Sİyasət

Bölgədə Bakının mövqeyi güclənir- ABŞ-ın şok planı

Bölgədə Bakının mövqeyi güclənir- ABŞ-ın şok planı
Vaşinqton Azərbaycana yardımı artırıb, Ermənistana isə azaldıb - ilginc statistika; erməni rəsmilərinin Amerikaya silsilə səfərlərinin motivi - Paşinyan Vaşinqtona "siyasi desantlar”ı niyə göndərib? Politoloq: "Azərbaycan Qərbin regionda əsas dayağına çevrilir...”

Keçən ay SOCAR Cənub Qaz Dəhlizi (CQD) ilə bağlı bəyanat yaymışdı. Bəyanatda deyilirdi ki, CQD-nin əsas seqmenti olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib.

"Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın ”Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub", - deyə rəsmi açıqlamada bildirilirdi.

Bu məlumat, əlbəttə ki, ən çox işğalçı Ermənistanda, qismən də onun müttəfiqi Rusiyada narahatlıq yaratdı. İşğalçı ölkənin nədən təlaş keçirməsinin motivi bəlli - Azərbaycanın Avropa üçün artan önəmi, iqtisadi bağların siyasi bağları möhkəmlətməsi. Rusiya isə Avropanın Azərbaycan qazı hesabına ondan energetik asılılığının azalmasına görə əndişəyə düşə bilərdi...

*****      

ABŞ-dakı erməni lobbisi üçün əlçatmaz olan prezident Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı son məktublarda da Azərbaycanın Qərb, Avropa üçün önəmi dönə-dönə vurğulanır. Həmçinin Rusiya və NATO (ABŞ) generallarının görüş yeri kimi daim Bakını seçməsi də Azərbaycana artan inam-etimadla yanaşı, onun bölgədəki yeri, önəmi və avtoriteti ilə birbaşa bağlıdır.

İşğalçı Ermənistanı narahat edən də Azərbaycanın Qərb üçün get-gedə artan dəyəri və önəmidir. Bu isə nə vaxtsa Dağlıq Qarabağ məsələsinin istər dinc, istərsə də hərbi yolla ədalətli çözümü yönündə Bakıya unikal fürsətlər aça bilər. Söz düşmüşkən, ötən həftə Bakıda səfərdə olan Avropa İttifaqı Nazirlər Şurasının prezidenti Donald Tusk da ölkəmizin Avropa Birliyi üçün önəmini dilə gətirib və təşkilat adından Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edib. Təxminən eyni mövqeyi o, İrəvanda ortaya qoyub.         

    Ararat Mirzoyan ile ilgili görsel sonucu

Şübhə yox ki, hazırda Ermənistandan birdən-birə üç (!) rəsmi nümayəndə heyətin - baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zohrab Mnatsakanyan və parlamentin spikeri Ararat Mirzoyanın eyni vaxtda, lakin ayrı-ayrılıqda ABŞ-da səfərdə olması ilk növbədə bölgədə geosiyasi tarazlığın Azərbaycanın xeyrinə dəyişməkdə olması ilə bağlıdır. Politoloq Elxan Şahinoğlu haqlı olaraq bunu "Paşinyanın Amerikaya siyasi desant göndərməsi” kimi qiymətləndirib. Bu fonda srağagün Ermənistanın müdafiə naziri David Tonoyanın İrəvanda ABŞ səfiri ilə görüşü də diqqət çəkməyə bilməz. 

*****

Zohrab Mnatsakanyan ile ilgili görsel sonucu

Az öncə isə ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin təşəbbüsü ilə Xankəndi aeroportu ilə bağlı Azərbaycan əleyhinə qanun layihəsini qəbul edib. Sənədin qüvvəyə minməsi üçün onu Senat və prezident də təsqidləməlidir. Qanun layihəsi Azərbaycana mülki hava obyektlərini (Xankəndinə qanunsuz hava uçuşları nəzərdə tutulur) vuran silah və sistemlərin satışını qadağan edir.

Ancaq bu, məsələnin zahiri tərəfidir, nəticədir. Siyasi müşahidəçilər ən əvvəl Azərbaycanın Qərb üçün artmaqda olan önəminə və bu önəmi zəiflətmək üçün ermənilərin artan həşirinə xüsusi diqqət yönəldirlər.

Erkin Qədirli ile ilgili görsel sonucu

Məsələn, politoloq Erkin Qədirli erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağının, demokratların da bu cür layihələrə səs vermək həvəsini xatırladaraq deyir: "Lakin işin maraqlı tərəfi bu deyil. Konqresin birdən-birə belə layihəni qəbul etməsi çox maraqlı oldu. ABŞ bizə onsuz da silah satmırdı. Sən demə, ortada bizim xeyrimizə olan və erməniləri, o cümlədən Rusiya və İranı narahat edən fakt varmış”.

Bəs söhbət hansı faktdan gedir? Ekspert bu xüsusda fikrini davam etdirərək maraqlı bir məqamın üzərinə gəlib:"Vaşinqtondakı Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran ”Security Assistance Monitor" proqramının yaydığı məlumata görə, prezident Tramp 2018-2019 maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır. Ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur. Bu pul Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektron cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ də Xəzərdə təhlükəsizliyə yönəlib".

Politoloq ABŞ prezidentinin bu qərarının arxasında digər məqamların olduğunu bildirib: "Məsələn, Azərbaycanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər. Daha sonra Gürcüstanla sərhədimizdə Rusiyanın təxribatı indi daha aydın görünür. Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı”.

Politoloq hesab edir ki, Qərbin bölgədə əsas dayağı Azərbaycandır: "Ermənistana qarşı gücümüzü çoxdan yığmışıq, fürsət yaranan kimi vuracağıq. Bunları bir güman kimi yazırdım, indi isə ortada faktlar var. Yeri gəlmişkən, Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Ehtimal var ki, Tramp bunu Ermənistanı cəzalandırmaq üçün, ermənilərin Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə görə edib”.

*****

Əslində ABŞ "demokratik inqilab”ın lideri kimi Paşinyana inamını artıq itirib, ondan xeyli dərəcədə məyusdur. Nikolun Ermənistanı Rusiya cazibəsindən uzaqlaşdırıb, tutaq ki, Türkiyə və Azərbaycana yaxınlaşdıracağına, Moskvadan asılılığı zəiflətmək üçün Bakı və Ankara ilə dil tapacağına ümidini itirib. Rusiya orbitində qalmağı üstün tutan Paşinyanın Amerikaya yolladığı "emissarlar”, çətin ki, bu reallığı dəyişə bilsin. Demək, Bakıya Qərbin "stavkası” da artacaq ki, azalmayacaq...     

"Yeni Müsavat”ın analitik xidməti

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30