Bakıdakı “Qul bazarı”ndan reportaj - FOTO/VİDEO

Bakıdakı “Qul bazarı”ndan reportaj -  FOTO/VİDEO

Əhalinin kütləvi şəkildə bölgələrdən Bakıya axın etməsi, iqtisadi böhran səbəbindən iş yerlərinin kütləvi şəkildə ixtisarı paytaxt Bakıdakı “qul bazarları”na çörək dalınca gələnlərin sayını artırıb.

Paytaxtın müxtəlif ərazilərində işsizlərin toplaşdığı və gündəlik 10-20 manat üçün hər cür işə razı olduğu qul bazarları var. Bunlardan biri də “Xalqlar dostluğu” metrostansiyası yaxınlığındadır. Burada körpünün altı səhər erkən saatlardan başlayaraq gənc, orta yaşlı, hətta bəzən yaşlı usta-fəhlələrlə dolu olur.

Sfera.az xəbər verir ki, musavat.com-un əməkdaşı adıçəkilən əraziyə baş çəkib və fəhlələrlə həmsöhbət olub.

Körpünün altında saatlarla gözləyən fəhlələrin yaxınlıqdan keçən hər avtomobilə ümid dolu baxışları ürək ağrıdır. Onların əksəriyyəti bölgələrdən iş dalınca Bakıya axın edənlərdir. Yay-qış, isti-soyuq demədən buraya yığışan insanlar bəzən əl-ayaq işləri görməklə ailələrinə çörək pulu aparırlar. Günorta saatları olsa da, “qul bazarı”ndakıların bəziləri hələ də iş tapmayıb. Bir neçə fəhlə səhər saatlarından indiyə qədər iş düşmədiyi üçün gileylənir.

Akif adlı gənc işsizlikdən evinə çörəkpulu apara bilmədiyini deyir:

"2 həftəyə yaxındır ki, ümumiyyətlə iş düşmür, elə boş-boşuna gəlib qayıdıram. 3 aydır iş axtarıram, heç yerdə iş yoxdur. Tikinti yerlərinə müraciət eləmişəm. Hamımız çörəkpuluna görə yığışmışıq, bilmirik hara gedək. 7-8 saatdır ki, bazardayıq. Müraciət edən olmayıb. Bu ay cəmi 150 manat qazancım olub. Bir maşın gələn kimi hamıdan qabaq qaçıram ki, iş tutum. Elə vaxt olur alınmır. Başqa birisini aparırlar. Fəhlə çox olduğundan hamıya iş düşmür".

Çörəyini həmişə “Qul bazarı”nda axtardığını deyən, adının çəkilməsini istəməyən fəhlə, polisin dəfələrlə onları bazardan qovduğunu bildirir:

“Qul bazarını jurnalistlər bir neçə dəfə gəlib çəkiblər. Problemini deyənlər olur, fəhlələr işsizlikdən danışır. Sonra polislər bizim televiziyalarda narazılıq etdiyimizi görəndə gəlib bizi bazardan qovurlar ki, niyə elə danışırsınız. Bizi incidirlər. Ona görədə fəhlələr işsizlik barədə danışmaqdan qorxur. Bir neçə dəfə bizi günlərlə bazara qoymayıblar. Elə fəhlə var ki, ağzına gələni danışır, təhqir edir. Onun danışığına görə biz işsiz qalırıq. Xahiş edirik jurnalistlərdən belə insanları çəkib saytlara verib bizi işsiz qoymasınlar”.

İtirməyə heç nəyi olmayan bu insanlar son çarə olan “Qul bazarı”nı da itirməkdən qorxur və işsizlikdən şikayət etməyə çəkinirlər. Halbuki, onların bir neçə metr uzaqdan görüntüsü belə ölkədə işsizliklə bağlı vəziyyəti ortaya qoyur.