Bu gün şahinlərimizin bayramıdır - FOTO

Bu gün şahinlərimizin bayramıdır - FOTO

Bu gün onların günüdür. Məhz bu tarixdə 14 fevral 1992-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk bölməsi yaradılıb. Prezidentin 1992-ci il 14 sentyabr Fərmanı ilə 14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günü elan edilib.

 

Pilotlarımız hər zaman birinci olmağa can atır. Amma peşəsinin birincisi olmaq səadəti hər insana qismət olmur. Azərbaycanlılar da hər zaman uçmaq arzularını reallaşdırmağa çalışıblar. İlk pilotlarımızdan olan Fərrux ağa Qayıbov, Zuleyxa Seyidəhmədova Azərbaycan aviasiyasının ilk qaranquşlarıdır. Müstəqilliyimizin ilk illərində dövlətimiz qarşısında mühüm bir vəzifə vardı. Hərbi Hava Qüvvələrimizi yaratmaq kimi mühüm bir vəzifənin icrasına başlamaq isə olduqca cətin idi. Vətən darda olanda onun xilası üçün çarpışanlar, hətta canından keçənlər ayağa qalxır, səfərbər olur. Qarabağ müharibəsi də bu kimi cəsur oğulları bir araya yığdı və tezliklə onların ardıcılları sayagəlməz oldu. Xüsusən "yoxdan yaranan” milli aviasiyamızın və aviatorlarımızın şücaəti milli qəhrəmanlıq salnaməmizin qızıl səhifələrinə çevrildi. 1992-ci il aprelin 8-də Qarabağ səmasına qalxıb, erməni işğalçılarının istehkamlarına raket zərbəsi endirən "SU-25” tipli qırıcı təyyarə haradan peyda olmuşdu? Onun şturvalı arxasında əyləşən baş leytenant Vaqif Qurbanov kim idi və hərbi aviasiyamızın tarixində ilk olan bu qırıcını hansı yolla əldə etmişdi? Bu sualların cavabı yəqin ki, çoxları üçün maraqlıdır...

 

 Vaqif Qurbanov Borisoqlebsk təyyarəçilər məktəbinin məzunu idi. Qarabağ torpağı işğala məruz qalanda, xüsusən Xocalı faciəsi baş verəndən sonra gənc təyyarəçi Azərbaycanda hərbi təyyarə dəstəsi yaratmaq, vətənin qisasını almaq hissi ilə alışıb-yanırdı. O, ürək qızdırdığı təyyarəçi yoldaşlarını başına yığıb, müxtəlif planlar cızdı. Nəhayət, bu planlardan biri baş tutdu. Həmin gün Sitalçayda yerləşən 80-ci əlahiddə qırıcı aviaalayında görünməmiş hadisə baş verdi. Komandanlığın icazəsi olmadan "SU-25” qırıcı təyyarəsi qəflətən yoxa çıxdı. Onu qaçıran baş leytenant Vaqif Qurbanov və onun cəsur yoldaşları idi. "Qənimət” kimi əldə edilmiş ilk hərbi təyyarəmiz düz iki ay müddətində Qarabağ səmasında etibarlı keşikçi oldu, düşmənin onlarca strateji obyektini məhv etdi, ən gərgin hava döyüşlərindən qalib çıxdı. Mayın 9-da Vaqif Qurbanov idarə etdiyi "SU-25” təyyarəsi ilə ermənilərin "YAK-40” təyyarəsini parça-parça etdi. Və elə həmin gün ermənilər tərəfində vuruşan muzdlu rus hərbi vertolyotuna hücum edən Vaqif Qurbanov onu havadaca məhv edərək, qəlpələrə çevirdi...

 

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar Hərbi Hava Qüvvələrimizin daha da inkişaf etməsinə səbəb oldu. Səbəb aydın idi – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur.

Pilotlarımız Azərbaycan əsgərləridir və inanırıq ki, onlar qələbəmizin ilk müjdəçiləri olacaq. Bayramınız mübarək!

 

Qoşqar Salmanlı




 

 

 

 


OXŞAR XƏBƏRLƏR