Azərbaycanda ərzaq məhsulları niyə bahadır? – EKSPERT RƏYİ

Azərbaycanda ərzaq məhsulları niyə bahadır? – EKSPERT RƏYİ
 

"Daxildə məhsul qıtlığı və idxal monopoliyasının mövcudluğu ölkəmizdə ərzaq məhsullarının qiymətinin bahalaşmasına gətirib çıxarıb”

 

 

Sfera.az-a açıqlamasında bunu Azərbaycanda ərzaq məhsulları və meyvələrin qiymətinin yüksək olmasına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:


"Azərbaycanda yerli ərzaq məhsulları üzrə istehsal çox aşağı səviyyədədir. Yəni yerli istehsal daxili tələbatı ödəmək gücündə deyil. Az sayda kənd təsərrüfatı məhsulları yerli tələbatın cəmi 50 faizinə qədərini ödəyə bilir. Ona görə də ərzaq məhsullarına olan tələbatı ödəmək üçün yerdə qalan hissəsni xaricdən idxal etməli oluruq. Xaricdən idxal isə öz növbəsində baha başa gəlir. Xaricdə həmin məhsulun qiyməti nə qədər ucuz olsa da, ölkəyə gətirilmə və kömrük xərcləri onun baha başa gəlməsinə səbəb olur. Üstəlik heç kimə sirr deyil ki, ölkəmizdə idxal prosesi də monopoliyadadır. Yəni iki amil Azərbaycanda ərzaq məhsulları və meyvələrin qiymətinin baha olmasına gətirib çıxarıb. Birinci, daxili istehsal aşağı səviyyədədir. İkinci bir tərəfdən isə, xaricdən cəlb edilən idxal da inhisardadır. Beynəlxalq standartlarla müqayisə etsək, Azərbaycan vətəndaşı ölkə daxilində normativ qida məhsullarını tapa bilmir. İstehlakımız da çox aşağıdır. Məsələn, normal qaydada hər bir insan il ərzində 78-80 kq ət yeməli olduğu halda, Azərbaycan vətəndaşı cəmi 40-45 kq-yə qədər ət yeyə bilir. Yəni qıtlığın olması da ərzaq məhsulları və meyvələrin qiymətinin yüksək olmasına rəvac verib”.


 

Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, ölkədə əksər ərzaq məhsullarının qiyməti olduqca baha başa gəlir. Soğanın son zamanlar qiyməti qalxaraq 1,3 manata çatıb. Bu proses özünü kartof və bananın da qiymətində göstərir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR