Müsahİbə

Əli Musəvi: “Əgər Azərbaycan istəsə, biz kömək göstərməyə hazırıq”

Əli Musəvi: “Əgər Azərbaycan istəsə, biz kömək göstərməyə hazırıq”
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Əli Musəvi "Yeni Müsavat”a müsahibə verib. Müsahibədə bizi narahat edən bir sıra məsələlərlə bağlı səfirlik təmsilçisinin münasibətini öyrənməyə çalışdıq. 

- Əli bəy, bu günlərdə belə bir məlumat yayıldı ki, Təbrizdə keçirilən futbol yarışması zamanı Azərbaycan Respublikasının bayrağını qaldıran bir Azərbaycan türkü  ölümcül döyülüb. Mətbuatda həmin şəxsin ad-soyadı, fotoları da yayıldı. Bu barədə nə deyə bilərsiniz?

- Bizdə bununla bağlı heç bir məlumat yoxdur. Biz Tehrandan rəsmi xəbər gözləyirik. Rəsmi xəbər də hələlik gəlməyib.

- Siz hadisə ilə bağlı sorğu göndərmisiniz?

- Yox, sorğu verməmişik. Normalda belə bir xəbər olanda onlar özləri nə baş verdiyi barədə məlumat göndərirlər. Ancaq indiyə qədər belə bir məlumat gəlməyib.

- Azərbaycan mediasında yazılanlar yəqin ki, sizin də diqqət mərkəzinizdədir...

- Bəli, mütləq.

- Siz Azərbaycan mətbuatında yazılanlarla bağlı Tehrana məlumat verirsinizmi?

- Bu, normal haldır.

- Ümumiyyətlə, İran qanunları imkan verirmi ki, Azərbaycan bayrağını qaldırdığına görə kimsə şallaq cəzasına məhkum edilsin?

- Mən bunu bilmirəm. İndiyədək belə bir xəbər gəlmədiyi üçün heç nə deyə bilmərəm. Həm də mən hüquqşünas deyiləm, hüquqi işlərə baxmıram.

- Əli bəy, biz sizə zəng edəndə telefonda avtomatik cavablandırıcı "İran İslam Respublikasının səfirliyi. Bakı” cavabını aldıq. Biz eyni qayda ilə Türkiyə səfirliyinə, yaxud başqa ölkənin səfirliyinə zəng edəndə həmin ölkənin Azərbaycandakı səfirliyi cavabını eşidirik. Niyə sizdə fərqlidir? Bütün ölkələrə yanaşmanızda paytaxt adını qeyd edirsiniz, yoxsa Azərbaycan istisnadır?

- Burada özəl bir məsələ yoxdur. Sizin dediyiniz də doğru ola bilər.

- Məsələ burasındadır ki, bir sıra hallarda bu, şübhəli ehtimallara yol açır. Deyilir ki, İran İslam Respublikası Azərbaycan dövlətini tanıyır, əməkdaşlıq edirsə, niyə səfirlik binasının qarşısında "İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi” yazmır, Bakıdakı səfirlik kimi təqdimat verir?

- Təbii ki, biz Azərbaycan Respublikasını dövlət olaraq tanıyırıq, əməkdaşlıq edirik, beynəlxalq təşkilatlara üzv olmaqla bağlı daim köməklik etmişik. Əməkdaşlıqlarımız yüksək səviyyədə davam edir.

- Amma təqdimat şübhələr yaradırsa...

- Deyərəm, onu dəyişdirərlər, İnşallah! Düz deyirsiniz. Buna baxarıq.

- Çox yaxşı olar. Əli bəy, 1992-ci ildə Tehran Qarabağla bağlı vasitəçilik etmək istədi və Ermənistan buna "cavab” olaraq Şuşa şəhərini işğal etməklə İranın da səylərinə zərbə vurdu. Bəs indiki durumda Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün İran nə kimi addımlar atmaq niyyətindədir?

- Biz ilk gündən Qarabağ məsələsinin həlli üçün təşəbbüslər göstərmişik. Bizim xarici işlər nazirimiz bu yaxınlarda İstanbulda da dedi ki, bu istiqamətdə addımlar atmağa hazırıq. BMT qətnamələri çərçivəsində Qarabağ məsələsinin həll olunmasını istəyirik. Düzdür, indi Minsk Qrupu çalışır. Ancaq gərək bizim prosesdə iştirakımıza hər iki tərəf razı olsun. Yəni həm Azərbaycan, həm də Ermənistan razılaşsın ki, biz yenidən cəhdlər göstərək. Bizim rəhbərimiz də deyib, Qarabağ İslam torpağıdır.

- Yeri gəlmişkən, İslam torpağı ifadəsi də birmənalı qarşılanmır. Sual olunur ki, niyə "Qarabağ Azərbaycan ərazisidir” deyilmir, "Qarabağ İslam torpağıdır” deyilir? 

- Bu, aydın məsələdir. Azərbaycan İslam ölkəsidir, ərazisi də İslam torpağıdır. Ermənistan ki, İslam torpağı deyil, Azərbaycandır İslam torpağı, bu, aydın məsələdir. Biz istərdik bu məsələ həllini tapsın, amma Azərbaycanın daxili məsələsidir. Əgər Azərbaycan istəsə, biz kömək göstərməyə hazırıq. Ümumiyyətlə, biz Azərbaycana hər cür köməklik göstərməyə hazırıq.

"Ermənistanla əlaqələrimiz qonşuluq çərçivəsində olan əlaqələrdir”
- Azərbaycanın işğal olunmuş ərazilərində məscidlər, minarələr dağıdılıb, salamat qalanlar da donuz fermaları kimi istifadə edilir, İslam abidələri vandalizm aktına məruz qalır. İran İslam Respublikasının buna niyə sərt reaksiyasını görmürük? Məsələn, işğalçı Ermənistana qarşı sanksiya qərarı niyə qəbul olunmur, əksinə, işğalçı ilə geniş əlaqələr qurur?

- Geniş əlaqələr deyil. Biz qonşuyuq. Qonşu olaraq əlaqələr qururuq. Azərbaycanın da bizim Ermənistanla əlaqələrimizdən xəbəri var, bu, açıq bir şeydir, gizli deyil.

- İşğalçı ölkə ilə bu şəkildə əlaqələr qurmaq normaldırmı, ədalətlidirmi?

- Ermənistanla əlaqələr qonşuluq çərçivəsində bir əlaqədir... Hər halda, biz istəmərik ki, qonşularla əlaqələrimizi kəsək.

- Təbii ki, biz İranın daxili işlərinə qarışmaq niyyətində deyilik. Amma İran üçün İslam dəyərləri çox önəmlidir. Əgər erməni məscidlərimizi tövləyə çevirirsə, onda belə bir ölkə ilə qonşuluq etmək düzgündürmü?

- Bizim orada səfirliyimiz var, oradan bizə bununla bağlı heç bir məlumat gəlməyib.

- Haradakı səfirliyinizdən?

- Ermənistandakı.

- Sizin səfirliyiniz təbii ki, bu barədə heç nə deməz. Əgər hadisələr Azərbaycan ərazisində baş verirsə, səfirin məlumatsız olması normaldır. Amma ermənilərin Qarabağda törətdiyi vəhşiliklər barədə kifayət qədər fotolar, videolar yayılıb...

- Bununla bağlı geniş bir söz deyə bilmərəm. Rəsmi dairələr tərəfindən bizə bununla bağlı məlumatlar verilərsə, o zaman araşdırılar, münasibət bildirilər.  

- İran XİN başçısı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı etirazını bildirib. Tehran bunun ardınca növbəti addımlar ata bilərmi?

- Bunun üçün gərək rəsmi şəxslər münasibət bildirsin, bununla bağlı hansısa müraciət olsun. İran tərəfdə də hüquqi şöbələr var və yəqin ki, münasibətləri olar. Ancaq mənim bununla bağlı məlumatım yoxdur. Həm də bu suallara cavab vermək üçün məsul deyiləm. Rəsmi kanallardan xəbərlər gəlsin, baxaq, görək nə məsələdir.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930