Əhalinin alıcılıq qabiliyyəti kəskin azalarsa nə baş verəcək? - TƏHLİL

Əhalinin alıcılıq qabiliyyəti kəskin azalarsa nə baş verəcək? - TƏHLİL

Xüsusi rejimli karantin tədbirləri ilə əlaqədar olaraq bir çox iş yerləri bağlanıb, günəmuzd və qeyri-rəsmi əmək haqqı qarşılığında çalışan yüzminlərlə insan işsiz qalıb. İş yerlərinin bağlanması adi çalışanlarla bərabər sahibkarların, biznes fəaliyyəti ilə məşğul olan şəxslərin də iqtisadi durumuna ciddi zərər vurub.


 

Düzdür, hazırda işləyənlərə və bizneslə məşğul olanlara dəyən zərər böyük deyil. Çünki xüsusi karantin rejimi yeni tətbiq edilib və ilk günlərdə bunun mənfi fəsadlarını güclü hiss etmirik. Amma karantin müddəti uzandıqca işsizliyin iqtisadi sahədə yaradacağı ağır vəziyyəti hamılıqla hiss edəcəyik.

 

 

Bəs, işsizliyin artması, biznes fəaliyyətinin məhdudlaşması ölkəmizdə hansı arzuedilməz iqtisadi çətinlik törədə bilər?

 

 

İşsizliyin artması və biznes fəaliyətinin məhdudlaşması iqtisadiyyatda tələbi zəiflədəcək. Burada tələb dedikdə iqtisadiyyatın alıcılıq qabiliyyəti nəzərdə tutulur. Son günlər neftin dünya bazarında kəskin ucuzlaşmasının səbəbi də tələbin azalması ilə bağlıdır. Tələb iqtisadi aktivliyi yaradan ən əsas amildir və onun zəifləməsini hökumətlərin heç biri arzulamır.

 

 

Alıcılıq qabiliyyətinin azalma səviyyəsindən asılı olaraq iqtisadiyyatlar böhrana da girə bilər. Ümumiyyətlə, iqtisadiyyatda böhranı yaradan əsas amillərdən biri məhz alıcılıq qabiliyyətidir və onun böyük fərqlə azalması tənəzzülü qaçılmaz edir. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti 10 faiz azalarsa, bu onunla nəticələnəcək ki, əhalinin xərcləri də 10 faiz azalacaq. Əhali bu halda qeyri-ərzaq mallarının və pullu xidmətlərin alışını ixtisar edəcək. Əgər alıcılıq qabiliyyəti daha çox, məsələn 15-20 faiz azalarsa, o halda əhali nəinki qeyri-ərzaq və pullu xidmətlərə, həm də ərzağa xərcləyəcəyi pulu azaltmağa məcbur olacaq.

 

 

Məcburiyyətdən xərclərin azalması ona gətirib çıxarır ki, ölkədə istehsal müəssisələri dayanır, yaxud çoxlu sayda iş yerləri ixtisar olunur, istehsal azalır, investisiya qoyuluşu zəifləyir, dövlətin gəlirləri azalır və böhran baş verir.

 

 

Alıcılıq qabiliyyətinin azalmasının sadəcə mənfi iqtisadi nəticələri olmur. O, həm də ağır sosial problemlər yaradır, kriminogen vəziyyəti pisləşdirir.

Tələbin çox azalmasının qeyd edilən arzuedilməz iqtisadi və sosial problemlərindən qaçmaq üçün və ya problemləri bir qədər yüngülləşdirmək məqsədilə hökumətlər əhaliyə, biznes sektoruna maddi dəstək mexanizmlərini tətbiq edir. Bu təcrübədən bütün böhranlar dövründə istifadə olunub.

Buna görə də son günlərdə iqtisadçılar, elə hökümətin özü də karantindən əziyyət çəkən ailələrə, biznes sektoruna maddi dəstəyin göstərilməsi ilə bağlı müzakirələr aparır. Aprel ayının ilk ongünlüyündə bəzi maddi dəstək tədbirlərinin açıqlanacağı bildirilir.

 

 

Dövlət çalışmalıdır ki, tələbin əsas hissəsi olan istehlak xərcləri çox azalmasın. Təcrübə göstərir ki, dövlət büdcəsinin gəlirləri və investisiya qoyuluşu istehlak xərclərindən çox asılıdır. İstehlak xərcləri artdıqda dövlətin gəliri və investisiya qoyuluşu artdığı kimi, azalanda da eyni proses baş verir. Buna görə də əgər istehlak xərcləri çox azalarsa, ölkəmizdə iqtisadi dövriyyə kiçiləcək və bundan hamı zərər görəcək.

 

 

İstehlakın əsas hissəsini pərakəndə ticarət (ərzaq və qeyri-ərzaq malları) təşkil edir. Əhalinin alıcılıq qabiliyyətinin azalmasını ilk növbədə burada müşahidə etmək olur. 2020-ci ilin yanvar-fevral dövrünün nəticələrinə əsaslanaraq demək olar ki, ölkəmizdə pərakəndə ticarətin artım imkanları zəifləyir. İlk 2 ayda pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,1 faiz artaraq 5,85 milyard manat olub.

 

 

Pərakəndə ticarətin artım sürəti ötən il 3,6 faiz idi. Bu ilin yanvarında artım sürəti 3,6 faizə, yanvar-fevralda 3,1 faizə düşüb. Eynilə ərzağa xərclənən vəsaitdə artım sürəti ötən il 3,2 faiz olduğu halda yanvarda 2,7 faiz, yanvar-fevralda 2,6 faiz təşkil edib. Mart ayında xərclərin kəskin azalması fonunda pərakəndə ticarətin bir qədər də zəifləməsi gözlənilir.

 

 

İstehlak xərclərinin digər hissəsi olan pullu xidmətlərdə artım sürətinin zəifləməsi də gözlənilir. Yanvar-fevralda ictimai iaşə xidmətlərinin həcmi 8,9 faiz artaraq 223 milyon manat olub. Digər pullu xidmətlər isə 5 faiz artaraq 1,42 milyard manat təşkil edib. Martda pullu xidmətlərdə də artımın nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunacaq.

 

 

Belə bir çətin dövrdə dövlət əhalinin alıcılıq qabiliyyətinin azalmaması üçün ona müvafiq dəstək verməlidir. Bunun üçün bir göstərici kimi həm də əhalinin istehlak xərcləri götürülə bilər. 2020-ci ilin yanvar-fevral dövründə əhali orta hesabla hər ay 141 manat ərzağa, 138 manat qeyri-ərzağa, 134 manat ödənişli xidmətlərə pul xərcləyib. Adambaşına aylıq xərc 413 manatdan çox olub. Karantin dövründə alıcılıq qabiliyyətinin azalması qaçınılmazdır. Buna görə də hansı addımların atılmasından asılı olmayaraq aylıq xərclər azalacaq. Lakin azalmanın daha çox olmaması üçün dövlətin dəstəyə ehtiyac olan ailələri müəyyənləşdirib onlara kömək etməsi vacibdir. Əks təqdirdə 2016-cı ildən sonra yenidən iqtisadi böhran, geriləmə qaçınılmaz olacaq.

 

 

 

Vasif

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR