarılması ilə nəticələnəcək, sülh razılaşmasından imtina isə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququnu verir. Hər iki variantda Ermənistan geri çəkilməlidir. Danışıqlardan qaçmaq müharibə təhlükəsi ilə yanaşı, Ermənistanın blokada vəziyyətinin də davam etməsi deməkdir. Halbuki, bu, həm Paşinyan hakimiyyətinin iqtisadi vədlərini yerinə yetirməməsi və ermənilərin aclıq vəziyyətinin davam etməsi, həm də Qərbyönümlü erməni hakimiyyətinin Rusiyanın qabağından qaçmaq manevrlərinin tükənməsi deməkdir. Paşinyanın hakimiyyətə gəlməsində rol oynayan ABŞ-ın istəyi də Ermənistanın Türkiyə ilə sərhədləri açması və Rusiyadan asılılığının başa çatmasıdır. Vaşinqton bölgəyə geosiyasi planları fonunda baxır və bu planların baş tutmasının yeganə açarı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.

Ermənistan hakimiyyəti, xüsusilə Paşinyanın hakimiyyətə gəlişində körpü rolunu oynayan erməni diasporu/lobbisi ərazilərin qaytarmadan blokada vəziyyətindən çıxmaq planları qurur. Bu nə qədər mümkünsüz görünsə də, hakimiyyət, diaspor və lobbini özündə birləşdirən erməni mafiya dairələri Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq etməklə rəsmi Bakını təslim olmağa məcbur edə biləcəklərini hesab edirlər. "Etnik separatizmin” aktivləşməsi bu planın bir parçası olaraq görünür.

Bu planda "insan haqları” məsələsi xüsusi yer tutur. Məqsəd Azərbaycanın anti-demokratik imicini formalaşdırmaq və beynəlxalq təşkilatlar vasitəsilə təzyiq edilməsinə nail olmaqdır. Ə.Hümbətov və dəstəsinin Tale Bağırzadəyə, o cümlədən "siyasi məhbuslara azadlıq” tələbi də buna hesablanıb. Burada bir-birinin davamı olan iki istiqamət var:

Birinci istiqamət: erməni xüsusi xidmət orqanları və erməni diasporu/lobbisi Ə. Hümbətov və dəstəsindən separatizm kartı olaraq istifadə etməklə yanaşı, onların "insan haqlarının müdafiəçisi” imicini də formalaşdırır. Ə. Hümbətovun oğlunun CODA (Committee Outlines of Democracy in Azerbaijan) "Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilata rəhbərlik etməsi də bunu təsdiqləyir. Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir. Rəsmi ünvanı belədir: Herman Heijermanshof 25. Rəhbəri Toeral Goemmatovdur.

Özünü Toeral Goemmatov deyə təqdim edən şəxs Azərbaycan dövlət quruluşunun bölünməsinə hesablanan separatçı fəaliyyəti ilə məşhurlaşmış, vaxtilə məhz separat fəaliyyətinə görə həbs edilən, daha sonra Hollandiyaya köçən, hazırda İrəvanda "qəhrəman” kimi qarşılanan və talışların adından yararlanaraq, külli miqdarda pul qazanan, həmçinin, məhz bu ad altında Azərbaycana qarşı separatçılıq işini davam etdirən Əlikram Hümbətovun oğlu Tural Hümbətovdur. Ə.Hümbətov 2010-cu ildə bu təşkilatı yaradıb və oğlu T.Hümbətovu rəhbər təyin edib.

T.Hümbətovun rəhbərlik etdiyi CODA təşkilatı "Talış Azadlıq Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda - Voorburg şəhəri, Herman Heijermanshof 25-də yerləşir.

Məqsəd separatizmi Azərbaycana "demokratiya” adı altında gətirməkdir. Çünki Ə.Hümbətovu adından istifadə etdiyi talış xalqı daşqalaq edərək qovdu. Onun CODA təşkilatı yaradaraq, xain fəaliyyətini demokratiya pərdəsinin arxasında gizlətməsi də məhz buradan qaynaqlanır. O, "Talış Xalq Hərəkatı” adlı təşkilatı üzərindən hərəkət etməklə Azərbaycanda heç bir dəstək qazanmayacağını bilir, Avropada isə yalnız özü kimi separatçılardan başqa ona heç bir dəstək verməyəcək. Lakin "Azərbaycanda media azadlığı, demokratiya quruluşu” adı altında hərəkət etmək ona həm separatçı fəaliyyətini pərdələməyə, həm də müəyyən dəstək əldə etməyə imkan yaradır.

Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığına şübhə olmayan bu plana görə, Azərbaycanda yarana biləcək hər-hansı xaos vəziyyətində separatçıların məhz "insan haqlarının müdafiəçisi” adı altında gəlməsi və ölkəni bölməsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslər fonunda Ə. Hümbətovun "siyasi məhbus” iddiasını dilə gətirməsi, buna paralel olaraq, Ermənistanın baş nazirinin Azərbaycanda "etnik azlıq” amilinə toxunması hesab etməyə imkan verir ki, erməni xüsusi xidmət orqanları planı dövriyyəyə salıb.

Burada separatçılar və onları idarə edən ermənilərlə Avropaya "siyasi mühacir” adı altında sığınanların eyni iddialara istinad etməsi şübhələrə yol açır və bu, prosesin ikinci tərəfini önə çıxarır.

İkinci istiqamət: qondarma "TMMH”-nin saytı olan "talysh.org” saytında hazırda Hollandiyada "siyasi mühacir” adı altında yaşayan Leyla Yunusa ünvanlanan doğum günü təbriki öz təmtərağı ilə diqqət çəkir.

"Azərbaycanın ilk fədakar hüquq müdafiəçilərindən biri, insanların hüquq və azadlıqları naminə min-bir məşəqqətli mübarizə yolundan geri çəkilməyən dostumuz və kolleqamızı bütün redaksiyanın adından Leyla Yunusu (Yunusova) Ad Günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür diləyirik!”, - 2017-ci ilin 21 dekabr tarixində yayımlanan təbrik məktubunda deyilir.

Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini gizlətməyən separatçıların "insan haqlarının müdafiəçisi” Leyla Yunusu "dostumuz və kolleqamız” adlandırması fonunda L.Yunusun həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz Yunusun analarının Arsalyus Arsenovna Barseqyan olması, o cümlədən, ermənilərin bir neçə il öncə "Leyla Barseqyana azadlıq” tələbi ilə çıxış etməsini yada salır. Və belə görünür ki, erməni xüsusi xidmət orqanları "insan haqları planı”nda separatçılarla "siyasi mühacir” adı alanları birlikdə daxil edib. Bu planın idarə edildiyi mərkəz Hollandiyadır. Burada son günlər gündəmə gələn "Avropada yaşayan, lakin Leyla və Arif Yunusun Azərbaycana qarşı apardıqları kampaniyaya dəstək verməyən azərbaycanlılar onların "arayışı” ilə deportasiya təhlükəsi ilə üzləşirlər, buna görə də bir çox azərbaycanlı məcburiyyətdən bu kampaniyalara qoşulur” xəbəri yada düşür.

Beləliklə, daşlar bir-bir yerinə oturur: Erməni diasporu/lobbisi və erməni xüsusi xidmət orqanları separatçılarla "insan haqları müdafiəçilərinin” əli ilə Avropadakı azərbaycanlıları "ovlayır” və Azərbaycana qarşı istifadə edirlər.

Asif Nərimanlı






OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...