Gündəm

Ceyhun Osmanlı Arzu Məmmədova və ASAIF-dən yazdı

Ceyhun Osmanlı Arzu Məmmədova və ASAIF-dən yazdı

 

"Əslən Ağdamdan olan Arzu Mammadovanın Pozner qarşısında cəsarətli çıxışı bir daha vətəndaş diplomatiyasının aktuallığını ortaya çıxardı. Ağdamı təsadüfən qeyd etmədim. Çünki Arzu Qarabağlı gənc olaraq Erməni işğalının canlı şahidi və canlı qurbanı olduğu faktını məharətlə ortaya qoydu”.

 

Sfera.az xəbər verir ki, bu sözləri ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı onun azərbaycanlı gənc Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşməsinə münasibət bildirərkən sabiq millət vəkili Ceyhun Osmanlı özünün facebook səhifəsində yazıb.


"Söz ustası olan Pozner qarşısında danışmaq, Arzunun sözünü kəsmək cəhdinə baxmayaraq fikirlərinə davam etmək asan məsələ deyildi. Lakin Arzu bunu bacardı. Məsələ kifayət qədər ciddi olmasaydı erməni mətbuatı və elə Poznerin özü də Arzunun fikirlərini təhrif edərək verməzdi. Bəlkə də kənardan baxanda gənc bir qızın Kaliforniyadan haqq səsimizi çatdırması adi görsənə bilər. Hətta tanımayanlar bu qızcığazın yağ-bal içində üzdüyünü də düşünə bilər. Lakin Arzunu illərlə tanıdığım üçün deyə bilirəm ki, O istər təhsil həyatında, istərsə də gənclər siyasətində fəallığını öz zəhmətinə və fədakarlığına borcludur. Bir daha təcrübə göstərdi ki, bir gəncimiz zamanı gələndə elə bir tribunadan mövqeyimizi müdafiə edə bilər ki, bəlkə də o anda hansısa bir səfirimizin sözündən daha inandırıcı və kəsərli olar”.

 

Ceyhun Osmanlı 2010-cu ildə ASAIF təşkilatı qurularkən də məqsədin xaricdə təhsil alan, məzun olan hər bir gəncimizlə dövlətçilik naminə iş aparılmaq olduğunu yazıb: "2014-cü ilə qədər ASAIF dünyanın 40-dan çox ölkəsində təhsil alan/məzun olmuş 6 minə yaxın gənci birləşdirdi. ASAIF fəallarının Xocalı aksiyaları dünyanın 100dən çox şəhərinə yayıldı. Müsbət rəqabət yarandı. Hər bir gəncimiz olduğu şəhərdə "Mən Azərbaycanın burada təmsilçiyəm və mənim davranışlarım sayəsində ölkəm haqqında təəssürat yaranır" fəlsəfəsinə hər gün daha çox yiyələnirdi... ASAIF təcrübəsi göstərdi ki, yaxşı təhsil almış gənclərimizin müsbət enerjisi, gənclərin motivasiya və entuziazmının səfərbər edilməsi yolu ilə böyük nailiyyətlər əldə etmək mümkündür. Gənclərimizin üzünü dönüb getməsinə yol vermək olmaz. İnsan kapitalı neft kapitalından da önəmli olan sərvətimizdir.

İndi isə Arzu kimi nümunəvi gəncimizə baxaraq və fərəhlənərək düşünməliyik ki, belə müsbət nümunələri hər gün eşitsəydik daha gözəl olmazdımı? Bunun üçün bütün şanslarımız olmasına baxmayaraq niyə yubanırıq?”

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930