"Azercell"-də qalmaqal

 
"Azercell” əməkdaşı tərəfindən mətbuata müraciət olunub. 

Oxuculara xatırladaq ki, bu yazının dərcindən əvvəl biz redaksiyamıza verilən məlumatları araşdırmağa və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Qeyd edək ki, aşağıdakı məlumatda ad və soyadları, eləcə də şöbə adlarını dəyişdirmişik. Lakin oktyabrın 6-da "Azercell” şirkətinin mətbuat xidmətinə göndərdiyimiz elektron məktubda dəqiqliyi ilə bütün şəxslərin kimliyi və adları qeyd olunub. Əlbəttə ki, sözügedən məsələnin ailə-məişət mövzusundan yarandığını anlayırıq, lakin özünü "Azercell” ailəsindən hesab edən vətəndaşların narahatlığını da nəzərə alaraq, bu məlumatı araşdırmağı və ictimailəşdirməyi lazım bildik.

Verilən məlumatda bildirilir: "E. Məmmədov (ad-soyad şərtidir) adlı şəxs uzun müddətdir "Azercell”də şöbələrin birində işləyir. Hazırda da öz fəaliyyətini davam etdirir. Bu ilin avqust ayında o ailəvi dostu olan və uzun illər "Azercell”in şöbələrin birində çiyin-çiyinə çalışdığı N.Atayevin (ad-soyad şərtidir) həyat yoldaşına axşam radələrində SMS yollayaraq nalayiq təkliflər edib. N.Atayevin həyat yoldaşı E.Məmmədov tərəfindən ona yazılan SMS-i N.Atayevə göstərib və bundan sonra N.Atayev bu məsələni E.Məmmədovdan aydınlaşdırmaq üçün görüşüb və xoşagəlməz hərəkətə aydınlıq gətirməyi tələb edib. E.Məmmədov SMS-i yazarkən içkili vəziyyətdə olduğunu N.Atayevə bildirib. Və yerindəcə layiqli cavabını alaraq, hadisə yerindən qaçıb.

E.Məmmədov hadisənin növbəti günü "Azercell”in rəhbərliyinin adına ərizə yazaraq öz xahişi ilə işdən azad olunmağını istəyib. E.Məmmədov olanları dərk edərək rüsvayçılıqdan qurtulmaq üçün və həmin şirkətdə demək olar ki, hamının bu hadisədən xəbəri olduğuna görə, rəhbərliyə birinci ərizəni yazıb və dərhal "Azercell” şirkətinin rəhbərliyi onun vəzifədən azad olunmasına razılıq verib. Lakin "Azercell”in şöbə müdürlərindən biri F.Babaşovun (ad-soyad şərtidir) təkidi ilə, E.Məmmədov hüquqşunaslarla məsləhətləşəndən sonra, yenidən rəhbərliyə ərizə yazaraq, birinci ərizəni təzyiq altında yazdığını bildirib, hətta birinci ərizəni etibarsız sayılmasını xahiş edib. Beləliklə, F.Babaşov öz yaxın dostu E.Məmmədovu "Azercell”dən xaric olunmasına mane olub, rəhbərliyə təsir göstərərək, bu şəxsi müdafiə edib. İkinci ərizədən sonra, F.Babaşov dostu E.Məmmədovu bölgələrdən birinə ezam edib ki, onu çalışdığı şöbədə saxlasın və ara sakitləşəndən sonra yenidən Bakıya qaytara bilsin. Bizdə olan məlumata görə bu hadisəni eşidən "Azercell”in bir neçə əməkdaşları "Azercell” rəhbərliyinə bu hadisəyə həssas yanaşmasını xahiş ediblər və "Azercell” ailəsində ilk dəfə belə bir hal olduğuna görə, adı çəkilən əməkdaşlar bundan sonra E.Məmmədovla birgə çalışmaq istəmədiklərini öz müraciətlərində bildiriblər.
"Yox” cavabıyla tanış olan "Azercell”in bir neçə əməkdaşları ikinci dəfə təkrarən Azercell rəhbərliyinə müraciət edərək bildiriblər ki, "heç olmasa E.Məmmədov başqa şöbəyə keçirilsin, biz əməkdaşlar onunla ünsiyyətdə olmayaq”. Lakin yenə də, çox müəmmalı şəkildə, daha doğrusu, F.Babaşovun müdaxiləsindən sonra "Azercell”in rəhbərliyi E.Məmmədovu çalışdığı şöbədə saxlamağa qərar verib. Və bu qərardan narazı olan əməkdaşlara xəbərdarlıq edilib ki, E.Məmmədovun çalışdığı şöbədə qalması ilə barışmalısınız. Lakin, "Azercell”dən aldıqları cavab narazı qalanları qane etmədiyi üçün, onlar məcburiyyət qarşısında qalaraq bu hadisənin ictimailəşməsinə razılıq veriblər”.

Oktyabrın 7-də "Azercell”dən sorğumuza aldığımız cavabda bildirilir: ""Azercell Telekom” MMC işçilərin şəxsi həyatına aid və iş vaxtından kənar baş vermiş hadisələrə dair şirkət adından rəsmi açıqlama verilməsini qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının asağıdakı maddələri vətəndaşların şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. Müvafiq olaraq, KİV haqqında qanunun asağıdakı 8-ci maddəsi şəxslərin şəxsi və ailə həyatı ilə bağlı məlumatların yayımını nəzərdə tutmur. Tam tərsinə, qanunun 10-cu maddəsində belə hallar jurnalistlərin sui-istifadəsi hesab edilir və 44-cü, 60-cı maddələrdə bu kimi pozuntu ilə bağlı əks tədbirlər və məsuliyyət müəyyən edillib. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq, vətəndaşların şəxsi həyatı ilə bağlı məsələlərin ictimailəşdirilməsindən imtina etməyinizi təklif edir, Azercell işçilərinin şəxsi həyatında baş verənlərin şirkət rəsmiləri tərəfindən şərh olunmasına ehtiyac görmürük”. Həmin məktuba Azərbaycan Konstitusiyasının və "KİV haqqında” Qanunun bir neçə maddəsi də əlavə olunub.

"Azercell” rəhbərliyinin və oxucuların da diqqətinə çatdırırıq ki, biz insanların şəxsi həyatına müdaxilə etmirik və şərti olaraq E.Məmmədov kimi qeyd etdiyimiz şəxsin də münasibətini öyrənmişik. "Yalandır, böhtandır, belə şey olmayıb”, – deyə E.Məmmədov bildirib. "Yaxşı, bəs sizinlə bağlı niyə belə ittihamlar səsləndirilsin ki?” – deyə maraqlandıq. "Bilmirəm. Yəqin, kimlərinsə mənimlə qərəzi var”, – deyə həmsöhbətimiz sualımızı cavablandırdı.

Əlavə edək ki, oktyabrın 7-də "Azercell”ə daha bir sorğu göndərmişdik (şirkətin birinci cavabından sonra). Lakin hələ də aşağıdakı sorğumuza cavab ala bilməmişik: "Çox sağolun, təklifinizi dəyərləndirərik, lakin bizdə sual doğuran məqam odur ki, əməkdaşların "Azercell” rəhbərliyinə E.Məmmədovla bağlı müraciəti olubmu, bu müraciətin mahiyyəti və ona verilən cavab nədən ibarətdir.
Əlbəttə, biz heç kimin ailə-məişət problemlərini "qurdalamırıq”, şəxsi həyatına müdaxilə etmirik. Lakin bu məsələylə bağlı şirkət rəhbərliyinə həqiqətən də müraciət olunub-olunmadığı barədə rəsmi münasibətinizi bildirməyi xahiş edirik”.
Təəssüflər olsun ki, ikinci sorğumuzdan yazının dərcinə qədər keçən 6 gün ərzində "Azercell”dən bizə cavab verən olmadı. /365info.az


Share Button

DİGƏR XƏBƏRLƏR