Aqrar sığortanın tətbiqi üçün Türkiyə modelindən yararlanmalıyıq – EKSPERT RƏYİ

Aqrar sığortanın tətbiqi üçün Türkiyə modelindən yararlanmalıyıq – EKSPERT RƏYİ
 

"Bu istiqamətdə nə qanunverici baza var, nə də mexanizm təsdiq olunub”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda aqrar sığorta sisteminin hələ də tətbiq olunmamasına münasibət bildirərkən kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.

 

Onun sözlərinə görə, maarifləndirmə işinin zəif aparılması da prosesin yerində saymasına gətirib çıxarıb: "Fermerlərin aqrar sığortaya cəlb olunmamasının başlıca səbəblərindən biri bu istiqamətdə maarifləndirmə işlərinin zəif olmasıdır. Hətta ölkəmizdə aqrar sığortanın mexanizmi, sistemi belə təqdim olunmayıb. Bu məsələnin müzakirəsinə ancaq yenicə başlanılıb. Məsələ ilə bağlı qanunverici baza yoxdur. Həmçinin, ölkədə aqrar sığorta bazarının iştirakçıları müəyyən olunmayıb. Söhbət burada şirkətlərədn gedirsə, ölkədə olan 18 sığorta şirkətindən cəmi 4-ü aqrar sahədə sığorta verməyə meyllidir. Sığorta yığımları Azərbaycanda cəmi 1 faiz həddindədir”.


Həmsöhbətimiz düşünür ki, aqrar sığorta prosesinin həyata keçməsi üçün mexanizm işlənib hazırlanmalıdır. Bu zaman da o Türkiyə təcrübəsindən faydalanmağı daha məqbul hesab etdi: "Bu istiqamətdə Türkiyədə işlək olan modeldən ölkəmiz də yararlana bilər. Türkiyədə aqrar sığorta da ona əsaslanır. Qardaş ölkədə bu istiqamətdə fond yaradılıb. Burada aqrar bazarın iştirakçıları var. Sığorta hadisəsi baş verəndə onu ekspertlər şurası qiymətləndirir, Kənd Təsərrüfatı ilə Maliyyə nazirlikləri isə zamin duraraq həmin vəsaiti fermerə ödəyirlər.

 

Azərbaycanda isə indilikdə ancaq həmin istiqamətdə qanunun müzakirəsi gedir. Sözün açığı, aqrar sığortanın tətbiqi üzrə mexanizmlər də yəqin ki, onun əsasında formalaşacaq. Yazıq fermer nə etsin ki,kim ona aqrar sığortaya cəlb olunmağı təklif etdi, o da təklifi qəbul etmədi. Hələlik isə bu istiqamətdə nə qanunverici baza var, nə də mexanizm təsdiq olunmayıb. Ona görə düşünürəm ki, aqrar sığortanın tətbiqi üçün qardaş ölkənin təcrübəsinə istinad edə bilərik. Bunun üçün aqrar sahədə dəyən ziyanı araşdırmaq üçün Sığorta Fondu yaradılmalıdır. Aqrar sığortanın tətbiq edildiyi ölkələrdə ilk növbədə risqlər təhlil olunur. Yəni hansı risq aqrar sığorta predmeti ola bilər. Azərbaycanda da son zamanlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vacib sənəd olan risq proqramı hazırlanıb. Burada risqlərin xəritəsi verilir”.


Qeyd edək ki, hələ də Azərbaycanda aqrar sığorta məsələsi öz həllini tapmayb. Fermerlər əkin sahələrinin yanması, məhsullarının tələf olması kimi hadisələrlə dəfələrlə üzləşsə də nədənsə aqrar sığortaya cəlb olunmaqdan yayınırlar.

Elçin


OXŞAR XƏBƏRLƏR