Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi nədir?- Siyasi şərhçi İlqar Verdizadənin şərhi

Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi nədir?- Siyasi şərhçi İlqar Verdizadənin  şərhi
Xocalı hadisələri zamanı azərbaycanlılara qarşı edilən vəhşilikdə iştirak etmiş Mixeil Avakyana Gürcüstanda abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərində ciddi ziddiyyətə səbəb olub. Hadisədən dərhal sonra Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri izahat verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, SOCAR isə Gürcüstana satdığı qazın qiymətini qaldırıb.

Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış qəfil soyuqluğu siyasi şərhçi İlqar Verdizadə ilə müzakirə edirik. Politoloq yaranmış anlaşılmazlığın təsadüfi olmadığını, müəyyən güclərin Ermənistana yardım etmək üçün Gürcüstana göstəriş verdiklərini düşünür:

"Tarixən Azərbaycan-Gürcüstan münasibətləri əsasən iki istiqamət üzrə inkişaf edib: beynəlxalq layihələr və ikitərəfli münasibətlər. Beynəlxalq öhdəliklər bölgə ölkələri, Türkiyə, digər xarici dövlətlər qarşısında götürülmüş məsuliyyətdir. Bunlara toxunmaq ümumiyyətlə mümkün deyil. İkitərəfli münasibətlərə gəlincə isə, bəli, etiraf etməliyik ki, müəyyən anlaşılmazlıqlar yaranıb. 

Qeyd edim ki, Şevarnadze və Saakaşvili zamanında hər iki müstəvidə -  beynəlxalq və qonşuluq siyasəti - paralel olaraq inkişaf edib. Misal üçün Saakaşvilinin zamanında Novruz bayramı azərbaycanlıların rəsmi bayramı kimi Gürcüstan qanunvericiliyinə salınıb. Biz də öz növbəmizdə Gürcüstana güzəştlər etmişik. Görünür son illər müəyyən qüvvələr iki qonşu ölkə arasında olan münasibətləri yenidən nəzərdən keçirmək qərarına gəliblər. İlk addım kimi İvanaşvilinin qaz kəmərlərinə ekoloji ekspertiza aparmaq istəməsini, "Qazprom”la yenidən münasibətlər qurmağa cəhd etməsini göstərə bilərik. Ermənistan-Gürcüstan münasibətləri hər zaman ziddiyyətli olub. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra Gürcüstan Qafqazda demokratik mühit yaratmaq üçün Ermənistanla müəyyən pərdəarxası əməkdaşlığa başlayıb. Bu güzəştlərin səviyyəsi o yerə gəlib çatıb ki, ermənilərin qəhrəman hesab etdikləri şəxslərə Gürcüstanda abidələr qoyulur. Son aylarda Ermənistan və Gürcüstan xüsusi xidmət orqanlarının görüşünü də qeyd etməliyik. Xülasə olaraq, kiminsə xaricdən Gürcüstana tapşırıq verdiyini, ermənilərlə yaxınlaşmaq lazım olduğunu və orada gedən siyasi proseslərə dəstək verilməsinin vacibliyini çatdırdığını düşünürəm”.


Politoloq Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diasporasının fəaliyyətinə də toxunub, qurumu sərt tənqid edib: "Niyə bizim orada olan diaspora susur, Azərbaycan qəhrəmanlarının tanıdılmasını həyata keçirmir? Təəssüf ki, orada işləyən diaspora həddindən artıq passiv, Gürcüstan iqtidarının göstərişləri ilə oturub-duran, öz mövqeyini açıq ortalığa qoymağı bacarmayan diasporadır. Unutmaq lazım deyil ki, ermənilərin "qəhrəmanları"na abidəni Ermənistan hökuməti yox, Gürcüstanda fəaliyyət göstərən erməni diasporası qoyub”.Faktxeber

OXŞAR XƏBƏRLƏR