Azərbaycanda evlər niyə siğortalanmır? - Cəza tədbirləri başlana bilər

Azərbaycanda evlər niyə siğortalanmır? - Cəza tədbirləri başlana bilər
Azərbaycanda əmlakın icbari sığortasından istifadə etməyənlərə qarşı cəza tədbirləri başlana bilər.
 
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəylinin sözlərinə görə, hazırda sığorta bazarı ilə bağlı müzakirə olunan məsələlərdən biri mənzillərin və yaşayış evlərinin icbari sığortası mexanizminin işlək vəziyyətə gətirilməsidir. 
 
Mövcud olan qanunvericilik məcburi olaraq hər kəsə şamil edilərsə, biz bunun hansı faydalarını görə biləcəyik? Həmçinin, qanunvericiliyin işlək hala gətirilməsinin daşınmaz əmlak bazarına təsiri də düşündürücü suallardan biridir.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"İcbari sığorta haqqında qanun qəbul ediləndən yalnız avtomobillərin deyil, eləcə də evlərin məcburi sığortası nəzərdə tutulmuşdur. Lakin təəssüflər olsun ki, hələ də icbari sığortanın daşınmaz əmlaka tətbiqi mexanizmi hazır deyil.  Bilinmir ki, hansı qurum bu məsələ ilə əlaqədar olaraq məsuliyyət daşıyır. Daşınmaz əmakın icbari sığortası məsələsinin bələdiyyələrə tapşırılması ilə bağlı təklif də vermişdim. Çünki bələdiyyələr onsuz da ciddi bir işlə məşğul deyillər. Bu cür olsaydı, bələdiyyələrin də büdcəsinə müəyyən qədər mənfəət gələrdi”. 

X.Məmmədxanlıın sözlərinə görə, bu gün hüquqi şəxslərin əmlaklarının məcburi sığortasına nəzarət olduğu üçün bu sahədə gəlirlərin böyük əksəriyyəti də məhz onlardan yığılır:

"Eyni qanun fiziki şəxslərə məxsus evlərə aid edilsə də, bu gün belə mənzillərin çox az hallarda sığortalandığını görə bilərik. Çünki onların üzərində heç bir nəzarət həyata keçirilmir. Ya vətəndaşlar bu qanunun mövcudluğundan xəbərsizdirlər, ya da nəzarət olmadığı üçün mənzillərini sığortalamırlar”. 

Digər ölkələrdə sığortaya müdafiə, bonus kimi baxıldığını deyən ekspert bildirir ki, ölkəmizdə sığortaya daha çox əlavə xərc kimi baxılır.
Ekspertin sözlərinə görə, bu qanunun tətbiq olunması sığorta bazarına müsbət təsirini göstərəcək.
 
Bəs məcburi nəzarət həyata keçirilərsə, daşınmaz əmlak bazarında bahalaşma ola bilərmi?

"Məcburi mexanizm tətbiq olunarsa, sığorta bazarında kifayət qədər canlanma yaranacaq. Daşınmaz əmlak bazarındakı qiymətlərə gəldikdə isə, düşünmürəm ki, birbaşa olaraq bu bazarda bahalaşamaya təsir edəcək. Lakin ailələrin büdcələrinə az da olsa, təsirini göstərəcək. Düzdür sığorta qiyməti bir o qədər də yüksək deyil. Bakıda bu qiymət illik olaraq 50, digər iri şəhərlərdə 40, kiçik rayon və şəhərlərdə isə 30 manatdır. Bu məbləğ xüsusən də aztəminatlı ailələr üçün az xərc hesab edilə bilməz. İcbari sığorta ilə bağlı qanunvericilikdə həmin aztəminatlı ailələrə hər hansı güzəştlər nəzərdə tutulmayıb. Bu səbəbdən bütün aztəminatlı ailələr də bu məbləği ödəmək məcburiyyətində qalacaqlar”. 

Ekspertin sözlərinə görə, avtomobillərlə müqayisədə əmlak riskləri daha azlıq təşkil edir.
 
"İcbari sığorta ilə vətəndaş hansı hallarda daşınmaz əmlakını sığortalaya bilər?" sualına ekspert belə cavab verdi: 
 
"Bir çox rayonlar var ki, hər il daşqınlardan, zəlzələlərdən, sürüşmələrdən, sel sularından əziyyət çəkir. Bundan başqa yanğınlarla bağlı risklərdən qorunmaq üçün sığortaya ehtiyac var. Lakin bu o demək deyil ki, əmlak sığortalanırsa, mütləq bu cür şirkətlərdən pul alınmalıdır. Sığorta müdafiə vasitəsidir. İnkişaf etmiş ölkələrdə yaşayanlar da sığorta xərci ödəsə də, arzu edirlər ki, sığortaya ehtiyacları olmasın”.

Yanğın ildırım düşməsi, məişətdə qaz patlayışı, qısa qapanma, su-istilik, kanalizasiya sistemlərində baş verən qəza, qonşu tikililərdən evə suyun arxması, avomobilin evə çırpılması, təbii fəlkətlər də sığorta hadisə hesab olunur. 

Ekspertin sözlərinə görə, elə bir mexanizm hazırlanmalıdır ki, vətəndaşlar tərəfindən də razılıqla qarşılansın və insanlar şüurlu şəkildə sığortanı ödəsinlər. Qəsdən edilən hərəkətlər, istehsal alovu, əmlakın oğurlanması və qurunt sularının vurduğu zərər sığorta hadisəsi hesab edilmir. 
X.Məmmədxanlı bildirir ki, hər hansı sənədi olan evlər sığortalan bilər. 

Hazırda ölkəmizdə əhali daha çox nəyi sığortalayır?

"Hazırda Azərbaycanda insanlar daha çox avtomobillərin icbari sığortasından istifadə edir. Çünki bu sığorta növü məcburidir. Ən çox istifadə edilən sığorta növü kimi ikinci yerdə tibbi sığortadır. Əmlak sığortası isə son sıralarda qərarlaşıb. Hüquqi şəxslərlə müqayisədə fiziki şəxslərdən əldə olunan sığorta qazancları daha azdır. Şəxsin yolu notoriusa düşmürsə, o demək olar ki, sığorta ödəmir”.

Qeyd edək ki, 2017-ci ildə könüllü sığortalardan əldə olunan rəqəm 37 milyon, sığortalardan ümumi yığımlar isə 556 milyon manat olub. Əmlakın icbari sığortasından əldə olunan vəsait 27 milyon manat olub:
 
"Əminliklə demək olar ki, bu vəsaiti ödəyənlərin 90 faizi elə hüquqi şəxslərdir. Burada fiziki şəxslərin payı 3-4 milyondan artıq ola bilməz. Əlbəttə burada söhbət yalnız mənzillərdən deyil, həmçninin zavod, fabrik, hotellerdən gedir”. 


Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR