Bakı Forumunda İran, Çin müzakirələri - Dünya güclərinə ilginc çağırışlar

Bakı Forumunda İran, Çin müzakirələri - Dünya güclərinə ilginc çağırışlar
VI Qlobal Bakı Forumunda çıxış edərkən ürəyində problemlər yaranan Türkiyədən olan deputat Əkmələddin Ehsanoğlunun müalicəsini prezident nəzarətə götürdü
 

"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu martın 16-da öz işini davam etdirdi. Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən, dünyanın onlarla ölkəsindən 500-dən artıq qonağın qatıldığı mötəbər tədbirin ikinci günündə "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panel müzakirələri aparıldı.
"Fələstin problemi digər bütün problemlərin kökündə dayanır. Bu problemin həlli digər problemlərin də  həllinə gətirib çıxara bilər. Bu, ədalətsizlik problemidir”.
 
 

Bunu Livanın sabiq baş naziri (2005-2009) Fuad Siniora panel müzakirələrində dedi. Natiq ardınca İranın baş verənlərdə neqativ rol oynamasından bəhs etdi: "Mən demək istəmirəm ki, bir sıra ərəb liderləri ədalətsiz rol oynayıb, baxmayaraq ki, onların da günahı var. Biz bu gün İranın müdaxiləsini görürük. Bu, davam edir. Regionda olan bir ölkə öz müdaxiləsi ilə strateji balansı pozmağa çalışır. Bu gün İran rəhbərliyi hesab edir ki, dünyanın istənilən ölkəsinin daxili işlərinə qarışa bilər. İran rəhbərliyi ”İraq, Suriya və Yəməndə aparıcı rol oynamalıyıq" deyir. Bu isə regionda qeyri-sabitlik mənbəyidir".
Müzakirələrdə çıxış edən Rusiyanın sabiq  dövlət katibi Gennadi Burbulis 1991-ci ildə SSRİ-nin dağılmasına görə təəssüfünü ifadə etsə də, imperiyanın bərpasını mümkünsüz saydı: "İndi ən böyük imperiya google və facebook-dur”.
 

Burbulis münaqişələrdən də bəhs etdi: "Elə bir tarixi münaqişə, problem yoxdur ki, onu həll etmək mümkün olmasın. Biz hesab edirik ki, nəsillər, dinlər, mədəniyyətlər arasında inamın yaradılması üçün hərtərəfli iş görmək lazımdır. Bu işlərin hamısını ümidi itirmədən mütəmadi etmək lazımdır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Forumdakı çıxışında BMT-də islahatlar aparmağa çağırdı:  "20 il bundan əvvəl sosial şəbəkələr yox idi, indi biz sosial şəbəkələri fenomen adlandıra bilərik. Sosial şəbəkələrdə saxta məlumatlar yaymaqla yeni situasiya formalaşdıra bilirlər”-deyən nazir region ölkələrində baş verən müharibə və münaqişələrdən danışarkən Qarabağdakı hadisələrə də diqqət çəkdi. E.Məmmədyarov "biz nə etməliyik?” sualına cavab olaraq yeni Yalta görüşünün keçirilməsini də təklif etdi: "Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.

Nazir dedi ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: "Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi, ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik  təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik. Mən inanıram ki, BMT-nin bütün üzv dövlətləri əgər gələcəyin  inkişafını proqnozlaşdıra bilən kimi görmək istəyiriksə, problemlərin həlli istiqamətində addımlar atmalıyıq”.
 

Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən "Balkan regionun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı panel müzakirələrində Balkan regionunda təhlükəsizlik və iqtisadi inkişafla bağlı danışıldı. Moldova prezidenti İqor Dodon bildirdi ki, hegemon dövlətlər arasında uzlaşma mümkün olmadıqda, bundan daha çox kiçik dövlətlər əziyyət çəkir: "Balkan ölkələri buna bariz nümunədir. Bu regionda təhlükəsizliyin təmin olunmasında Avropa İttifaqının rolu təqdirəlayiqdir. Düşünürəm ki, münaqişələrin həlli ərazi bütövlüyü, suverenlik prinsipləri əsasında olmalıdır”.
Albaniya prezidenti İlir Meta dedi ki, onun ölkəsi regionun kiçik dövlətidir: "Yuqoslaviyada baş verənlərə görə Albaniyada qeyri-sabit vəziyyət hökm sürürdü. Düşünürəm ki, vətəndaşlarımızın rifahını artırmaq, regionda daimi sülhün təmin olunması baxımından Avropa İttifaqına üzvlük yeganə çıxış yoludur”.
Albaniyanın keçmiş prezidenti Buyar Nişaninin sözlərinə görə, regiondakı dövlətlərin gələcəyi daha təhlükəsiz olacaq: "Lakin keçmişin qoyduğu pis miras təhlükə olaraq qalmaqdadır. Biz bunları birlikdə aradan qaldırmalıyıq”.
 

Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç qeyd etdi ki, NATO-ya üzv olmaq bir vaxtlar çox vacib amil idi: "Bu, rəsmi tələb olmasa da, NATO-ya üzvlük həm də Avropa İttifaqına üzvlüyü şərtləndirirdi. Balkan regionundakı bütün ölkələr iqtisadi cəhətdən inkişaf etməyiblər. Demokratik standartlar aşağıdır, korrupsiya halları, ifrat milliyyətçilik mövcuddur ki, bu da region dövlətlərinin Avropa İttifaqına üzvlüyü qarşısında duran əsas maneələrdir”.
Regiondakı dövlətlərin bir-birləri ilə sərhəd problemlərinin olduğunu diqqətə çatdıran İ.Yosipoviç Balkan ölkələrində güclü milliyyətçiliyin hakim olduğunu vurğuladı: "Bu isə bizim inkişafımız üçün mənfi haldır”.

Bolqarıstan və Xorvatiyanın hazırda təhlükəli sınaqlardan keçirdiyini söyləyən Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bildirib ki, sabitlik olmadığı təqdirdə Balkan dövlətlərinin Avropa İttifaqına inteqrasiyası çətin olacaq. Keçmiş prezident qeyd edib ki, 2025-ci ilə kimi bütün Balkan ölkələrinin Avropa İttifaqına üzv olmaq şansları var.
 

Qeyd edək ki, VI Qlobal Bakı Forumunda iştirak edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi, Türkiyədən olan deputat Əkmələddin Ehsanoğlu qəfildən çıxışını dayandırdı və özünü pis hiss etdiyinə görə nitqini davam etdirə bilməyəcəyini dedi. Əməkdaşların köməyi ilə iclas zalını tərk etdi. Daha sonra Baş katibi müayinə etmək üçün həkim briqadası çağırıldı. Müayinələr başa çatandan sonra həkim "Yeni Müsavat”a xəstə barədə açıqlamasında dedi ki, səbəb şəkər, təzyiq və anomaniyadır. Tədbirin növbəti hissəsində məlum oldu ki, baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya açıqlamasında deyib ki, E.İhsanoğlu infarkt keçirib: "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün (dünən-red.) isə infarkt keçirib. Anında müdaxilə  etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.
 


Günün sonunda "Yeni Müsavat” bununla bağlı aldığı məlumata görə, Forumda qəfildən halı pisləşən türkiyəli deputatın müalicəsi prezident İlham Əliyev tərəfindən şəxsən nəzarətə götürülüb. Musavat.com bununla bağlı mötəbər mənbələrdən məlumat alıb. Ölkə rəhbərinin müvafiq göstərişlərindən sonra Baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və operativ müayinələrdən sonra tıxanmış damar açılıb, stend qoyulub. Odur ki, türkiyəli deputatın durumunun daha da kritikləşməsinin qarşısı alınıb.
Musavat.com-a o da bəlli olub ki, deputatın həyat  yoldaşı da onunla birlikdə Bakıda olub. Həyat yoldaşı dövlətimizin başçısının həssas yanaşmasına və həkimlərin peşəkaralığına görə Forumun təşkilatçılarına minnətdarlıq edib. Deputatın həyat yoldaşı Azərbaycan səhiyyəsinə yüksək etimadını da ifadə edib.

              ***
"Çinin xarici siyasətini necə başa düşmək olar” adlı panel panel ABŞ-ın Paulson İnstitutunun vitse-sədri, ABŞ dövlət katibinin Cənubi Asiya və Mərkəzi Asiya regionları üzrə köməkçilərinin keçmiş müavini Evan Faygenbaumun moderatorluğu ilə baş tutub. (APA) O bildirib ki, qlobal iqtisadi qüvvə kimi Çin güc balansına geniş şəkildə təsir edir.
 

Makedoniya prezidenti Georgi İvanov deyib ki, XXI əsrin əsas mövzuları Çinə aid olacaq: "Bununla bağlı əks arqumentlər də var. Məşhur mütəxəssislərdən biri haqlı olaraq deyir ki, Çin bir ölkədən daha çox qitəyə bənzəyir. Bu da Çinin iqtisadi uğurlarının məğzini təşkil edir. Çinin qarşısında bir neçə maneə var. Bunlardan biri Çinin yerləşdiyi coğrafi ərazidir. Digər tərəfdən, Çinin iqtisadiyyatı böyük miqyasda dəniz yollarından asılıdır. Bu yollar isə ABŞ silahlı qüvvələrinin nəzarəti altındadır”.


Çinin Avropa ilə bağlı təşəbbüslərini təqdir edən Makedoniya prezidentinin sözlərinə görə, Çin artıq ABŞ-ı elmi müstəvidə üstələyib: "Çinin patentlərinin sayı ABŞ-da qeydə alınan patentlərin sayından çoxdur. Eyni zamanda, Çin 2022-ci ilə qədər 166 peyk vasitəsilə şəbəkə yaratmaq niyyətindədir. Bundan başqa, 100 mindən çox çinli tələbə dünya universitetlərində təhsil alır. Bu tələbələr Çinə qayıtdıqdan sonra öyrəndiklərini Çinin inkişafına yönəldirlər. Əlbəttə, bütün bunlar Çinin qlobal iqtisadi gücə çevrilməsinə xidmət edir”.
Serbiyanın sabiq prezidenti Boris Tadiç bildirib ki, ABŞ Çinin strateji tərəfdaşıdır.
Çinin öz silahlı qüvvələrinə böyük vəsait ayırdığını söyləyən sabiq prezidentin sözlərinə görə, Çinin Asiyada əsas rəqibi Yaponiyadır.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan qeyd edib ki, Çin üçün başqa ölkələrlə mövcud münasibətlər çox önəmlidir: "Digər tərəfdən, Çin öz prinsiplərini əsas götürərək praktikada tətbiq edəcək. Çin ilk olaraq, sülh şəraitində yaşamaq prinsipini rəhbər tutur. Bununla da, Çin öz qonşuları ilə əlaqələri daha da genişləndirmək niyyətini güdür. Bütün dinlərin və sivilizasiyaların bərabər tutulması da Çin üçün prioritetdir. Biz insanların seçimlərinə hörmətlə yanaşmalıyıq. Onu da xüsusi vurğulayım ki, Çin öz ideologiyasını xarici ölkələrə ixrac etmir və başqa dövlətlərin daxili işlərinə qarışmır”.
 

Qərb demokratiyasının Çinə ixracını mümkün hesab etməyən Macarıstanın keçmiş baş naziri Peter Medeşi Çinin öz yolu ilə hərəkət etdiyini, bu yolun ənənələrə adekvat olduğunu vurğulayıb: "Çin dünyada ikinci güc kimi yer tutmaqdadır. Çində dəyişikliklər çox aramla baş verir. Bu gün Çinin çox güclü rəhbəri var və onun gələcəyə baxışı aydındır. Çin növbəti illər ərzində daha fəal olacaq. Çox güman ki, Çin suverenliyini mühafizə edib saxlayacaq, eyni zamanda çox sərt xarici siyasət yürüdəcək. Onu da unutmaq olmaz ki, Çinin hərbi xərcləri gündən-günə artır”.
Nepalın sabiq baş naziri Madhav Kumar Çini ölkəsinin uğurlu tərəfdaşı adlandırıb.
Panel müzakirələrlə başa çatıb.
 



 

OXŞAR XƏBƏRLƏR