“Bunu biznes layihəsinə çevirdilər” - Kirayə üsulla ev almaq niyə bahadır?

“Bunu biznes layihəsinə çevirdilər” - Kirayə üsulla ev almaq niyə bahadır?

"Belə yüksək qiymət qoyulması kirayə mənzillər üzrə təkliflərin sosial mahiyyət deyil, biznes mahiyyəti daşıdığını ortaya qoydu”.


Sfera.az-a açıqlamasında bu sözləri İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərin qiymətinin Bakı şəhərində - 411 manat, Xırdalanda – 333, Sumqayıt üzrə isə - 297 manat olmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

"Əslində bu layihə sosial layihə olaraq düşünülmüşdü. Hətta öncədən faizsiz olacağı elan olunmuşdu. Ancaq məlum oldu ki, faizlər öncədən hesablanıb və qiymətlərin üzərinə gəlib. Belədə kirayə mənzil üzrə qiymətlər indiki bazar qiymətindən azı 3 dəfə baha təklif olunur. Bu da düşünüldüyünün əksinə olaraq, həmin layihənin sosialyönümlü, aztəminatlı, gənc ailələrin mənzilə çıxışını asanlaşdırmağa xidmət edən layihə olmadığını göstərdi. Görünən odur ki, layihə ilə bağlı ciddi araşdırmalar aparılmayıb. Bu məsələyə cavabdeh dövlət qurumları nə beynəlxalq təcrübəni öyrənməyib, nə iqtisadi əsaslandırma aparmayıb, nə də ki, prosesə yaxşı hazırlaşmayıblar. Türkiyə təcrübəsində kirayə evləri vətəndaşlara Azərbaycan manatı ilə təxminən 200 manat civarında verilir. Cəmi 300-dən bir qədər çox mənzil satışa çıxarılıb. Şərtlər ağır, ilkin ödənişin həcmi də kifayət qədər çoxdur.

 

Beləliklə, həmin addım fonunda kirayə mənzillərlə bağlı məsələ özünün sosial layihə olması imkanlarını itirdi. Sanki bu bir biznes layihəsidir. Əslində belə olmalı deyildi. Fors-major situasiyada aylıq ödənişlərin həcmi daha da artacaq. Bu yanlış və səhv istiqamətə yönələn layihə kimi yaddaşlarda qalacaq”.

 

Həmsöhbətimizə görə, kirayə evləri üçün qiymətlərin yüksək olması ilk növbədə bu istiqamətdə satışa çıxarılan mənzillərin azlığından qaynaqlanır: "İkincisi, bu yolla sanki dövlətin balansında olan mənzillər satışa çıxarılır. Sanki hansısa biznes qurumundan həmin mənzilləri dövlət qurumu alıb, daha artıq qiymətə satır. Belədə, həmin layihə balşanan ilk andan fiaskoya uğradı”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR