Ekoloq: “SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir”

Ekoloq: “SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir”

Son illərdə Azərbaycanda ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması prioritet istiqamətlərdən biridir. Xüsusilə də yüz ildən çoxdur ki, hasil olunmuş neftlə  çirklənən ərazilərin təmizlənməsi aktual məsələlərdəndir.


Ekologiyanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən belə tədbirlərdən biri rekultivasiya, yəni torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlərdir. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin оrtalarında Almaniyada başlanıb.


Azərbaycan müstəqillik qazandıqdan sonra neftlə çirklənmiş ərazilərin rekultivasiya tədbirləri geniş yayılmağa başlayıb.


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan çox ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb.


Neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, "Bibiheybətneft” NQÇİ ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən "Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.


"Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev bildirib ki, SOCAR-ın neftlə çirklənmiş ərazilərdə həyata keçirdiyi rekultivasiya və bərpa işləri qaneedicidir.


Onun sözlərinə görə, ancaq uzun illər ərzində çirklənmiş ərazilərin hamısını birdən-birə təmizləmək çox çətindir.

Ekoloq Xosrov Musayev:

"Rekultivasiya sahəsində xeyli işlər görülüb və bu işlər davam etdirilir"

 

Ekspert deyir ki, maddələr arasında neft ən çirkləndirici maddədir: "Hava çirklənəndə onu təmizləmək mümkündür. Ancaq torpağa düşən çirki, xüsusilə də neft tullantılarını təmizləmək çox çətindir. Bundan başqa, hava və su özü-özünü təmizləyə bilir. Lakin torpaq özü-özünü təmizləyə bilmir. Çirklənmiş torpağı rekultivasiya etmək, torpağı bərpa etmək üçün çox böyük vəsait tələb olunur”.


O xatırladıb ki, Bakının "Qara şəhər” adlanan ərazisinin də müəyyən hissələri əvvəllər neftlə çirklənmiş ərazilər idi: "Bu gün bütün ərazilər bərpa edilib”.


Ekspert xatırladıb ki, əvvəllər neft quru hissələrdə hasil olunurdu: "Bu da torpağın çirklənməsinə səbəb olurdu. Bu gün isə Azərbaycanda neft əsasən dənizdən çıxarılır. Ümumilikdə götürdükdə isə bu sahədə xeyli işlər görülüb və bu gün də görülür. Təbii ki, bütün bunları qısa bir müddətdə təmizləmək, bərpa etmək çətindir”.


OXŞAR XƏBƏRLƏR